30 min nəfərdən çox yurddaşımız torpağındadır

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Növbəti köç karvanı... 

2025-ci ildə qayıdış prosesi daha intensiv xarakter alacaq

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir, bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlə qayıdırlar.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər cari ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.
Yeri gəlmişkən, növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 119 keçmiş məcburi köçkündən ibarət 21 ailənin Ballıca kəndinə ikinci dəfə köç prosesi gerçəkləşib.
Kəndə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb.
Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi yad olunub.
T. Kərimli keçmiş məcburi köçkünləri təbrik edib. Mənzillərin açarları ailələrə təqdim edilib.
Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Ballıca kəndində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd içməli su, elektrik enerjisi, təbii qaz və internetlə təmin edilib.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Xatırladaq ki, kəndə ilk köç dekabrın 13-də olub. İlk mərhələdə 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.  


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az"a açıqlamasında deyib ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır:
 “Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır”.

Xocalı sakinlərinin, keçmiş məcburi köçkünlərin nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşadıqlarını vurğulayan politoloq deyib ki, orada həyat yenidən canlanır:
 “Xocalının yaraları sarınır. 44 günlük İkinci Qarabağ savaşından və 23 saatlıq antiterror əməliyyatından Zəfərlə çıxan Azərbaycan dövləti vaxt itirmədən bir tərəfdən erməni vandalizmi nəticəsində viran qalmış ərazilərimizin dirçəlişi işlərini davam etdirir, digər tərəfdən isə Böyük Qayıdış çərçivəsində addımlar ataraq müharibənin vurduğu yaraları sarımağa səy göstərir. 
Bildiyimiz kimi, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xocalıya ilk köç bu ilin may ayında baş tutub. Sonrakı aylarda da bu proses davam etdirilib. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Xocalı şəhərində və ətraf kəndlərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Bütün bu işlər məhz Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində aparılır. Başqa sözlə desək, Xocalı şəhəri yenidən salınır. Vaxtilə erməni qəsbkarlarının qan gölünə çevirdikləri Xocalıda indi həyat yenidən dirçəlir. 
Doğma yurdlarına qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir, torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə öz şükran və minnətdarlıqlarını bildirirlər. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərimiz də unudulmur. Onların da ruhuna dualar oxunur, xatirələri əziz tutulur.
Şuşaya, Xankəndiyə, Laçına, Xocalıya Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam etdiriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. 2025-ci ildə qayıdış prosesi daha intensiv xarakter alacaq. Vaxtilə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ bölgəsindən vəhşicəsinə qovulan vətəndaşlarımızın indi öz doğma yurdlarına qayıtması onların təbii haqqı və hüququdur. Bu gün Qarabağımıza baş tutan hər bir köç mərhələsi ermənilərə vurulan ağır psixoloji zərbə deməkdir. Lakin bu məsələ təkcə psixoloji zərbə ilə bitməyəcək. Biz Xocalı soyqırımını törədən canilərin hüquqi cəza almasına da nail olacağıq. Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər”.