"Dünən 600 manatlıq iş elanı vermişəm. Açığı elanı yazanda tərəddüd edirdim ki, əmək haqqı kifayət qədər olmaz. Amma baxıram ki, dünəndən bu yana bəlkə 200-dən çox CV gəlib. Hamısı da parlaq gənclərdir. Azərbaycanda sahibkarlar o qədər işçiləri sömürüb, yükləyib ki, qanunvericiliyin tələbi ilə olan, xarici dil biliyi tələb etməyən elan görəndə insanlar axın edir. Halbuki bu adi iş elanıdır. Belə olmalıdır. Mənim kimi sahibkarlar böyüsə, dilinə, vətəndaşına hörmət qoyan sahibkarlar artsa bu problemi həll edə bilərik. İş şəraitində özümüzə və dilimizə hörmət etməliyik. Qanunvericiliyin tələblərinə əməl etməliyik. Çox təəssüf ki, mən 1 nəfər axtarıram və 200-dən çox insana yox deməli olacam".
Bu fikirləri texnobloqçu Fərid Pərdəşünas öz feysbuk hesabında paylaşıb.
Məsələ ilə bağlı “Sherg.az” a danışan sosioloq Lalə Mehralı bildirib ki, İş elanlarında xarici dil biliyinin tələb olunması üçün tutarlı bir səbəb olmalıdır :
"Misal olaraq xidmət,bank sektorunda buna ehtiyac var. Çünki burada xarici vətandaşlarla ünsiyyət mütləqdir. Bu cür vəziyyətlərdə işə götürəni sorğulmaq düzgün deyil. Ancaq bəzən ən sadə işlərə görə xarici dil biliyi tələb olunur. Belə olduğu halda narazı olmaqda vətəndaşlar haqlıdır. Ümumillikdə uşaqların ana dilimizlə birlikdə xarici dili təmiz bilməsi lazımdır ki,gələcəkdə bu cür problemlərlə qarşılaşmasınlar. Qəbul etməliyik ki, işə qəbul zamanı xarici dil bilənlərə üstünlük verilir".