İt sahiblərindən vergi rekord qırdı: Hər il 421 milyon avro toplanıb

Almaniyada it sahiblərindən toplanan vergi ötən il rekord qırıb. 2023-cü ildə ölkə daxilində bələdiyyələrin it vergisi gəlirləri 1,6 faiz artaraq 421 milyon avroya çatıb.

Sherg.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) verdiyi açıqlamaya görə, ölkədəki bələdiyyələr keçən il it sahiblərindən 421 milyon avro vergi toplayıb. Beləliklə, it vergisinin artımı 2022-ci illə müqayisədə 1,6 faiz rekord həddə çatıb.

İt sahiblərinin ödəməli olduğu məbləğin evdəki itlərin sayından və ya it cinsindən asılı olduğu bildirilib və əlavə edilib: “Yüksək vergi gəlirləri bu dördayaqlı ev heyvanlarının sayının artması demək deyil”. 

Açıqlamada “dörd ayaqlı dost”a sahib olmağın vergi ödəmələrini üstələyən xərclər gətirdiyi, 2023-cü ildə it və pişik qidalarının qiymətlərinin orta hesabla 17 faiz artdığı bildirilib.

İt vergisinin illik məbləği və strukturu müvafiq bələdiyyə tərəfindən müəyyən edilir.

Almaniyada it vergisi hər il ödənilir. Ölkədə vergi bəyannaməsi verməyən və ya vergi ödəməyən it sahibləri cəzalandırıla bilər.

Almaniyada daha çox insan, xüsusən də Covid-19 epidemiyası zamanı itlərə sahib idi. Pet Business Association (ZZF) və Pet Industry Association (IVH) tərəfindən aparılan birgə araşdırmaya görə, 2023-cü ildə Almaniyada ev təsərrüfatlarında təxminən 10 milyon 500 min it yaşayırdı.