- Çünki Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, öz suveren siyasətindən dönmək niyyətində deyil
Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə olunan gərginlik fonunda Moskvada baş verən növbəti təxribat diqqət çəkir. Avqustun 27-də günorta saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi iki ölkə arasında onsuz da həssas olan münasibətlərə dair yeni suallar yaradıb.
Hadisənin videogörüntülərinin də yayılması fonunda Azərbaycan Xarici İşlər Nazirliyi insidenti qətiyyətlə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb. XİN hesab edir ki, bu təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə bilər və hadisənin Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması da istisna edilmir. Nazirliyin açıqlaması bir daha göstərir ki, Bakı Moskvanın diplomatik nümayəndəliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsini gözləyir.
Bu təxribatın arxasında hansı məqsədlər dayanmasını sabiq XİN rəhbəri Tofiq Zülfüqarovla müzakirə etdik.
Sherg.az söhbəti təqdim edir:
-Rusiya ilə Azərbaycan arasında son dövrlərdə münasibətlərdə müəyyən gərginlik müşahidə olunur.Bu gərginliyin əsas səbəbləri nələrdir?
- İlk növbədə qeyd edim ki, dövlət adından xarici siyasətlə bağlı addımlar atmaq səlahiyyəti olan rəsmi şəxslər müxtəlif bəyanatlar verirlər. Amma bir sıra məsələlər rəsmi şəkildə səsləndirilməsə də, digər tərəfdən Azərbaycana qarşı təzyiq, həmlə və digər addımlar atılır. Bu da onu göstərir ki, münasibətlərdə müəyyən gərginlik üçün əsaslar var. Rusiya tərəfi bunu açıq şəkildə səsləndirmir. Sadəcə olaraq, müxtəlif addımlarla öz real narazılığını göstərməyə çalışır. Bu, diplomatiyada və xarici siyasətdə geniş istifadə olunan üsullardan biridir. Azərbaycan tərəfi, xüsusilə də xarici siyasətlə məşğul olan məsul şəxslər bu addımlara müvafiq reaksiya verirlər. Ümumiyyətlə, görürük ki, artıq iki ildən çoxdur Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik mövcuddur. Bu gərginliyin gah intensivləşməsi, gah da səngiməsi müşahidə olunur. Bəzən yüksək səviyyədə bəyanatlar verilir ki, artıq böhran aradan qaldırılıb və onun həlli istiqamətində nəticə əldə olunub. Lakin real hadisələr bunun tam olaraq belə olmadığını göstərir.
– Bəs Rusiyanın Azərbaycana qarşı siyasətində əsas məqsəd nədir? Moskva Bakıdan konkret olaraq nə istəyir?
– Rusiyanın istəkləri çox ola bilər. Bunlar həm siyasi, həm də iqtisadi xarakter daşıya bilər. Lakin ümumi mənzərəni izah etmək üçün sadə bir tezis söyləmək lazımdır: Rusiya artıq başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir və əvvəlki münasibətlər, əvvəlki davranış qaydaları dəyişməkdədir.
– Azərbaycan öz suveren siyasətini qorumaqda israrlı olduğunu bəyan edir. Bu mövqe Moskvanın Azərbaycana münasibətinə necə təsir göstərir?
– Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra artıq dövlət olaraq öz suveren hüquqlarını və imkanlarını həm iqtisadi, həm də siyasi baxımdan möhkəmləndirir. Azərbaycan bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin tərəfdarıdır. Amma kiminsə öz üstünlüyünü təmin etməyə çalışması Azərbaycan tərəfindən qəbul edilmir. Bu baxımdan, Azərbaycan öz milli maraqlarını və suveren siyasətini müdafiə etmək mövqeyində israrlıdır.
– Azərbaycanın Rusiyaya qarşı hazırkı müqavimət strategiyası necə olmalıdır? Sizcə, bu strategiyada dəyişikliklərə ehtiyac varmı?
– Əslində, bu proseslər bir çox postsovet ölkələrində baş verir. Təkcə postsovet ölkələrində deyil, Avropa İttifaqına üzv dövlətlərdə və digər ölkələrdə də oxşar prosesləri müşahidə edirik. Təəssüf ki, Rusiya siyasətçiləri indiki dünyanın reallıqlarını ya başa düşmürlər, ya da qəbul etmək istəmirlər. Rusiya artıq Sovet İttifaqı deyil. Son dövrdə həyata keçirilən siyasət nəticəsində Rusiyanın nə iqtisadi, nə də geosiyasi mövqeləri əvvəlki kimi güclənib. Əksinə, müəyyən istiqamətlərdə zəifləmə müşahidə olunur. Xarici siyasət ölkənin real potensialına və imkanlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu, artıq reallıqdır.
– Siz qeyd etdiniz ki, postsovet ölkələri öz mövqelərini gücləndirirlər. Bu proses Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını zəiflədir?
– Postsovet ölkələrində başqa bir proses gedir. Müxtəlif dövlətlər öz mövqelərini, iqtisadi potensiallarını, siyasi nüfuzlarını və digər imkanlarını gücləndiriblər. Rusiya bu reallığı ya qəbul etməyə məcburdur, ya da müxtəlif böhranlar yaratmaqla göstərməyə çalışır ki, hələ də güclüdür və mövcud reallığı qəbul etmir. Ona görə də söhbətə başladığımız bu addımlar müəyyən mənada məqsədli şəkildə həyata keçirilir. Məqsəd kimisə qorxutmaq, ayrı-ayrı ölkələrə təzyiq göstərmək və müxtəlif taktikalardan istifadə etməklə öz təsir imkanlarını qoruyub saxlamaqdır. Lakin bəllidir ki, bu, uğursuz yoldur.
– Qarşıdakı dövrdə Azərbaycan-Rusiya münasibətlərində gərginliyin daha da artacağını düşünürsünüz, yoxsa tərəflərin münasibətləri normallaşdırması mümkündür?
– Əminəm ki, təxribat xarakterli addımlar davam edəcək. Çünki Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, öz suveren siyasətindən dönmək niyyətində deyil və Azərbaycan maraqlarını müdafiə etmək mövqeyində israrlıdır. Bu baxımdan, hələlik münasibətlərdə əsaslı dəyişiklik üçün ciddi əsas görmürəm. Amma hesab edirəm ki, Rusiya mövcud reallığı qəbul etməli və Azərbaycanla münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurmalıdır.