Diaspor təşkilatları fəal olmalıdır -RƏY

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
 
 Azərbaycan milli mətbəxi həqiqətən də istənilən dünya mətbəxi ilə rəqabət aparmaq gücündədir

“Biz ölkəmizin tanıdılması üçün təbiətin bizə bəxş etdiyi, xalqımızın da miras qoyduğu nemətlər bolluğundan faydalanmalıyıq”
 

 Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunub. Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edib. Milli stendi Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov ziyarət edib. Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər. Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılıb. Təbii ki, bu cür tədbirlər, sərgilər turizmin inkişafı baxımından nə qədər önəmlidirsə, ölkəmizin tanıdılması, milli mətbəximizin təqdimatı baxımından da bir o qədər əhəmiyyətlidir. Məlum məsələdir ki, bədnam qonşumuz Ermənistan əsrlərdir xalqımızın milli-mədəni irsinə göz dikib. Azərbaycanın milli sərvətlərini – xalq musiqisindən tutmuş milli mətbəxinədək mədəni irsini bütünlüklə  mənimsəməyə çalışan ermənilər bu nemətlərin onlara məxsus olduğunu dünyaya sübut etməyə durmadan səy göstərirlər. Erməni yalanlarının, erməni oğurluğunun ifşası üçün bizim də ciddi səy göstərməyimiz şərtdir. Son illərdə Azərbaycanın tanıdılması istiqamətində xaricdə yaşayan həmvətənlərimiz və diaspora təşkilatları ilə dövlət qurumları arasında faydalı əməkdaşlıq getdikcə genişlənir. Bunu dünyanın müxtəlif ölkələrində keçirilən “Azərbaycan günləri”, “Azərbaycan həftəsi”, ölkəmizi təmsil edən incəsənət nümayəndələrinin, kulinarlar komandalarının mötəbər yarışlara qatılması və müvəffəqiyyət əldə etmələrində görmək mümkündür. Məsələn, Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təqdimatı ilə 9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib. Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla tərtib edilib. Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfərən, Zirə pomidoru, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmış yerli təbiət məhsullarından nar istifadə edilib. Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (“Worldchefs”) məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Milli məhsul və təamların təqdim edildiyi stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb. Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəxi nümunələri nümayiş etdirilib. Eləcə də milli komandanın qənnadçıları tərəfindən müsabiqənin şərtləri əsasında hazırlanan müxtəlif tematika və texnologiya ilə hazırlanan qənnadı məhsulları sərgilənib.
Əlbəttə, mötəbər beynəlxalq tədbirlərdə iştirak ölkəmizin tanıdılması baxımından çox əhəmiyyətlidir və diaspor təşkilatlarının öhdəsinə düşən vəzifə də belə tədbirlərdə Azərbaycan nümayəndə heyətinə hərtərəfli dəstək verməkdir.
 Milli Kulinariya Mərkəzinin sabiq direktoru, ölkənin baş aşpazı kimi tanınan Tahir Əmiraslanov isə milli mətbəximizin lazım olduğu qədər tanıdılmamasından narazıdır. Kult.az-a açıqlamasında T.Əmiraslanov bildirib ki, ölkələr dünyada milli mətbəxlərinə görə tanınır: “Sizə deyim ki, Türkiyə həm də dünyada elə öz mətbəxinə görə tanındı. Bu, birmənalı təbliğatla bağlıdır. Konkret olaraq ekspansiv təbliğat lazımdır. Məsələn, Fransa, İtaliya bunu edir. Yunanıstanda, İtaliyanın özündə bir ildə 600-ə yaxın mətbəx festivalı keçirilir. Dünyanın harasına getsəniz, türk mətbəxini də görə bilərsiniz. Təbliğat başqa necə olur ki? Məsələn, Əminə Ərdoğan “Türk mətbəxi” adında kitab çap edir. Bundan böyük təbliğat varmı? Bizdə bununla bağlı işlər görülüb, amma bilinən və bilinməyən səbəblərdən yarımçıq qalıb. Heydər Əliyevin 2000-ci ildə bununla bağlı 596 nömrəli sərəncamı var idi. Orada xarici ölkələrin böyük şəhərlərində Azərbaycan mətbəxi, restoran şəbəkələrinin yaranması ilə əlaqədar bir bənd var idi. Amma bunu həyata keçirmədilər. Hətta hansı ölkəyə getsəniz, elə qardaş Türkiyədə də, “erməni mətbəxi” görəcəksiniz. Halbuki o mətbəxin ermənilərə aidiyyəti yoxdur. Neçə ildir, ermənilərin yemək iddiaları ilə bağlı bir cavab kitabı belə çıxmır. Niyə? Axı dövlət bu agentliyi həm də bundan ötrü yaradıb”. Ekspert bildirib ki, bunun bir günahı da azərbaycanlıların özündədir: “Azərbaycanlılar xaricə gedəndə Azərbaycan mətbəxini az axtarırlar. Xaricdə görsələr ki, hər gələn bu mətbəxi axtarır, tələbat var, mütləq Azərbaycan yeməklərini də menyularına daxil edərlər”.

 İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında baş aşpazın iradları ilə qismən razılaşdığını bildirdi:

- Azərbaycanın həm də milli mətbəximizlə tanıdılması istiqsamətində heç bir iş görülmür, söyləmək də olmaz. İş aparılır, amma ola bilsin ki, bu, gərəkən səviyyədə deyil. Özünüz bildirdiniz ki, Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Azərbaycanın aşpazlar komandası mükafata layiq görülüb. Müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə Azərbaycan mətbəxinin təbliğ olunduğunu görürük. Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilmişdi. Festivalda milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilmişdi. Qonaqlar milli kulinariya nümunələrindən, Azərbaycan şərablarından dadmaq imkanı əldə etmişdilər. Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilmişdi. Kanadanın Alberta əyalətində fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Livan, Misir, Pakistan icmasının nümayəndələri Kalqari şəhərində iftar süfrəsində bir araya gəliblər. Qonaqlara Azərbaycan və türk mətbəxinə xas olan ləziz təamlar, şirniyyatlar, kəklikotu çayı təqdim edilib. Sonra Monreal şəhərində yerləşən Con Abot Kollecində keçirilən və 40-a yaxın ölkənin iştirak etdiyi multikultural festivalda Azərbaycan da təmsil olunub. Azərbaycan guşəsində ölkəmizin tarixi abidələrini əks etdirən suvenirlərlə yanaşı, milli-mədəni irsimizə aid nümunələr, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatlar tədbir iştirakçılarına təqdim olunub. Bu tədbirlərdə diaspora nümayəndələrimiz fəallıq göstərirlər və ölkəmizin tanınmasına və təbliğinə töhfə verirlər. Amma əlbəttə ki, daha çox iş görülməlidir. Milli mətbəx təkcə xarici ölkələrdə təbliğ olunmamalıdır. Ölkə daxilində də buna çox ehtiyac var. Xarici ölkələrdə keçirilən tədbirlərə deyək ki, 100-200 nəfər qatılırsa, onun 2-3 qatı bura – Azərbaycana turist olaraq gəlir. Əgər burada turistlərə italyan, fransız, koreya, yapon mətbəxi daha çox təklif ediləcəksə, bu insanlarda Azərbaycan milli mətbəxinin kasadlığı haqqında  yanlış bir təəssürat yaranacaq. Biz hər fürsətdə, hər imkanda ilk növbədə öz milli irsimizi, o cümlədən də milli mətbəximizi təbliğ və təqdim etməliyik. Ölkəmizə gələn qonaqlar restoranlarda milli mətbəximizi sifariş etməlidirlər. Azərbaycan milli mətbəxi həqiqətən də istənilən dünya mətbəxi ilə rəqabət aparmaq gücündədir və biz ölkəmizin tanıdılması üçün təbiətin bizə bəxş etdiyi, xalqımızın da miras qoyduğu nemətlər bolluğundan faydalanmalıyıq.