Gender əsaslı zorakılıq dünyada qlobal səviyyədə aktuallığını saxlayan sosial problemlərdən biridir. Təsadüfi deyil ki, artıq neçə ildir ki, hər il 25 noyabr-10 dekabr tarixlərində ölkəmizdə gender əsaslı zorakılığa qarşı 16 günlük Fəallıq Kampaniyası keçirilir. Gender əsaslı zorakılıq ictimai həyatın hər bir sahəsində rast gəlinsə də, onun ailə daxilində baş verən formaları fəsadlarına görə xüsusilə seçilir. Ailə zorakılığına cəmiyyətin necə yanaşması bu sosial problemlə mübarizədə vacib rol oynayır.
Sosial Tədqiqatlar Mərkəzindən (STM) "Sherg.az"a verilən məlumata görə, ölkə əhalisinin ailədə zorakılıq fenomeninə ümumi münasibətini öyrənmək məqsədilə həyata keçirilən telefon sorğusunda respondentlərə iki mühakimə təqdim edilib, onlardan yalnız birini seçmək təklif olunmuşdu. Bu mühakimələr “Ailə münasibətlərində heç bir halda zorakılıq/şiddət tətbiq etmək olmaz” və “Ailədə bəzi hallarda zorakılığın tətbiqi qaçılmazdır” kimi səsləndirilmişdir. Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Rəyi soruşulanların 77,1%-i ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmədiyi halda, 21,9%-i bəzi hallarda bunun qaçılmaz olduğunu düşünür. 1.0%-i isə sualı cavablandırmaqda çətinlik çəkir. Cavabların demoqrafik göstəricilərə görə bölgüsü maraqlı tendensiyaları üzə çıxarır.
Genderə görə bölgüyə əsasən, ailədə bəzi hallarda zorakılığın tətbiqini qaçılmaz hesab edənlər arasında kişilər qadınlardan təqribən iki dəfə çoxdur. Onların 30,2%-i bu cavabı seçdiyi halda, qadınlar arasında analoji göstərici 14,6%-dir. Heç bir halda qəbul etməyənlər isə kişi respondentlərin 67,6%-i, qadın respondentlərin 85,4%-dir.
Qeyd edək ki, ailə vəziyyətinə görə boşanmış kateqoriyasına aid olan respondentlər arasında müəyyən hallarda ailədə zorakılığı məqbul hesab edənlərin faiz göstəricisi digər qruplara nisbətən yüksəkdir (42,9%). Bu fikirlə ən az razılaşanlar isə dul respondentlər arasındadır (14,3%) və məhz bu qrupda heç bir halda ailədə zorakılığı məqbul hesab etməyənlər ən çox faiz göstəricisinə malikdir (85,7%). Ailədə zorakılığın yolverilməzliyi fikri ilə az razılaşma faizi isə boşanmış respondent qrupundadır.
Yaşayış yerinə görə bölgüdən aydın olur ki, bəzi stereotiplərə baxmayaraq, kənd və şəhər tipli yaşayış yerlərindən olan respondentlərin ailədə zorakılığa münasibəti demək olar ki, oxşardır. Kənd yerlərindən olan respondentlərin 78,6%-i ailədə heç bir halda zorakılığı tətbiq etməyi yolverilməz hesab edərkən, şəhər yerlərində bu göstərici 78,1%-dir. Zidd fikirlə isə, yəni bəzi hallarda zoraklığın yolverilən olması ilə kənd yerlərində 18,3%, şəhər yerlərində isə 21,9% razılaşıb. Kənd tipli yaşayış yerlərindən olan respondentlərin 3,2%-i cavab verməkdə çətinlik çəkib. Diqqət çəkən məqam odur ki, suala məhz qəsəbə tipli yaşayış yerindən olan respondentlərin cavabları digərlərindən əhəmiyyətli dərəcədə seçilir. Belə ki, onların 66,7%-i ailədə zorakılığı yolverilməz hesab etdiyini bildirdiyi halda, 33,3%-i zorakılığı bəzi hallarda qaçılmaz hesab edir.
Yaşa görə bölgüdə məişət zoraklılığına ən dözümsüz münasibət yaşı 65-dən yuxarı olan respondentlərə aiddir. Onların 96,2%-i heç bir halda zorakılığın yolverilən olmadığını qeyd edib. Bu yaş kateqoriyasında respondentlərin heç biri ikinci mühakiməni seçməyib. Zorakılığa dözümsüzlük üzrə yüksək faiz göstəriciləri həm də yaşı 18-25 və yaşı 56-65 olan iki demoqrafik qruplara aiddir. Birincilərin 83,6%-i, ikincilərin isə 84,5%-i zorakılığı yolverilməz hesab edir. Ailədə zorakılığın yolverilməz olduğunu ən az seçənlər 36-45 yaşlı respondentlərdir. Onların cəmi 68,9%-i bu cavabı verərkən, 31,1%-i bəzi hallarda ailədə zorakılığın qaçımazlığını qeyd ediblər. Məşğuliyyət növlərinə gəldikdə isə, ailədə zorakılığın tətbiqinə ən çox dözümsüzlük evdan qadınlar, tələbələr və təqaüdçülər arasındadır.