“Ehtimallara görə, müharibəyə müdaxilə ediləcəyi təqdirdə, İran Avropa ölkələrini bombalamaqla hədələyib”
"İran nüvə proqramından imtina etsə, ABŞ və İsrail qarşısında çarəsiz qalacaq"
ABŞ, İran və İsrail arasında aprelin 8-də atəşkəs elan olunmasına baxmayaraq, cəbhə xəttində qarşılıqlı zərbələr davam edir. İran limanları və Hörmüz boğazının blokadası da aradan qaldırılmayıb. ABŞ prezidenti Donald Tramp İranın razılığa gələcəyi dövrə qədər blokadanı davam etdirəcəyini açıqlayıb. Hazırda Trampın İrana münasibətində yumşalma müşahidə olunur. O, bugünkü bəyanatında, İranla gərginliyin azaldılması məqsədilə Ali dini lider Müctəba Xamenei ilə görüşmək istədiyini söyləyib. Atəşkəs uzandıqca tərəflərin siyasi tələblərində dəyişiklik baş verir. Vaxtilə İranın nüvə silahına sahib olmayacağını açıqlayan ABŞ, indi məsələyə yaşıl işıq yandırıb. ABŞ Dövlət katibi Marko Rubio müəyyən şərtlər qarşılığında, Vaşinqtonun İranın nüvə enerjisindən istifadə hüququnu tanımağa hazır olduğunu açıqlayıb. Göründüyü kimi, danışıqlar aparılsa da, qarşılıqlı zərbələr müharibə riskinin hələ də masada olduğunu göstərir.
ABŞ ilə İran arasında davam edən diplomatik təmasları və regionun gələcək perspektivlərini dəyərləndirən politoloq Əli Mustafa Sherg.az-la fikirlərini bölüşüb.
Onunla müsahibəni təqdim edirik:
-Əli bəy, İran və ABŞ arasında atəşkəs olsa da, qarşılıqlı zərbələrin davam etdiyini görürük. Mövcud regional mənzərəni nəzərə alsaq, proseslər razılaşmaya doğru yol alır, yoxsa yeni hərbi qarşıdurmaya?
- ABŞ və İranın şərtləri bir-birinin boğazından keçmir. Tərəflər atəşkəsi proseslərin uzlaşmaya doğru getdiyini göstərən bir vasitə kimi göstərməyə çalışırlar. M.Rubionun son çıxışı, tərəflər arasında ziddiyyətlərin hələ də aradan qalxmadığını ortaya qoyur. Lakin hazırda, nüvə proqramının müzakirəsi məsələsində İranın daxili və xarici siyasətində bir qədər yumşalma hiss olunur. Mövcud gərginliyə baxmayaraq, tərəflərin son nəticədə diplomatik müstəviyə meyil etdiyini söyləmək olar.
- Tramp ABŞ və İran arasındakı sazişin Tehranın nüvə proqramına həsr olunduğunu bildirir. İran məsələ ilə bağlı güzəştə gedə bilərmi?
- Nüvə proqramı və Hörmüz boğazına nəzarət imkanları, Tehranın qlobal güclərlə mübarizədə istifadə etdiyi ən təsirli strateji kozurlardır. İran bunlardan imtina etməyəcək. Çünki Tehran zənginləşdirilmiş urana, təhlükəsizlik təminatı kimi baxır. Əgər onlar bu məsələlərdə güzəştə gedərsə, ABŞ və İsrail qarşısında çarəsiz vəziyyətə düşəcək. ABŞ və İran arasında aparılan nüvə danışıqları barədə yayılan məlumatların çoxu əsassızdır. İddialara görə ABŞ İrandan nüvə fəaliyyətini 20 il müddətinə dayandırmağı tələb edib, İran isə 5 illə razılaşacağını açılayıb. Rubionun açıqlaması indiyə qədər nüvə proqramının müzakirə mövzusu olmadığını göstərdi.
- Rafael Qrossi İranın uran ehtiyatlarının Qazaxıstana verilməsini təklif edib. Bu barədə nə düşünürsünüz?
- Tehranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək statusu helə ki, danışıqlar masasına yatırılmayıb. Materialların Rusiya və ya Çinə transferi ilə bağlı spekulyasiyalara baxmayaraq, Qazaxıstan neytral platforma olaraq daha etibarlı alternativ kimi göstərilir. Lakin uranın hansı ölkəyə ötürüləcəyi yalnız Tehranın rəsmi razılığı və şərtləri əsasında müəyyənləşəcək. İran nüvə proqramının müzakirə olunmasına yaşıl işıq yandırsa da, Vaşinqtonun diqtə etdiyi birtərəfli tələblərlə razılaşmayacaq. Bütün senariləri nəzərə alan Tehran hökuməti, hər an müharibəyə hazırmış kimi davranır. Nüvə proqramının gündəmdə qalması, İranın strateji avantajıdır. Tehran bu məsələ üzərindən idarəolunan münaqişə dinamikasını davam etdirir.
- Əgər ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən alovlansa, strateji üstünlük hansı tərəfin lehinə dəyişər?
- ABŞ-nin real hərbi potensialı statistik rəqəmlərə əsasən görünsə də, İranın yeraltı dünyasında nə qədər raket və silah-sursata sahib olduğu müəmmalıdır. ABŞ və İsrail də bununla bağlı kifayət qədər məlumata sahib deyil. Əgər məlumatları olsaydı, həmin əraziləri dəqiq hədəflərlə bombalayardılar. Müharibəyə də İranın yeraltı hərbi imkanlarını ölçüb-biçmədən başladılar. M.Rubio müharibənin başlanğıcında, İranın yeraltında 200.000-dək raket arsenalına sahib olduğunu açıqlamışdı. Biz İranın real gücünü bilmirik. Xüsusilə də ABŞ və İsraillə qarşıdurma fonunda, Tehranın istifadə etdiyi hərbi texnologiyaların nə qədərinin yerli istehsal, nə qədərinin isə Rusiya və Çinin gizli dəstəyinə əsaslandığı qeyri-müəyyəndir. Hazırda ABŞ İranı bombalayan kimi SEPAH-da qarşılıq verir. Mövcud mənzərə, regionun gələcəyi ilə bağlı hərbi münaqişə və diplomatik razılaşma risklərinin bərabər şanslara malik olduğunu göstərir.
- NATO Hərbi Komitəsinin sədri zərurət yaranarsa, alyans ölkələrinin Hörmüz boğazı ilə bağlı əməliyyatlara qoşula biləcəyini açıqlayıb. Gələcək dönəmdə həqiqətən də belə bir senari gerçəkləşə bilərmi?
- Müharibənin ilk dönəmindən etibarən NATO üzvləri İrana qarşı hərbi əməliyyata qoşulmadılar. İndiki məqamda da qatılacaqları gözlənilən deyil. Çünki Tramp İrana hücum etmədən öncə, NATO müttəfiqlərini məlumatlandırmadı. Alyans ölkələri bunu əsas gətirməklə, münaqişədən yayındılar. Məsələyə dair daha ciddi arqumentlər var. Məsələn, İrandan Avropa ölkələrini hədəf almaq imkanına malik, mənzili 3500 kilometrə qədər çatan raket arsenalına sahib olduğu bildirilir. Ehtimallara görə, müharibəyə müdaxilə ediləcəyi təqdirdə, İran Avropa ölkələrini bombalamaqla hədələyib. Bu səbəbdən NATO dövlətləri prosesə qoşulmağa tələsmirlər. NATO-nun kollektiv müdafiə öhdəliyi yalnız Şimali Atlantika coğrafiyası ilə məhdudlaşır. Ərəb dünyası və Yaxın Şərqdəki hadisələr alyansın məsuliyyət zonasından kənardadır. Digər tərəfdən isə NATO-nun İrana qarşı hərbi əməliyyat keçirməsi üçün 32 üzv dövlətin hər birinin yekdil razılığı olmalıdır. Fərqli geosiyasi maraqlara xidmət edən ölkələrin eyni qərarda birləşməsi çətin məsələdir.