Azərbaycanda D vitamini çatışmazlığı sürətlə artır - TÖVSİYYƏ

Həkim D vitamini ilə bağlı yanlış inancları dağıtdı

Qədim zamanlarda Vitamin D əsasən pediatrlar üçün maraq doğururdu. Sovet dövründə uşağa bu preparatı təyin etməyən həkimin “pişiyini ağaca dırmaşdırırdılar”. O dövrdə uşağın sağlamlığı ilə bağlı belə ciddi yanaşmalar mövcud idi, amma zaman dəyişdi və təbabətdə baxışlar da dəyişdi”.

Bu sözləri sosial media hesabında pediatr Vaqif Qarayev paylaşıb.

Pediatr qeyd edib ki, indiki dövrdə praktik təbabətdə elə bir ixtisas sahəsi yoxdur ki, pasiyentdə Vitamin D səviyyəsini yoxlamasın. Hətta pandemiya dövründə bəzi alimlər COVID-19-un müalicəsində Vitamin D-ni demək olar ki, panaseya kimi təqdim edirdilər. Vitamin D-nin orqanizmi respirator viruslardan qoruduğu da bir çox araşdırmalarda göstərilib:“Odlar Yurdu insanında Vitamin D səviyyəsi az ola bilərmi? Məntiqlə, bu nadir hallarda mümkündür. Amma indi real vəziyyət göstərir ki, qanında Vitamin D normal olan insana nadir hallarda rast gəlmək mümkündür. Bunun səbəbi isə günəş işığından kənarda qalmağımızdır. Uşaqlı-böyüklü hamımız telefon və kompüter ekranlarına bağlıyıq və günəşə düşmən kimi baxırıq”.

V. Qarayev vurğulayıb ki, gündəlik həyatda Vitamin D-nin kifayət qədər alınması sağlamlığın qorunması üçün vacibdir və bu, həm uşaqlar, həm də böyüklər üçün prioritet olmalıdır.

Endokrinoloq Arzu Eyyubova “Sherg.az”a açıqlamasında bildirib ki, D vitamini çatışmazlığı hazırda ölkəmiz üçün aktual problemlərdən biridir. Onun sözlərinə görə, əvvəllər günəşli günlərin bol olduğu Azərbaycanda D vitamini çatışmazlığının mümkün olmadığı fikri formalaşmışdı. Lakin dəridə bu vitaminin az sintez olunmasının bir sıra səbəbləri mövcuddur: “Yaş artdıqca dəri qocalır və dəridə D vitamininin sintezi azalır. Bundan başqa, tərkibində SPF (günəşdən qoruyucu faktor) olan müxtəlif kosmetik vasitələrin geniş istifadəsi də bu prosesə ciddi təsir göstərir. Hətta SPF 30 olan kosmetik vasitələr dəridə D vitamininin əmələ gəlməsini təxminən 95 faiz azaldır”.

A. Eyyubova bildirib ki, solyariyadan istifadə edənlər və tünd rəngli dəriyə malik şəxslər də risk qrupuna daxildir: “Açıq rəngli dəri ilə müqayisədə, tünd rəngli dəridə melanin miqdarı çox olduğuna görə normal səviyyədə D vitamininin sintezi üçün 3–4 dəfə daha çox günəş şüalarına məruz qalmaq lazımdır”.

Mütəxəssisin sözlərinə görə, piylənmədən əziyyət çəkən şəxslərdə də D vitamini səviyyəsi aşağı olur:

“Çünki piy toxumasında toplanan D vitamini qana kifayət qədər keçmir. Bundan əlavə, böyrəklərin və mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri də D vitamini çatışmazlığının əsas səbəbləri sırasında yer alır. Əgər D vitamini çatışmazlığı mövcuddursa, təkcə D vitamini ilə zəngin qida məhsullarının qəbulu və ya profilaktik dozada (1–2 damcı) D vitamininin istifadəsi bu problemi aradan qaldırmır. Bu halda mütləq şəkildə həkim tərəfindən müalicəvi doza təyin edilməlidir”.