Bacı-qardaş rəqabəti: Valideynlər uşaqları arasında ədalətli davranmalıdır

Uşaqları tərbiyəli böyütmək böyük səy tələb edir. Amma uşaqları böyüdən zaman hər bir valideyn bir sıra çətinliklərlə üzləşir. Bu çətinliklərdən biri də bacı-qardaş arasında olan mübahisələrdir.
Bəs bu mübahisələr nədən qaynaqlanır? Ümumiyyətlə, qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı "Sherg.az"a danışan psixoloq-konsultant Zeynəb Əyyubova deyib ki, ailə daxilində uşaqların çox vaxt bir-birləri ilə yola getməməsi hər bir dövr üçün aktualdır:

''Məsələn, daima böyük uşaqdan daha çox səbr gözlənilir və onun üzərinə məsuliyyət atılır. Yəni hər zaman balacanı yola ver deyirlər. Bunun üçün də evin son beşikləri fürsətdən istifadə edərək istədiklərini edirlər. Bu səbəbdən valideynlərə tövsiyə edirik ki, qaydaları böyük və kiçik uşaqlar üçün yaşları nəzərə alınmaqla eyni cür qoysunlar. Bəzən biz qardaş  və qardaş bacı münasibətlərində onları bir-biri ilə müqayisə edirik. Bu müqayisənin nəticəsində uşaqlar arasında paxıllıq yaranır. Qısqanclıq bəşərin yarandığı gündən mövcuddur. İnsanın böyüməsi ilə bu hiss kiçilib yox olmur, əksinə böyüyüb həsədə çevrilərək ictimai problem kimi varlığını davam etdirir. Ona görə də bu məsələdə diqqətli olaq.Qeyd edim ki, valideynlərin qanununa uşaqların hər biri əməl etməlidir. Qaydalar pozana hansısa cəza verilirsə, şərtlər bərabər olmalıdır. Valideynlər özləri də bilmədən uşaqları kapriz edərkən gülür və onları dəstəkləyir. Ancaq bu vərdiş halına çevrilir. Ona görə də valideynlər uşaqları arasında ədalətli davranmalıdır. Həmçinin, hər uşağa özünü xüsusi hiss etdirəcək şəkildə davranmaq bacı-qardaş arasındakı rəqabəti azaldacaq ".