Turist bazarının bərpası ölkəmizdə də hiss olunur-Ekspert

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 1 723,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.                                                                                                               
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.                                                                                      
Gələnlərin 30,7 %-i Rusiya, 17,9 %-i Türkiyə, 7,7 %-i İran, 5,1 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, 1,9 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,6 %-i İsrail, hər birindən 1,5 % olmaqla Ukrayna və Küveyt, 1,4 %-i Belarus, hər birindən 1,2 % olmaqla Türkmənistan və Çin, 1,1 %-i Böyük Britaniya, 11,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 %, Kanadadan - 42,7 %, ABŞ-dan - 39,4 %, Gürcüstandan - 30,5 %, Niderlanddan - 29,4 %, Küveytdən - 27,3 %, İsraildən - 27,2 %, Fransadan - 26,9 %, Böyük Britaniyadan - 25,7 %, Almaniyadan - 22 %, Türkiyədən - 20,3 %, Ukraynadan - 11,1 %, BƏƏ-dən isə 10 % artıb.                                                                                                                           
 Bundan başqa, son 1 ildə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 faizi hava, 26,6 faizidəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məsələyə münasibət bildirən turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, bu gözlənilən bir vəziyyət idi :


"Çünki  dünyada pandemiyadan sonra  vətəndaşlar səyahət ehtiyyacını ödəmək üçün bir çox səfərlər edirlər. Bir çox qapalı bazarlar var ki, onlar açılıb və turistləri qəbul edir. Ərəb ölkələrindən isə gələn turistlərin sayında azalma var. Bunun əsas səbəbi əvvəllər avropa bazarı daha qapalı olduğu halda ilin əvvəlindən avropa ölkələri, Amerika, Sakit okean,Şərq ölkələrindəki qapanmaların təmamilə aradan qaldırılmasıdır. Avropanın qapalı olduğu vaxtlarda da Ərəb ölkələri həmin ölkələrə getmək əvəzinə alternativ kimi Azərbaycan və digər Qafqaz ölkələrinə üz tuturdular. Bu mənada dünyada bu ilin sonuna qədər sabit şərtlərdə turist səfərlərinin pandemiyadan sonra təxminən 80-90 faizi bərpa olacağı gözlənilir. Bazarın tədricən bərpa olunması ölkəmizdə də hiss olunur. Baxmayaraq ki, Azərbaycanda quru sərhədlər hələdə bağlıdır, ancaq ümumi uçuş edənlərin sayında artım var. Bunun hesabına da xüsusən MDB ölkələrindən,Hindistan və Çindən Azərbaycana müəyyən turist qrupları gəlməkdədir. Ümid edirik ki, turistlərin sayı daha da artacaq".