Uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur.
Bunu Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva parlamentdə çıxışında bildirib.
O deyib ki, bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir.
Ailə, qadın və uşaq problemləri üzrə ekspert Həsən Əliyev “Sherg.az”a vurğulayıb ki, uşaqlara qarşı zorakılıq bir məsələdən qaynaqlanmır:
“Bəzi psixologiyası pozulmuş ruhi xəstələr, valideyn məsuliyyətsizliyi səbəbindən uşaqlara qarşı cinsi və fiziki zorakılıqlar göstərir. Uşaqlara qarşı zorakılığın bir çox növü var: Psixoloji-mənəvi zorakılıqlar, cinsi-fiziki zorakılıqlar və ailədaxili zorakılıqlar mövcuddur. Ailədaxili zorakılıqlar valideyn məsuliyyətsizliyinə dayanır. 116-111 uşaq qaynar xətti və qadın dəstək xətti yaradılıb. Daxil olan zənglərin kökünü araşdırarkən uşaqları erkən nigaha cəlb etməyə çalışan valideynləri görürük. Uşaqlar bu evliliyə qarşı çıxdıqları təqdirdə isə fiziki zorakılığa məruz qalırlar. Bəzən də elə hallar olur ki, valideynlər uşaqları ilə yetəri qədər vaxt keçirmirlər. Uşaqlarda da bununla əlaqədar psixoloji problemlər yaranır. Bu zaman isə uşaqlar təhsildən yayınırlar, məktəbə getmirlər və oxumurlar. Belə halların qarşısını almaq üçün isə bəzi valideynlər fiziki zorakılığın nəticə doğuracağına inanırlar. Bəzi hallarda cinsi zorakılıqlarla da qarşı-qarşıya gəlirik".
H.Əliyev bildirib ki, cinsi zorakılıq psixoloji problemləri olan insanların törətdiyi hadisədir:
"Bunun qarşısının alınması üçün bir sahə üzrə işlər görmək kifayət etmir. Həm valideynlərlə söhbətlər aparırıq, həm də sosial şəbəkələrdə müxtəlif video çarxlar və materiallar vasitəsiylə məlumatlar ötürürük. Məktəblərdə Dövlət Komitəsi, hüquq mühafizə orqanlarının ayrılıqda və birgə təşkilatçılığı çərçivəsində uşaqlarla təlimlər keçirilir. Bu təlimlərə bir çox mövzular daxildir. Məsələn, zərərli vərdişlər, narkomaniya, zorakılıq və təhsil ilə əlaqədar mövzularda uşaqlara maksimum dərəcədə məlumat verməyə çalışırıq. Həmçinin bağçalarda, məktəblərdə, ali təhsil ocaqlarında müəllimlər və repetitorlarla görüşlər təşkil edərək söhbətlər aparırıq. Uşaqların biri-birinə zorakılığı, eyni zamanda böyüklər və kənar şəxslər tərəfindən olunan zorakılıqların hansı hallarda baş verdiyini öyrənirik. Bununla bağlı məktəb daxilində hansı addımların atıldığı, digər qurumların üzərinə belə məsələlərin qarşısının alınması üçün hansı vəzifə və öhdəliklərin düşdüyü barəsində maraqlanırıq. Ümumiyyətlə bu halların azaldılması üçün tədbirlər planı hazırlanır. Yəni yeni müzakirələr aparılaraq qarşısını almağa çalışırıq”.