Taksilər olmasa, sərnişinlərin çoxu yollarda qalar, avtobuslara minməyə belə yer tapa bilməz
Bakının nəqliyyat sistemində həyata keçirilən islahatlar problemi həll edə bilməyib
Dövlət İmtahan Mərkəzi oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.
Həmin gün avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, tələblərin sərtləşdirilməsindən sonra taksi xidmətində bir neçə problem özünü qabarıq şəkildə göstərməkdədir. Xüsusən də “Bolt” şirkətində taksilərin gəlmə müddəti əhəmiyyətli dərəcədə artıb. Əvvəl gözləmə vaxtı orta hesabla 3-5 dəqiqə çəkirdisə, indi bu müddət 2 dəfə artaraq 7-12 dəqiqəyə çatıb:
“Taksi sürücüləri tərəfindən sifarişdən imtina hallarının sayı artıb. Yəni əvvəl verilmiş sifariş sürücü tərəfindən tək-tük halda imtina edilirdisə, indi 3-4 cəhddən sonra taksiyə minmək mümkün olur. Qeyri-rəsmi ödənişlərin həcmi artıb. Əgər əvvəllər taksi sürücüləri gedişhaqqı ödənilən zamanı xırda qəpik pulları qaytarmırdısa, indi tətbiqdə göstəriləndən artıq pul istəyirlər, əks halda sifarişi birtərəfli qaydada ləğv edirlər. Məsələn, son 1-2 ayda hava limanında verdiyim sifarişlərin hamısında birmənalı olaraq tarifdə göstərilən qiymətdən (9-13 AZN) ən azı 2 dəfə artıq (20-30 AZN) pul istənilib, istək yerinə yetirilməyəndə sifariş ləğv edilib. Taksi sürücüləri povayderlərin xidmətindən yararlanırlar, ancaq müştəri mindikdə onların xidmətindən imtina edirlər. Son 1 ayda ən azı 5-6 taksi olub ki, taksiyə mindikdə faizlərin yüksək olduğunu bəhanə edərək tətbiqdə sifarişi ləğv edib və ya sərnişindən sifarişi ləğv etməyi xahiş edib. Bununla da, provayder şirkətin tapdığı sərnişinə qeyri-rəsmi xidmət göstərib.
Vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb. Tətbiq vasitəsilə verilmiş sifarişlərdən taksi sürücüləri müxtəlif vasitələrlə (tıxac, ucuz qiymət və s.) boyun qaçırırlar. Bu xidmətin keyfiyyətinin artırılması ilə bağlı hökumətin atdığı addımlar əks effekt verib. İnsanlar keyfiyyətli xidmət göstərən taksi maşını yox, onları mənzilbaşına aparacaq istənilən keyfiyyətli taksi maşını tapmaqda çətinlik çəkirlər. Əsas bərbəd vəziyyət isə hava limanındadır. Onlar sərnişindən ikiqat ödəniş tələb edirlər. Şəhərə getmək üçün normal nəqliyyat sistemi qurulmayan aeroportda insanlar taksilərə yüksək ödəniş etməyə məcbur qalırlar”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı isə hesab edir ki, paytaxtın nəqliyyat sistemində həyata keçirilən islahatlar problemi həll edə bilməyib:
“Son vaxtlar bəzi şəhər küçələrində xüsusi avtobus zolaqlarının yaradılmasını alqışlamaq olar, bunun nəticəsində problemin kəskinliyi bir qədər azalıb. Həmin xüsusi zolaqlar yaradılan küçələrdə avtobuslar tıxac vaxtları belə normal hərəkət edə bilir. Təəssüf ki, heç də bütün küçələrdə belə zolaqlar yaratmaq mümkün deyil, lakin mümkün olan küçə və prospektlərdə bunun yaradılması vacibdir”.
“Taksi nəqliyyatı təxminlərimə görə, yerüstü sərnişin axınının ən azı yarısını daşıyır”, - deyən ekspertin fikrincə, taksilərin sayının azaldılması, bu sahədə tələblərin artırılması problemi daha da ağırlaşdırıb. Onun sözlərinə görə, yolüstü taksilər də şəhərin sərnişin axınının əhəmiyyətli hissəsini daşıyır. Əgər onlar olmasa, sərnişinlərin çoxu avtobuslara minməyə belə yer tapa bilməz.
Bakı dünyada kütləvi yerüstü sərnişin nəqliyyatı yalnız avtobuslardan ibarət olan bəlkə də yeganə iri şəhərdir. Problemi həll etmək üçün paytaxtın şəhərdaxili sərnişin nəqliyyatında əsaslı islahatlar aparılmalıdır. Tramvay və trolleybuslar, şəhərətrafı elektrik qatarları sistemi bərpa edilməlidir. Bu nəqliyyat sistemləri həm ekoloji təmiz, həm gedişhaqqının avtobuslara nisbətən ucuz olması, həm daha çox sərnişin daşıma qabiliyyəti ilə seçilir".