ABŞ lideri sülhdən danışır, dünya isə gərginləşir
ABŞ prezidentlərinin fəaliyyətini qiymətləndirərkən taktiki fərqlilikləri nəzərə almaq vacibdir. Hər bir prezident-istər Demokratlar Partiyasından olsun, istərsə də Respublikaçılardan əsasən dövlətin strateji maraqlarını qorumağa yönəlir. Taktiki gedişlər fərqli olsa da, uzunmüddətli strateji xəttlər dəyişməz qalır.
Bu hadisələrin fonunda ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından keçən 365 gün ərzində qazandığı uğurlar siyahısında Ermənistan-Azərbaycan sülh prosesi də yer alıb. Ağ Evin rəsmi saytında dərc olunan siyahıda Trampın nailiyyətləri sırasında 143-cü uğur kimi qeyd olunub: “Ermənistan və Azərbaycan arasında onun vasitəçiliyi ilə sülh əldə edilib”.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Trampın taktiki gedişlərinin Baydendən fərqli olduğunu söyləyib:
"Amerikada hakimiyyətin hansı partiyaya məxsus olmasından asılı olmayaraq-istər Demokratlar Partiyası, istərsə də Respublikaçılar prezident dövlətin strateji planına uyğun hərəkət etməli və ona riayət etməlidir. Taktiki gedişlər fərqli ola bilər, amma strateji xətt toxunulmazdır. Əgər prezident bu strategiyaya zərər verirsə, uzun müddət hakimiyyətdə qalması real deyil.
Trampın fəaliyyəti də, ABŞ-nin strateji maraqlarına xidmət edir. Onun taktiki gedişləri Baydendən fərqlidir. Tramp şoumen olaraq siyasi şoulara üstünlük verir. O, çox danışmağa meyllidir və bəzən özünü sülh məramlı biri kimi təqdim edir.
Məsələn, ABŞ-nin İranla bağlı əməliyyatları, Venesueladakı proseslər, Çin və Tayvanla əlaqələr göstərir ki, Ağ evin strateji maraqları dəyişməz qalır. Trampın bəyanatlarında sülh və diplomatiya vurğusu görsək də, əməldə ABŞ-nin maraqları qorunur. Vaşinqtonun maraqlarına uyğun olmayan dövlətlər isə sanksiyalar və digər təzyiqlərlə qarşılaşır, həmçinin o, müttəfiqlərinə də eyni yanaşma tətbiq edir. Avropa Birliyi ilə münasibətlərdə verilən bəyanatlar da bunu açıq şəkildə göstərir".
Politoloq Azərbaycan-Ermənistan məsələsində Trampın fəaliyyətinin taktiki səviyyədə diqqət çəkə biləcəyini deyib:
"Sülhün əldə edilməsində əsas rol Azərbaycan Prezidentinin xarici siyasətinə və 44 günlük Vətən Müharibəsi nəticəsində əldə edilən 10 noyabr razılaşmasına aiddir. Azərbaycanın de - fakto və de- yure suverenliyi bərpa edilib. ABŞ, ATƏT və digər beynəlxalq təşkilatlar bu prosesdə yalnız müşahidəçi rolunda olub, real sülhün təminində əsas təşəbbüs Azərbaycana məxsus olub.
Tramp, özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, ABŞ-nin əsas rolu həmişə strateji maraqlarını qorumaq olub. Tramp şouları ilə özünü sülh məramlı göstərmək istəyir, amma bu real vəziyyəti əks etdirmir.
Ümumilikdə, Tramp dövründə dünyada hərbi əməliyyatlar baş verib, ABŞ-nin maraqları bu proseslərin fonunda qorunub. İran, Venesuela, Qrenlandiya və Ukrayna hadisələri bunu göstərir".
Analitik Yaxın Şərqdə, xüsusən İsrail-Fələstin münaqişəsində ABŞ-nin ədalətli mövqedən çox, İsraili dəstəkləyərək maraqlarını qoruduğunu qeyd edib:
"Qısaca, Tramp siyasi şou yaratsa da, ABŞ-nin strateji maraqlarını qorumaqda Baydendən fərqlənmir. Bu baxımdan, Amerika prezidenti Tramp dünyada sülh tərəfdarı kimi təqdim olunmaq istəsə də, real vəziyyət bundan uzaqdır".