Təhsil ekspertindən həyacan təbili: 4000 şagirdin azalması kiçik rəqəm deyil

2024-25-ci tədris ili üzrə 132 261 nəfər təhsil almaq üçün birinci sinfə qədəm qoyub ki, bu da ötən tədris ili ilə müqayisədə 4 142 nəfər azdır.
Ümumilikdə bu tendensiya son səkkiz ildir ki, davam edir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2017-18-ci tədris ili üzrə 164 523, 2018-19-cu tədris ili üzrə 162 855, 2019-20-ci tədris ili üzrə 161 404, 2020-21-ci tədris ili üzrə 157 916, 2021-22-ci tədris ili üzrə 155 649, 2022-23-cü tədris ili üzrə 149 837, 2023-24-cü tədris ili üzrə 136 403 nəfər birinci sinfə qədəm qoyub.
Maraqlıdır, birinci sinfə gedənlərin sayının azalmasının səbəbi nədir?

"Sherg.az"ın suallarını cavablayan ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Elan olunan rəqəm son 6-7 ilin statistikasına əsaslanır:

''Nəzərə almaq  lazımdır ki, önümüzdəki 3-4 il ərzində bu göstərici daha da çoxalacaq. Doğrudur, hər kəs buna bir şəkildə don geyindirməyə çalışır. Bəziləri birinci siniflərin qeydiyyatı düzgün aparılmadığını deyir, digərləri isə statistikada özəl məktəblərdə oxuyan birincilərin adının olmamasını vurğulayır. Bir sözlə, bununla bağlı fərqli düşüncələr mövcuddur. Lakin bütün hallarda 4000 nəfər şagirdin azalması kiçik rəqəm deyil. Hesab edirəm ki, məsələ barədə dövlətin strategiyası olmalıdır. Bundan bir neçə il sonra da əhalinin sayının azalmasını müşahidə edəcəyik. Çünki pandemiya dövründə yeni ailələr qurulmadı. Bu da demoqrafik vəziyyətə təsir edəcək. Ona görə də narahatçılığa ehtiyac var. Birinci siniflərin qeydiyyatının düzgün aparılmaması, özəl məktəbə daxil olanların statistikada göstərilməməsi kimi fikirlər isə müəyyən qədər imitasiya rolunu oynuyur. Lakin əhalinin ümumi sayında azalma var. Bunun üçün də dövlət stimullaşdırıcı addımlar atmalıdır.