Bəzi vətəndaşlar internet olduğu üçün stasionar telefonlara əlavə ödəniş etməyi lazımsız sayır
Ekspert isə fərqli düşünür: “İnsanlar bir gün nəhayət ki, mobil telefonlardan, internetdən, Tiktokdan da bezəcək və o zaman ev telefonlarına ehtiyac hiss edəcəklər”
Belə bir lətifə vardı; sual olunur, sizcə, bir qadının telefonun dəstəyini qaldırdıqdan sonra etdiyi ikinci, “ən vacib” hərəkət hansıdır? Cavab: kətili çəkib əyləşmək (söykənəcəyi olsa lap əla”! Buradan çıxan mənanı düşüncəli oxucu “tutacaq”; qadınlar qeybətcildir, çox danışandır, telefonda dəqiqələrlə, hətta 1 saat da danışırlar. Bu lətifə ötən əsrlərə daha uyğun gəlir, deyərdik, mobil telefonlarla da dəqiqələrlə danışan təkcə xanımlar deyil, kişiləri, gənc, qoca... hər kateqoriyaya mənsub olanları görməsəydik. Əvvəllər “çoxdanışanlar” mənzildə ürəklərini “boşaldırdılarsa”, indi hər addımda, küçədə, metroda, avtobusda, iş yerində - harda gəldi, danışırlar. Və çox zaman bu insanların kiminlə, nədən danışdığını ətrafdakıların hamısı eşidir. İnsanlarımız sirlərinə tanımadıqları şəxsləri də “sirdaş” edirlər, rahatca. Belə olan halda ev telefonlarına tələbatın getdikcə azaldığını söyləmək mümkündürmü? Mövzunu gündəmə gətirməyimizin səbəbi son zamanlar ev telefonları – stasionar telefonlarla bağlı yaranan narazılıqlardır. Bəzi vətəndaşlarımız abonent haqqını ödədikləri halda, telefon xəttinin günlər sonra açıldığını, ATS-lərə müraciət etdikdə isə problemlə məşğul olacaq əməkdaş tapa bilmədiklərini və ATS-dəkilərin də bunu işçilərin ixtisara düşdüyü ilə izah etdiklərini bildirirlər. Stasionar telefonların fəaliyyəti ilə bağlı bəlli bir narazılıq var. Digər tərəfdən əhatə dairəsi getdikcə genişlənən internet şəbəkələri, fiber-optikləşmə stasionar telefonları marağı azaldır, vətəndaş mobil rabitə şəbəkəsindən istifadə etdiyi üçün stasionar telefonlara da əlavə olaraq ödəniş etməyi lazımsız sayır. Beləliklə, stasionar telefonlar getdikcə məişətdən uzaqlaşır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında problemə aydınlıq gətirdi:
- Hazırda paytaxt küçələrində müasir stasionar telefon aparatları var və işlək vəziyyətdədirlər. Məsələn, “İçərişəhər” metrostansiyasının önündə qoyulub telefon qurğusu, istifadə edənlər də var. Ümumiyyətlə, şəhərin bir çox yerində bu qurğular qoyulub. Bu, o deməkdir ki, stasionar telefonlardan imtina edilməsi aktual deyil. Mənzillərdəki stasionar telefonlara da tələbat azalmayıb, belə bir statistika da yoxdur. Doğrudur, mobil telefonlar məişətimizə çox sıx şəkildə daxil olub, smartfonlar dəbdədir, əsas prioritet onlardadır. Paytaxtın 80 faizi fiber-optikləşib. Fiber-optik telefonlar çəkilir mənzillərə. Amma stasionar telefonlara ehtiyac faizi aşağı düşməyib. Hökumət də stasionar telefonların ləğvi barədə düşünmür. Çünki bu telefonlar mədəni irsimizin bir hissəsidir. Və onların sıradan çıxması böyük bir mədəniyyətin itməsi olar. Vaxtilə paytaxtda tramvay xətləri vardı, onları ləğv etdilər, 30 ildən sonra deyirlər ki, səhv edilib, tramvaylar qalmalıydı. İndi yenidən tramvay xətlərinini çəkilməsi barədə düşünürlər, çünki bu nəqliyyat növünün ən uyğun və rahat olduğunu anlayıblar. Nəyisə məhv etmək asandır, amma onun əvəzinə nə verilir, bunu fikirləşmək lazımdır. Stasionar telefonların təyinatı əhəmiyyətlidir. Baxır, biz stasionar telefonlardan hansı məqsədlə istifadə edə bilirik. Məsələn, mənzildə stasionar telefonun olması, ailə üzvləri üçün böyük üstünlükdür. Valideyn övladının məktəbdən evə qayıtdığını öyrənmək istədikdə mobil telefonla əlaqə saxlayırsa, övlad, əgər valideynini aldatmaq fikri varsa, evdə olduğunu deyə bilər, valideyn bunun doğruluğunu necə müəyyən edəcək? Stasionar telefon vasitəsilə isə valideyn övladının evdə olduğuna əmin olacaq. Yaxud ailədə yaşlı insanlar varsa, onlarla yalnız stasionar telefon vasitəsilə əlaqə saxlamaq rahatdır, nəinki mobil telefon vasitəsilə. İş yerlərində də stasionar telefonlar gərəklidir, rəhbərlik işçilərin işdə olub-olmadığını yoxlaya bilər. Burada söhbət stasionar telefonlara nə dərəcədə zərurət yaranmasından gedir. Zərurət duruma görə dəyişkəndir.
E.Abbasov vətəndaşların stasionar telefonlardan gileyinin bir səbəbini də ödəniş sistemindəki qarışıqlıqla izah etdi:
- Hazırda kommunal ödənişlərin əksəriyyəti rəqəmsal müstəvidə həyata keçirilir. Bəzi provayderlərdə kommunal ödənişlər bölməsində aydınlıq yoxdur. Kommunal ödənişlər bölməsində sahələr alt-alta yerləşdirilib, tam aydın mətnlər olmadığından vətəndaş ödəmələrdə səhvə yol verə bilir. İnternet borcunu ödəməli olduğu halda, telefona görə abonent haqqı ödəyir və ya əksinə. Ödəniş ünvana çatmadığından xəttin açılmasında da problem yaranır, günlərlə çəkə bilir bu proses. Nəhayət, vətəndaş anlayır ki, səhv ödəniş edib, hansısa xidmətə görə borc toplanıb və sair. Problem ödəmə sistemlərinin düzgün qurulmamasındadır. Hesab edirəm ki, provayderlər ödəmə sistemlərinə diqqətlə yanaşmalı, lazımi dəyişikliklər etməli, daha asan, əlçatan sistemlər tətbiq etməlidirlər. Qaldı ki stasionar telefonlara görə ödəniş 3 manat 85 qəpikdir. İnandırıcı deyil ki, bu məbləğ kiminsə büdcəsinə əlavə ağır yük olsun və o, bu kiçik məbləğə görə stasionar telefondan imtina etsin. Zənnimcə, insanlar bir gün nəhayət ki, mobil telefonlardan, internetdən, Tiktokdan da bezəcək və o zaman stasionar, mənzillərdə bəzən üzərinə tikmələr, toxuma örtüklər salınan ev telefonlarına ehtiyac hiss edəcəklər.