Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb
Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a vurğulayıb ki, dövlət tərəfindən müvafiq olaraq sağlamlıq imkanları məhdud olan şəxslərə pulsuz təhsil verilir.
"Əlilliyi olan şəxsləri təhsil müəssisəsinə dəvət edərək, yaxud da evdə təhsil almaqla dərslər keçirilir. Məqsəd, dövlətimizin vətəndaşlarının ümumi təhsil almasına imkan yaratmaqdır. Fərqi yoxdur sağlamlıq imkanları məhduddur, ya da deyil. Son illər dövlət başçımızın müvafiq sərəncamı əsasında inklüziv təhsil istiqamətində işlər aparılır. Sağlamlıq imkanları məhdud olan şəxlərlə bağlı müəyyən təhsil müəssisələrində, həmçini evlərdə tədris təşkil olunur. Peşə təhsil müəssisələrində də əmək-sağlıq imkanlarının məhdudluğu ilə bağlı müvafiq sənəd təqdim edən şəxslər ödənişsiz təhsil alırlar. Həmçinin bu orta və ali təhsil müəssisələrində də keçərlidir.