I rübdə məcburi dövlət sosial sığorta ödəmələri 11% artıb

2024-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,3 milyard manatdan çox olub.

Bu barədə "APA-Economics" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir. Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz və ya 127,6 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 847,3 milyon manatdan çox olub.

  
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artıb və 46 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,5 faiz artaraq 34,7 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə isə daxilolmalar 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 8,8 faiz artıb və 232,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 faiz artaraq 164,7 milyon manat təşkil edib.