Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. "Yeniavaz.com"un xəbərinə görə, vəfat edənlərin 33 min 157 nəfəri kişidir. Kişilərin 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüblər. Bu da ümumilikdə 48% təşkil edir.
Xatırladaq ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar.
Statistikadan da göründüyü kimi kişilərin 45-50 faizi pensiya yaşına çatmadan dünyasını dəyişir. Beləliklə, insanlar xarici ölkələrdə olduğu kimi pensiya yaşına çatanda “ən azından pensiyam olacaq ümidi ilə” yaşasa da, o yaşa çatmamış dünyasını dəyişir.
Bəs pensiya yaşı niyə azaldılmır?
İqtisadçı ekspert Rauf Qarayev isə "Sherg.az"a açıqlamasında deyib ki, pensiya yaşına çatan kişilər belə bəzən 5-6, ən çox da 9 il pensiya alır:
"Bizdə isə orta ömür yaşı 74 il müəyyənləşdirilib. Ya pensiya yaşı azaldılmalı, ya da yığılan kapitalın müəyyən faizi şəxslərə qaytarılmalıdır. Hansı ki bununla bağlı Milli Məclisdə də bir neçə dəfə məsələ qaldırılıb və müvafiq qanunvericiliyə dəyişikliklər müzakirə edilib. Xüsusən də, ağır xəstəliklərdən əziyyət çəkən insanların pensiya yaşına çatmadan da yığılmış kapitalından istifadəsinə şərait yaradılmalıdır.
Digər hal, yığılmış kapitalın tam hissəsinin vətəndaş tərəfindən geri çəkilməsi ilə bağlı da təkliflər də var ki, yığılan pulların səlahiyyəti vətəndaşın özündə olmalıdır. Lakin bu hal bizim ölkədə eksterimal şəraitdə mümkündür.
Hazırkı situasiyada ən optimal variant pensiya yaşının aşağı salınmasıdır. Əhalinin böyük əksəriyyəti 65 yaşına çatmadan vəfat edir. Biz bu faktı həm ətrafımızdakı insanları müşahidə etdikdə, həm də statistikaya nəzər saldıqda görə bilirik. Stress, pandemiya, onkoloji və digər ağır xəstəliklər nəticəsində insanların immun sistemi zəifləyir və yaşam faizi aşağı düşür".
Ekspertin sözlərinə görə, bir çox ölkələrdə özəl pensiya fondları var. Azərbaycanda özəl DSMF-lərin yaradılmasına təminat yoxdur:
"Əgər təminat yoxdursa, demək, bunun ölkədə reallaşması müşkül məsələdir.Ölkədə dəfələrlə bu məsələ qeyd olunur, lakin onun təminat dayağı yoxdur. Bəlkə də gələcəkdə özəl sistemin inkişafı ölkədə mümkün oldu. Amma bunun üçün çox iş görülməlidir və bu, ardıcıl olmalıdır. Amma yığılan pensiya kapitalının birbaşa depozit hesaba köçürülməsi ilə bağlı təklifləri də məqsədəuyğun hesab edirəm. Bu zaman həmin məbləğin üstünə illik faiz gələcək və vətəndaşın kapitalı daha da artacaq".