Bu camaata nə satılır, qarşısına nə qoyulur ki, bir ucdan zəhərlənmə məlumatları yayılır?
Yağış, subasma bitdisə, ən aktual sual hazırda budur; nə yeyək ki, zəhərlənməyək? Evdə zəhərlənmə, iş yerində zəhərlənmə, toyda zəhərlənmə!.. Bu camaata nə satılır, qarşısına nə qoyulur ki, bir ucdan zəhərlənmə məlumatları yayılır? Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. Bakupost.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1992-ci il təvəllüdlü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.
Sumqayıtda isə fabrikdə zəhərlənmə hadisəsi qeydə alınıb. TƏBİB-in məlumatında bildirilir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə ümumilikdə 21 nəfər hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıblar. Bakıda yerləşən "Venesiya" şadlıq sarayında da 2 gün əvvəl kütləvi zəhərlənmə hadisəsi baş verib. 50-yə yaxın insan dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Zəhərlənmənin mikro-bioloji çirklənmədən baş verdiyi ehtimal edilir.
Dərmanlı məhsullar
Zəhərlənmələrin təsnifatı aparıldıqda məlum olur ki, təkcə hazır qidalar, qışa tədarük edilən şorabalardan deyil, mövsümi tərəvəz və meyvələrdən də zəhərlənmə halları baş verir. Mütəxəssislər, xüsusən pediatrlar yay gəlməmiş çirmənən – yəni mart ayı bitər-bitməz, mövsüm başlamamış satışa çıxarılan çiyələklərin alınıb uşaqlara yedirilməsinin qətiyyət yolverilməz olduğunu bildirirlər. Amma nə yzıq ki, qarnı deyil də, gözü ac, nəfsinə hakim ola bilməyən valideynlər çiyələk görən kimi alıb uşaqlara yedirirlər. Ana və ya atanın az qala Ordubad əriyi boyda şişirdilmiş GMO çiyələyi övladına verməsi üçün hansı təfəkkürdə olması lazımdır, doğrusu, müəyyən etməkdə çətinlik çəkirik. Belə çiyələkdən zəhərlənmə də baş verər, Allah göstərməsin, ölüm halı da olar. Təkcə çiyələkdirmi, təhlükə törədən, əlbəttə, yox. Göründüyü kimi Gəncədə bir ailənin 5 üzvü bazardan alınmış xiyardan zəhərlənib. Pomidor, xiyar, digər tərəvəzlər il boyu satışdadır. Daha yay tərəvəzi, yay meyvəsi anlayışı qalmayıb. Qışda da istənilən tərəvəzi marketlərdə, bazarda almaq mümkündür, pulun yetirsə, təbii ki. Amma bu tərəvəzlər təbii deyil. Məlum məsələdir ki, parnik üsulu ilə yetişdirilir və məhsulun yetişməsi üçün də külli miqdarda gübrə və kimyəvi maddələrdən istifadə olunur.
Kal qarpıza çuğundur vurulur
Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Rauf Qarayev “Sherg.az"a açıqlamasında bildirdi ki, məhsullar yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur, bu da insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir:

- Təbii üsulla məhsul yetişdirmək mümkünsüzləşib artıq. Məhsullar əksər hallarda dərmanla yetişdirilir. Bəzi hallarda istifadə olunan dərmanların miqdarını normadan artıq edirlər ki, məhsul xarab olmasın, ziyanvericilər məhsulu zay edə bilməsin, bu da əlbəttə, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Görünüşü yaxşı olur, amma tərkibi ziyanlı. Adətən dərmanlama prosesi istixanalarda daha çox olur. Çünki ilin bütün fəsillərində məhsul yetişdirilir. Fermerlər qazanc əldə etməyə çalışırlar. Ona görə də kimyəvi vasitələrdən çox istifadə edirlər. Xiyar da belə yetişdirilir, pomidor da, digər tərəvəzlər də. Hamısı da istixana məhsuludur. Dərmanla yetişdirilən məhsullardır, əlbəttə, zəhərlənmə olacaq. Göyərtilərə də bol miqdarda gübrə vurulur. Görürsünüz, tərəvəzləri alırsız, bir-iki gün soyuducuda qalan kimi xarab olurlar. Xiyar, pomidor pırsıyır, pomidoru kəsəndə qırmızı yox, ağ su çıxır içindən.... Nə dadı var, nə tamı. Ancaq görünüşü var. Mən ali təhsil aldığım müddətdə müəllimlərimiz xarici ölkələrdə səfərdə olurdular. Səfərdən qayıtdıqda müşahidə etdiklərini danışırdılar. Deyirdilər ki, həmin ölkələrdə marketinq inkişaf edib, daha çox pul qazanmaqda maraqlıdırlar. Alıcıların cəlb edilməsi üçün məhsulun görünüşünün qəşəng, cəlbedici olmasına çalışırlar. Keyfiyyətə isə önəm verilmir. Tərkibi ziyanlı olur. İnsanların sağlamlığı önəmli deyil artıq. Məsələn, mən Türkiyə bazarlarında qarpıza çuğundur vurulduğunu müşahidə etmişəm. Qarpızın kal hissəsinə çuğundur vururlar ki, içi qırmızı yetişmiş görünsün. Əslində isə qarpız yetişməyib, kaldır. Qoz ləpələrinin vaxtı keçibsə, qurd basıbsa, onu yararsız məhsul hesab edib istehsaldan çıxarmılar, şirniyyat istehsalçılarına satırlar, onlar da türk paxlavasının hazırlanmasında həmin bu xarab qoz ləpələrindən istifadə edirlər, paxlavanın tərkibində xarab məhsul bilinmir.
Bazara baxsaq təbii məhsul tapmaq çətindir
İqtisadçı qeyd etdi ki, zəhərlənmələrə qidaların hazırlanması prosesində qaydalara əməl etməmək də səbəb olur:
- Məhsulun hazırlanması və ya saxlanma şəraitində xətalara yol verilir. Saxlanma və hazırlanma prosesinə diqqət etmək lazımdır. Bazara baxsaq təbii məhsul tapmaq çətindir. Az da olsa var amma. İnsanlar həyətyanı sahələrində bir hissə yetişdirirlər az miqdarda da olsa. Bu məhsullar keyfiyyətli olur. Amma onların da hazırlanması prosesində xətalara yol verilə bilər. Məsələn, qışa tədarük edilən xiyar, pomidor turşusunun hazırlanması prosesində yanlışlıqlara yol verilibsə, zəhərlənmə təhlükəsi labüd ola bilər. İnsanlar özləri məhsul hazırlayanda qaydalara riayət etmirlər. Məsələn, yayda xiyar, pomidoru konservləşdirir, turşuya qoyur, açanda diqqət etmir, suyu bulanıq deyil ki, xüsusi qoxu yoxdur ki, qapaq qabarıb-qabarmayıb. Bəzən buna bənzər hallar gördükdə də atmaq istəmirlər, “heç nə olmaz”, deyib istifadə edirlər və beləcə zəhərlənmə baş verir. Ümumiyyətlə, tövsiyə olunur ki, evdə soyuducuda mümkün qədər həmişə qatıq olsun. Narahatlıq hiss edilərsə, mütləq qatıq qəbul etmək lazımdır. Qatıq toksiki maddələri zərərsizləşdirmək xüsusiyyətinə malikdir.
İqtisadçı bildirdi ki, bəli, kütləvi zəhərlənmə halları müşahidə olunur. Amma çox zaman səbəb dəqiq bilinmir, nədən baş verib:
- Sahibkar günahkardır, yetişdirmə zamanı, yoxsa hazırlanma prosesində, saxlanma şəraitində yanlışlıqlar olub. Məhsul mağazadan alınıbsa, yoxlama aparılmalıdır. Marketlər də bəzən istifadə müddəti ötmüş ərzaqları, keyfiyyətsiz məhsulları satışda saxlayır. Endirim kampaniyası edir, qiyməti aşağı salır, təki məhsul satılsın. Belə hallara göz yumulur bəzən dövlət qurumları tərəfindən.
Çirkli əllərlə xidmət
Qida məsələləri üzrə ekspert Ağa Salamov isə açıqlamasında qeyd etdi ki, qida məhsullarında 3 növ çirklənmə olur. Mikrobioloji, kimyəvi və fiziki çirklənmə:

- Mikrobioloji çirklənmə qida məhsullarının düzgün şərtlər daxilində emal edilməməsi, emal şərtlərinin pozulması, saxlanma, daşınma, təqdim olunma qaydalarına riayət edilməməsi zamanı baş verir. Bişirmə, soyutma zamanı müəssisədə hər hansı işçi çirkli əllərlə məhsula toxunursa, mikrobioloji çirklənmə baş verir. Kimyəvi çirklənmə dərmanlama prosesinin düzgün aparılmaması, yuyucu vasitələrdən düzgün istifadə edilməməsi zamanı baş verir, hətta dırnaqlara çəkilən boya da kimyəvi çirklənməyə səbəb ola bilər. Fiziki çirklənmə isə məhsulun tərkibində yad cisimlər – qum, daş, taxta, şüşə, dəmir qırıntısı aşkarlanmasıdır. Hansı ki, son zamanlar çörəyin, ət məhsullarının tərkibində belə yad cisimlər aşkarlanır. Bəzən məhsulun içinə tük də düşə bilir. Tükün özü də fiziki çirklənmədir. Tük həm də stafilakok bakteriyası daşıdığına görə mikrobioloji çirklənmə də verə bilir. Şadlıq saraylarında anti-sanitar vəziyyət, işçilərin sanitar-gigiyenik qaydalara riayət etməməsi mikro-bioloji və fiziki çirklənmələrə səbəb ola bilər, iaşə obyektinin işçisi, xidmət göstərənlər əgər yuyulmamış əllərlə qidalara toxunursa, gigiyenik əlcəklərdən istifadə etmirlərsə, bu halda qida zəhərlənməsi halı da yaşanacaq.
Ekspert bildirdi ki, ət və ət məhsulları, süd və süd məhsulları da zəhərlənməyə səbəb ola bilər:
- Bəzi salatların hazırlanmasında istifadə olunan konservləşdirilmiş məhsullardan da, həmçinin salatlara vurulan mayonezdən də zəhərlənmə halları baş verir. Çox vaxt restoran və şadlıq sarayları qida məhsulu alarkən ucuz olsun deyə açıq şəkildə satılan, yaxud plastik qablaşdırmalarda olan mayonezlərdən istifadə edirlər. Bu qabların özü ziyanlıdır. Məhsulla kimyəvi reaksiya baş verir və zəhərlənmə riski yaranır. Bəzən şadlıq sarayları ucuz başa gəlsin deyə düzgün saxlanılmayan, keyfiyyətsiz, yüksək risk qrupuna daxil olan qidaları alır və qonaqlara təqdim edirlər. Ət, balıq, toyuq, yumurta, mayonez kimi məhsullardan hazırlanan qidalar hamısı risk qrupuna daxildir. Pomidor, xiyar kimi tərəvəzlər isə torpaqda yetişdiyi üçün düzgün yuyulub, təmizlənmədiyi zaman botulizm və digər zəhərlənmə təhlükəsi ola bilər. Nəinki torpaqda yetişən məhsullar, ümumiyyətlə, qida məhsulları çox təmiz yuyulmalı, emal prosesi düzgün aparılmalıdır. Yaxşı təmizlənməmiş tərəvəzlərdən şorabalar qoyulduğu zaman risk qaçılmaz ola bilər. Bəzən yediyimiz ət məhsullarının mənşəyi barəsində məlumatsız oluruq. Məhz bu səbəbdən ətdən zəhərlənmə halları tez-tez baş verir: “Ümumiyyətlə, təkcə ət yox, digər riskli qidalara da xüsusi diqqət yetirmək lazımdır. Toyuq əti, mayonez, yumurta və süd məhsulları riskli qidalar qrupuna aiddir. Əti aldıqda və ya hər hansı bir restoranda ət yeməyi sifariş etdikdə onun rənginə fikir vermək lazımdır. Ət qaralarsa, sarı, oleyin yağ turşularının miqdarı çox olarsa, almaq məsləhət deyil. Həmçinin rəngi göyəribsə və ya xoşagəlməz qoxu hiss olunursa, ondan uzaq durmaq lazımdır. Çünki ətin rəngi və qoxusu dəyişməməlidir. Bu kimi hallar baş verirsə, deməli, ət köhnədir. Ona görə də diqqətli olmaq lazımdır.