Vətəndaşı razı salmadan onun yaşadığı evi uçurmaq qanunsuzluqdur -AÇIQLAMA

Qanunvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb
 
Vətəndaşla tikinti şirkəti arasında kompensasiya narazılığı, Azərbaycanda tez-tez rast gəlinən mübahisələrdəndir, xüsusilə də bina tikintisi və ya köçürülmə hallarında...
Bakıda yenə də vətəndaşla tikinti şirkəti arasında kompensasiya narazılığı yaşanır. Paytaxt sakini Siyavuş Əsgərov iddia edir ki, iki evi olduğu halda, tikinti şirkəti bir mənzilin kompensasiyasını ödəyir.
Onun sözlərinə görə, Yasamal rayonu Kazım Kazımzadə küçəsindəki həyət evləri plana düşüb. ''LUX RESİDENS'' tikinti şirkəti həmin ərazidəki sakinlərlə razılaşıb və kompensasiya etməklə ərazidəki evlərin sökülməsinə başlayıb.
Siyavuş Əsgərov iddia edir ki, həmin ünvanda onların 32 və 34 ünvanında iki evləri var, amma şirkət onlardan birinin ödənişini edir.
Tikinti şirkətinin direktoru Rəfael Mirzəyev isə bildirib ki, ərazidə 30-a yaxın həyət evi var və həmin şəxslərlə ötən ilin iyun ayında razılığa gəlib mənzillərin sökülməsini icra edirlər. O ki qaldı Siyavuş Əsgərovun evinə, Rəfael Mirzəyev də iddia edir ki, həmin şəxs və onun ailə üzvləri ilə razılıq ərizələri var. (Bakupost.az )

Millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, vətəndaşla tikinti şirkəti arasında kompensasiya problemi yarananda məsələ həm hüquqi, həm də praktik baxımdan yanaşma tələb edir. Deputat qeyd edib ki, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da, belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır: 
“Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. 
Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki,  söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadratmetrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov da qəzetimizə açıqlamasında qeyd edib ki, qanunvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb. Onun sözlərinə görə, ya alternativ əmlak verilməlidir, ya da ki müəyyən razılaşma əldə edilməlidir:
 “Sadəcə olaraq qanunda öz əksini tapan maddələr bir çox hallarda vətəndaşları və ya tikinti şirkətlərini qane etmədiyi üçün hər iki tərəf daha çox qazanc əldə etməyə çalışır. Bütün bunlar da təbiidir. Fikrimcə, hansısa binanı söküb yerində çoxmərtəbəli bina tikmək istəyən MTK-ların güclü maliyyəsi olmalıdır. Bəzən vətəndaşlar şəxsi mənzilləri üçün artıq pul, evlərinin ölçüsündən böyük mənzillə təmin olunmaq istəyirlər. Tikinti şirkətləri isə bu halda vəsaitlərinin çatmadığı iddiası ilə vətəndaşları məhkəmələrə verirlər. Bu, düzgün yanaşma deyil. Əgər vətəndaşların maraqlarını təmin edəcək, onları razı salacaq maddi vəsaitin yoxdursa, bu qədər yükün altına girmək düzgün deyil. Çox təəssüf ki, bəzi MTK-lar söküləcək binaların sakinləri ilə razılaşmadan, onlarla yazılı müqavilə bağlamadan insanları kirayə köçürməyə, yaxud da qəzalı binanın iki addımlığında yeni bina inşa etməyə başlayırlar. Mənzillərin bölüşdürülməsi zamanı mübahisə yarananda isə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Halbuki MTK-ların müvafiq qurumlarla razılaşdırılmış layihə sənədləri varsa, nəzərdə tutulan bina sökülməli və sakinlər yeni inşa edilən binada tam təmirli mənzillə təmin olunmalıdırlar. Tikinti şirkətinin maddi vəsaiti yetərli olmadıqda o layihəni müəyyən müddətə dondura və yaxud da başqa bir investor taparaq işin icrasını ona həvalə edə bilər. Vətəndaşlarla qarşılıqlı razılaşma və yazılı müqavilə olmadan onların binalarında söküntüyə başlamaq, normadan yaxın məsafədə yeni bina inşa etmək qanuna ziddir”.