Qışa hazırlıq...  - Abonentlərə mesajlar göndərilə bilər

Təbii qazın verilməsində fasilə yaranacaqsa, bunu abonentlərə ərazinin qaz istismar idarəsi xəbər verməlidir

  Payız-qış mövsümündə təbii qazın verilməsində fasilələrin yaranması ənənəvi hal alıb. Bunu adətən təmir-quraşdırma işləri ilə izah edirlər. Dünən paytaxtın 3 rayonunda qaz təchizatında fasilə yaranıb. Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əvvəlcədən xəbərdarlığına görə, noyabrın 7-si saat 10:00-dan etibarən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq. Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbərdaqlıq edilməsi müsbət haldır. Lakin əhali bu xəbərdarlıqdan xəbərdardırmı? Media ilə əlaqəsi olmayan, internet resurslardan istifadə etməyən sakinlərə bu xəbərdarlıq hansı formada çatdırlır? Çox zaman sakinlər qaz plitəsini yandırmaq istədikdə və ya qaz sobasının istilik vermədiyini görəndə təbii qazın kəsildiyinin fərqinə varır. Sonra da haradasa dəm qazından zəhərlənmələr, ölüm hadisələrinin baş verdiyi xəbərlərini təəssüflə izləyirik. Digər məsələ, təmir-quraşdırma işlərinin havalar soyuyanda aparılmasıdır. İnsanlar mənizllərində istilik gözləyəndə, “Azəriqaz”, sanki əhalinin canına qənim kəsilmiş kimi təmirə başlayır. Müxtəlif ərazilərdə təbii qazın verilməsində saatlarla, bəzən bir sutka fasilə yaranır. Evdə qoca, xəstə insanın, körpələrin olması isə sanki veclərinə deyil. Hələ biz təbii qazın verilməsində qış rejiminə keçilməsindən danışmırıq. Bir şey ki ödənişlədir, niyə qış-yay rejimi tətbiq edilsin ki?!. Abonent nə qədər istifadə edirsə, haqqını ödəyəcək. Biz ki təbii qazı Avropadan almırıq!     
  Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, problemin kökü idarəetmədədir: 

- Qaz istismarında problemlər yaranmasın deyə, sahə üzrə məsul şəxslər qohumbazlıq amili ilə deyil, peşəkarlıq və idarəetmə qabiliyyətinə görə təyin edilsələr, bu cür problemlər yaranmaz. Bütün kommunal sahələrdə olduğu kimi qaz istismarı sahəsində də ilin əvvəlindən plan tərtib edilir və təsdiqlənir. Əvvəllər hətta 1-2 il öncədən tərtib edilirdi, çünki bütün ölkə ərazisini əhatə etməliydi. Bu, elektrik enerjisi sahəsində də belədir, yollar, istilik sistemi, ümumilikdə şəhərin qışa hazırlığında da. Hər mövsümdə “qışa hazırlıq” başlığı altında tədbirlər planı hazırlanır. Boruların dəyişdirilməsi, təmir və sair bu plana daxildir. Tədbirlər planı yay-payız aylarından etibarən icra edilməlidir ki, havalar soyuyanda qaz kəmərləri, paylayıcı, ötürücü şəbəkələr işlək vəziyyətdə olsun. Məgər bir nəfər bu işlə məşğuldur, ona görə işləri görüb çatdıra bilmir? Hər inzibati rayonda, hər bölgədə qaz-istismar idarələri var, idarənin də öz işçiləri, fəhlələri. İşlər plana uyğun şəkildə aparılmalıdır ki, qışda problemlər yaranmasın. Hər bir məsul şəxs vəzifəsinin öhdəsindən gəlməlidir. Qış vaxtı əhaliyə xəbərdarlıq edilməsinin nə mənası var? Neyləməlidir əhali, odun sobası yandırsın? Sonra da başqa xəbərdarlıqlar edilir ki, “qeyri-standart qaz cihazlarından istifadə etməyin”. Mənzilə təbii qazın verilməsi dayanıbsa, soyuq havada vətəndaş nə etməlidir? Əlbəttə ki, başqa üsullara əl atacaq ki, evini isitsin. Bu da bir çox hallarda faciələrə gətirib çıxarır. Yenə də vətəndaşı günahlandırırlar ki, qeyri-standart qaz sobasından istifadə edib. Təmir işləri səhər saatlarında başlayır, axşam bitir.  Abonent səhərdən axşamadək qazsız qalır. Bu, abonentlərin təbii qazla təchizatında öhdəliyin yerinə yetirilməməsidir. Halbuki abonentlə müqavilə bağlanarkən 24 saat ərzində təbii qazla fasiləsiz təmin edilmə öhdəliyi götürür “Azəriqaz”. Amma götürdüyü öhdəliyi yerinə yetirmir. Və buna görə məsuliyyət də daşımır.
  M.Qəhrəmanlı qeyd etdi ki, təbii qazın verilməsində fasilə yaranacaqsa, bunu abonentlərə ərazinin qaz istismar idarəsi xəbər verməlidir: 
- Hazırda ölkə boyu bir çox sahələrdə elektron idarəetmə sisteminə keçilib. Abonentlərə mesajlar göndərilə bilər. Abonentin əlaqə nömrələri müqavilələrdə qeyd edilib. Zəhmət çəkib fərdi qaydada hər bir abonentə məlumat versinlər. Mediadakı məlumatlardan hər vətəndaş məlumatlı olmur.  Televiziyadakı məlumatları da çox insan görmür. Bu məsələdə doğru variant fərdi qaydada abonentləri məlumatlandırmaqdır ki, vətəndaş da əvvəlcədən işini planlaşdıra bilsin.