Tolerantlıq: Azərbaycan bir çox dövlətlər üçün ən gözəl örnəkdir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
 
Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma heç vaxt müşahidə edilməyib
 
 Sabah mübarək Ramazan bayramıdır. Milli dəyərlərlə yanaşı dini dəyərlərə də önəm verən və sayğı göstərən demokratk dövlət olan Azərbaycanımızda da islamın müqəddəs bayramı qeyd ediləcək. Azərbaycan dünyada yeganə ölkədir ki, dini bayramları, o cümlədən də Ramazan bayramında hər bir dini məzhəbi nəzərə alır. Bayram günləri, bayram tətili zatən bir neçə gün müəyyən edilir. Bu, xalqımızın, inanclı insanların bayram şövqünü daha geniş yaşaması, qohum-əqrəba, dost-tanışla könlü istədiyi kimi bayramlaşması üçündür. Müsəlman ölkələrinin bir çoxunda bayram tətili bir neçə gün, hətta bəzən 10 günədək uzanır. Amma məhz bayram namazının 2 gün təyin edilməsi faktına digər ölkələrdə rast gəlmək qeyri-mümkündür. Azərbaycan bu mənada dünyaya ən gözəl nümunə olan ölkədir. Azərbaycanda Ramazan bayramı namazı həm aprelin 10-da, həm də aprelin 11-də qılınacaq. Buna dövlətimiz zəmanət verir. Və bu, Azərbaycan dövlətinin ölkə ərazisində yaşayan vətəndaşlarının dini inanclarına sayğı və dözümlülük göstərdiyinin, hər bir insanın dini etiqad azadlığnıın təmin edildiyinin və hər bir vətəndaşın dövlətin müdafiəsi altında olduğunun  təsdiqidir.  
 Ölkəmizdə tolerantlıq, etnik azlıqlara, müxtəlif dini məzhəblərə hörmətlə yanaşmaq dərin tarixi köklərə dayanır. Ölkəmizi qarış-qarış gəzdikdə bunun əyani şahidi oluruq. Məscidlərin kilsələrə, kilsələrin sinaqoqlara, sinaqoqların məbədlərə, məbədlərin monastırlara dayaq verərək, biri-birinə söykənib ümumi dini mühitə rəngarənglik verdiyi ölkəyə sahibik. Ölkəmizin insanları da tarixən fərqli dinlərə, fərqli millətlərə, milli azlıqlara daim sayğıyla yanaşıb, tikələrini bölərək  rifah içində, mehriban şəraitdə yaşayıblar. Bu ənənələr Azərbaycan dövlətçilik ənənələrinə də sirayət edərək idarəçilikdə əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini azərbaycançılıq ideyası altında birləşdirməsi də bu ənənələrin idarəçilikdə əksini tapmasını şərtləndirib.  Ayrı-ayrı dini məzhəblərin nümayəndələri dövlətçilik və azərbaycançılıq ideyası ətrafında birləşərək rahat və sərbəst bir şəkildə dini etiqadlarını qoruyub saxlayıb, ibadətlərini yerinə yetiriblər. Eyni tendensiya bu gün də davam edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-dini dəyərlərimizin daşıyıcı olmaqla yanaşı, həm də bu dəyərlərin ən böyük himayəçisi olduqları görülən işlərdə, həyata keçirilən layihələrdə təsdiqini tapır. Əlbəttə ki, bütün bu ali keyfiyyətlər öz təməlini Ulu Öndərin öz zamanında ailə başçısı olaraq dini dəyərlərə yüksək hörmət bəsləməsi, yeri gəldikcə dini adət-ənənələrə uyğun davranmasından qaynaqlanırdı. Ulu Öndərin Azərbaycan Prezidenti olduğu illərdə müsəlman aləminin müqəddəs şəhəri Məkkəyə səfər etməsi və mübarək Kəbəni ailə üzvləriylə birlikdə ziyarət etməsi buna sübutdur. Ulu Öndərin ölkəmizdəki məscidlərin, ziyarətgahların əsaslı təmirinə, bərpasına önəm verməsi də onun dini dəyərləri uca tutduğunun təsdiqi idi. Bibiheybət məscidinin bərpası, Mir Mövsüm Ağa ziyarətgahının əsaslı təmiri və daha neçə-neçə belə misallar çəkmək mümkündür. Cənab Prezident İlham Əliyev də atasının – Ulu Öndərin yoluyla addımlayaraq dini dəyərlərin qorunmasını hər zaman diqqətdə saxlayır. Təsadüfi deyil ki, cənab Prezident də 2015-ci ildə ailə üzvləriylə birlikdə Səudiyyə Ərəbistanına səfəri zamanı Ümrə ziyarətində olub, mübarək Kəbəni ziyarət edib, vacib əməlləri yerinə yetirib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan dövlətinin milli-dini dəyərlərə necə böyük önəm verdiklərini işğaldan azad edilmiş Qarabağımızda dini ibadət ocaqlarının bərpası da göstərir. Qarabağ şanlı ordumuzun şücayətiylə erməni separatçılarından azad edildikdən dərhal sonra bölgəyə  etdiyi hər səfəri zamanı cənab Prezident digər tikini-quruculuq işləri ilə yanaşı mütləq hansısa dini ibadət ocağının vəziyyəti ilə də maraqlanır, bərpası mümkün olanların yenidən qurulmasına, eyni zamanda yeni ibadət ocaqlarının tikintisinə göstəriş verir. Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Cümə məscidi, Mamayi məscidi, Qazançı kilsənin əsaslı təmiri, həmçinin qələbəmizin daha bir rəmzi sayılan, yeni, möhtəşəm məscid kompleksinin tikintisini yada salmaq kifayətdir. Qeyd etməliyik ki, məscid və kilsələrin, monastırların bərpası, yenilərinin tikintisi Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilir. Şəki Xan məscidi kompleksi, Qarabağ ərazisindəki qədim monastırlar, o cümlədən Ağdərədəki Gəncələr monastırı, Qaxdakı “Yeddi kilsə” monastır kompleksi və daha neçə-neçə ibadət ocağı Heydər Əliyev Fondunun dəstəyi il təmir edilib, Kəlbəcərdəki Xudavəng monastırı bərpa edilərək ibadətə açılıb. Ermənistanın cinayətkar rejimdən və ona havadarlıq edən xarici ölkələrdən dəstək alan separatçı rejim Qarabağ və ətraf bölgələri işğal altında saxladığı  30 il ərzində nəinki məscidləri, xristian abidələrini də darmadağın edib. Cənab Prezident İlham Əliyev dini abidələrin ermənilər tərəfindən vəhşiliklə məhv edilməsini dəfələrlə vurğulayıb: “Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş Prezidenti Koçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər”.  Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu vəhşilik ermənilərin Azərbaycan xalqına nifrətinin və kin-küdurətinin miqyasını tam əks etdirir. Dünya bunları görməli və nəticə çıxarmalıdır ki, özünə vəhşiliyi, barbarlığı dövlət siyasəti təyin etmiş bir ölkə ilə üz-üzədirlər.  

 İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, mübarək Ramazan ayında Azərbaycan dövlətinin milli-dini dəyərlərin himayədarı olması bir daha təsdiqini tapdı:

- Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Bu, tarixən belə olub, indi də ənənə davam edir. Ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daim sülh və əmin-amanlıq şəraitində yaşayıblar, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma  heç vaxt müşahidə edilməyib. Azərbaycan xalqı da daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmlənməsinə çalışıb. Və buna nail olub. Bu mehribanlıq, insanlara xoş münasibət, fərqli dinə mənsub olsa da, onu anlayışla qarşılamaq və hörmət etmək bizə, əlbəttə ki, islam dininin töhfəsidir. İslam özündən əvvəlki dinləri təkzib etmir, hər bir insanın dini etiqad seçiminə hörmətlə yanaşır. Təəssüf ki, ölkə xaricində fəaliyyət göstərən bəzi radikal qruplaşmalar müəyyən narazılıqlar, ayrı-seçkilik yaratmağa cəhd göstərirlər. Lakin onların cəhdinin qarşısı həm dövlət səviyyəsində, həm də xalq tərəfindən alınır. Çünki dövlətimiz möhkəm əsaslar üzərində və milli-dini dəyərlərə söykənərək qurulub. Xalqımızın da xislətində fərqli inanclara xor baxmaq ənənəsi yoxdur. Xalqımız erməni cinayətkarları kimi etnik, dini ayrı-seçkiliyi “əsas” tutaraq heç bir xalqa qarşı, tarixin heç bir mərhələsində basqı nümayiş etdirməyib. Dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Buz həmişə tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün ən gözəl örnəkdir. Bəzi xarici güclər ölkəmizdəki dini vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayacaqlar. Azərbaycanda islami vəhdət bərqərardır və biz dünyaya insanların bir-biriylə mehriban münasibətdə yaşaya biləcəyini sübut edirik. Bayramımız mübarək olsun, bütün dünyaya sülh və əmin-amanlıq arzulayıram.