Gələn ilin əvvəlindən tələbə təqaüdlərinin artırılacağı gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, "Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Lakin tələbələr bildirirlər ki, təyin edilən təqaüdün məbləği kirayə, nəqliyyat, eyni zamanda tədris üçün lazım olan ləvazimatların xərclərini ödəmir. Bu səbəbdən də bəzi tələbələr dərsdən sonra işləməyə məcbur olurlar.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təqaüdlər tələbənin minimum ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub. O, eyni zamanda, ümumi təhsil prosesinin inkişafı üçün dövlət tərəfindən tələbə təqaüd krediti fondlarının və dövlət hesabına təhsil alan tələbələrin sayının artdığını da bildirib.
Məsələ ilə bağlı danışan ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az" a açıqlamasında bildirib ki, artımın böyük məbləğdə olacağını düşünmür:
''Fikrimcə, təqaüdlərin artırılmasına baxmayaraq, tələbələrin problemləri tam həll olunmayacaq. Çünki ölkədə qiymətlər çox sürətli tendensiya ilə artmaqda davam edir. Həm ərzaq məhsulları, həm də kirayə mənzil qiymətləri günü-gündən bahalaşır. Bir sözlə, tələbələrin ehtiyacı olan hər şeyin qiyməti yüksək olduğuna görə, artırılan təqaüd onlara kömək etməyəcək. Təhsilin İnkişaf Fondu bu ildən etibarən tələbələrə müəyyən güzəştlər məqsədi ilə vahid tələbə kartı tərtib etdi. Düşünürəm ki, bu nüans tələbələrə bir qədər stimul verəcək. Yəni, onlar həmin kartlarla ehtiyaclarını ödəmək üçün güzəştli istifadə edə biləcəklər. Bu kimi tədbirlərin sayı artırılmalıdır. Yalnız təqaüdlərin artırılması ilə problem həll olunmayacaq. Sosial rifahın yaxşılaşdırılması naminə müəyyən üsullar mövcuddur. Məsələn, tələbələrin nəqliyyatdan istifadəsi üçün güzəştlər təşkil oluna bilər. Bu metoddan əvvəlki dövrlərdə də istifadə edilib. Aylıq təqaüddən 10 manat çıxılaraq onlara daimi kart verilə bilər. Bu da Elm və Təhsil Nazirliyinin, Nazirlər Kabinetinin birgə təşəbbüsü ilə həll edilməlidir. Xüsusi qərarlar qəbul olunmalıdır. Bu istiqamətdə Milli Məclisə təqdimatlar göndərilməlidir".