Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib
İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Bu baxımdan COP29-un gələn il ölkəmizdə keçirilməsi böyük uğur hesab olunur.
Tədbirin ölkəmizdə keçirilməsinin qərara alınması neft-qaz ölkəsi olan Azərbaycanın iqlim dəyişiklikləri sahəsində aktiv fəaliyyətinə verilmiş qiymətin göstəricisidir. Belə ki, Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Qarşıda duran məsələlərin həllində innovativ, o cümlədən, kosmik texnologiyaların tətbiqi onların effektivliyinin artmasına xidmət göstərir. Belə ki, mövcud vəziyyətin və proseslərin dəyişmə dinamikasının araşdırılmasında geniş və əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün resurs xərcləri, həm də operativlik baxımından ənənəvi üsullardan fərqli olaraq, kosmik monitorinqin aparılması aktual və optimal üsul hesab olunur. Son dövrlərdə temperatur dəyişmələri, tufanların, çovğunların intensivliyinin, həm də tezliyinin artması, isti küləklər, qasırğalar, regionlar üzrə yağıntıların anormal çoxalması, eyni zamanda sel, daşqın hadisələrinin sayının artması, okean sularında temperatur artmaları aparılmış tədqiqatların və kosmik monitorinqlərin əsas mövzuları olub.
Qeyd edək ki, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov məlumat verib. Onun sözlərinə görə, yeni platforma iki dildə olmaqla 5 bölmədən ibarətdir. Platformanın əsas məlumat mənbəyi "Azersky" peyki olub. Platformada göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında deyib ki, ilk dəfədir bir dövlət qurumu kifayət qədər böyük məbləğlərə satdığı məlumatları pulsuz-parasız, hətta qeydiyyatsız formada açıq internet platformasında ictimaiyyətə təqdim edir. Söhbət təbii ki, "Azərkosmos"un “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş konfransda təqdim etdiyi, qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasından gedir:
“Bu platforma iqlim dəyişiklikləri istiqamətində tədqiqatlar aparan elm adamları üçün əvəzsiz imkan yaradacaq mühüm bir addım idi. Burada torpaq, su və hava ilə bağlı onlarca müqayisəli məlumatlar var. Həmçinin kənd təsərrüfatı sahəsində startapları inkişaf etdirəcək bir çox mühüm məlumatlar bu platformada öz əksini tapır. 2023-cü ilin oktyabr ayında ölkəmizdə 2-ci dəfə keçirilmiş Beynəlxalq Astronavtika Konqresi çərçivəsində kosmik texnologiyalara əsaslanan xidmətlər və tətbiqlərdən istifadə etməklə iqlim dəyişikliyini daha yaxşı başa düşmək və onunla mübarizə aparmaq üçün qlobal səviyyədə əməkdaşlıq imkanları müzakirə edilib. İqlim dəyişiklikləri ilə bağlı mövzular plenar iclasların prioritet istiqamətlərindən biri olub. Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyi ilə bağlı baş vermiş təsirlərin qiymətləndirilməsi və iqlim dəyişikliyinə qarşı aparılan tədbirlərin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən həyata keçirilmiş monitorinqlərin nəticələrinə dair hesabat hazırlanıb.
Ətraf mühitin hazırkı vəziyyətinin əvvəlki illərlə müqayisəsi təhlil edilərək qiymətləndirilib. Su ehtiyatlarının ekoloji vəziyyəti, dəyişmə tendensiyasının qiymətləndirilməsi və hidroloji vəziyyətin formalaşmasına təsir edən təbii və antropogen amillər monitorinq olunub”.