Qarabağ Universitetinin yaradılması gənclərin rəyində - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Xankəndi şəhərində “Qarabağ Universiteti”nin yaradılmasından irəli gələrək, gənclərin bu hadisəyə münasibətini, gözlənti və prioritetlərini öyrənmək məqsədilə rəy sorğusu həyata keçirib.
"Sherg.az" sorğunun nəticələrini təqdim edir:
Sorğunun nəticələrinə əsasən, gənclərin  54.5%-i Qarabağ Universitetinin yaradılması barədə məlumatı olduğunu, 45.5%-i məlumatı olmadığını bildirib.
Sorğuda iştirak edənlərin 82.6%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onların 16.4%-i universitetin yaradılmasının müəyyən qədər əhəmiyyətli olduğunu, cəmi 1.0%-i əhəmiyyətli olmadığını ifadə edib.
Tələbələrin 85.2%-i və ali təhsillilərin 85.0%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi xarakterizə edib.
Qarabağ Universitetinin yaradılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirənlərdən bunun əhəmiyyətini necə xarakterizə etdikləri soruşulub və bir neçə cavab variantı qeyd etmək imkanı verilib. Ümumi nəticələrə görə, respondentlərin 47.2%-i sözügedən universitetin yaradılmasını Qarabağa qayıdış və qalıcı məskunlaşmanın təmin olunması, 39.1%-i Qarabağda tarixi təhsil ənənələrinin yaşadılması, 37.8%-i Qarabağın tarixi həqiqətlərinin və mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli hesab edib. Eyni zamanda, sorğuda iştirak edənlərin 31.2%-i universitetin Qarabağda ixtisaslı kadr hazırlığını təmin edəcəyi, 29.9%-i bu çərçivədə Qarabağın elmi-tədqiqat məkanına çevriləcəyi, 26.0%-i “Qarabağ” adının təhsil sisteminə daşınacağı və təhsil brendinə çevriləcəyi, 12.0%-i elmi-tədqiqat mərkəzi kimi regionda inteqrasiya və təhlükəsizliyə təsir imkanları baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Sorğu çərçivəsində gənclərin yeni yaradılan universitetdə təhsil almaq arzuları da öyrənilib. Nəticələrə əsasən, gənclərin ümumilikdə 74.5%-i bu barədə müsbət mövqeyini ifadə edib. Belə ki, bu barədə ünvanlanan suala, onların 35.3%-i “bəli, mütləq istərdim”, 39.2%-i “bəli, yəqin ki istərdim” cavabını verib. Respondentlərin 13.0%-i “xeyr, yəqin ki, istəməzdim” və 12.5%-i “xeyr, heç istəməzdim” mövqeyini ifadə edib.
Tələbələrin 75.4%-i belə bir təklifi müsbət qarşılayacağını bildirib.
Qeyd edək ki, Qarabağ Universitetinin yaradılması ərazilərin bərpası və yenidən qurulması, milli köklərə və tarixi torpaqlara qayıdış, regionların inkişafı, idarəetmə sistemi, geosiyasət, mədəniyyət, nəqliyyat-logistika kimi müxtəlif istiqamətlərin birləşdiyi vahid quruculuq xəttində elm və təhsilin, onun ideoloji bazasının və texnoloji imkanlarının inkişafına istiqamətlənmiş tarixi qərardır.
Sorğular 2023-cü ilin 30 noyabr - 2 dekabr tarixlərində, 18-29 yaş qrupuna mənsub 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Sorğular 12 iqtisadi rayonu əhatə edib. Sorğuda iştirak etmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.