Paşinyanın əsas məqsədi mövcud Ermənistan dövlətini qoruyub saxlamaqdır - TƏHLİL

  • Faiq Ələkbərli: “Ermənistanın baş naziri əvvəlki siyasətdən fərqli istiqamət seçdi”
  • “Bu siyasət Azərbaycanın və Türkiyənin maraqları ilə üst-üstə düşür”

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında “Xarici siyasət” bölməsində əvvəllər yerləşdirilmiş materialların silindiyi bildirilir. Həmin materiallarda Ermənistanın Qarabağ məsələsində mövqeyi, Rusiya ilə münasibətləri, eləcə də ABŞ və Avropa İttifaqı ilə əlaqələri barədə rəsmi məlumatlar yer alıb. Erməni politoloq Eduard Abramyan bu məlumatların arxivləşdirilmədən silinməsini tənqid edib və bunun ölkənin siyasi tarixinin mühüm hissəsinin itirilməsi olduğunu bildirib.

O qeyd edib ki, əvvəllər həmin bölmədəki mətnlərdən kitab və digər “akademik tədqiqatlar”ında istifadə edib: “İndi isə bu məzmun yoxdur. Bu, yetkin dövlətlərdə, institutsional yaddaşa hörmət edən ölkələrdəki kimi, diqqətlə arxivləşdirilməyib, birbaşa silinib. Bununla da müasir Ermənistan Respublikasının siyasi tarixində xarici siyasətin bütövlüyünü təşkil edən rəsmi yazılı sənəd faktiki olaraq məhv edilib”.

Abramyanın sözlərinə görə, orada digər məsələlərlə yanaşı, Qarabağ məsələsinə dair İrəvanın mövqeyi də yer almışdı. Bundan əlavə, silinmiş məzmunda “Ermənistan və Rusiya arasında xüsusi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri”ndən bəhs olunub. Eləcə də ABŞ və Avropa İttifaqı ilə münasibətlərə dair qeydlər.

Türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a bildirib ki, Nikol Paşinyan baş nazir seçildikdən sonra Ermənistanın həm daxili, həm də xüsusilə xarici siyasətində ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, ilk mərhələdə Paşinyan daxili siyasətdə köklü dəyişikliklər həyata keçirə bilmirdi. Çünki əvvəlki hakimiyyətdən miras qalan siyasi sistemi müəyyən qədər qoruyub saxlamaq məcburiyyətində idi:

“Lakin Paşinyanın özünün də qeyd etdiyi kimi, o, əvvəlcə özündən əvvəlki prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın siyasi xəttindən tam şəkildə uzaqlaşmasa da, zaman keçdikcə həmin siyasətə qarşı çıxmağa başladı. Nəticədə Paşinyan tədricən əvvəlki hakimiyyətlərin siyasətindən fərqli istiqamət seçdi. Bu gün Paşinyan üçün əsas məqsəd mövcud Ermənistan dövlətini qoruyub saxlamaqdır. Yəni onun siyasətində birinci dərəcəli məsələ Ermənistanın dövlətçiliyinin, ərazi bütövlüyünün və mövcud reallıqlar çərçivəsində ölkənin qorunmasıdır”.

F. Ələkbərli bildirib ki, Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti dövründə Qarabağ məsələsi, erməni diasporunun maraqları və digər məsələlər dövlət siyasətində ön planda dayanırdı. Onun sözlərinə görə, Nikol Paşinyanın siyasətində isə əsas prioritet mövcud Ermənistan dövlətinin, yəni 29 min kvadratkilometrlik ərazinin qorunub saxlanılmasıdır:

“Bu baxımdan atılan bütün addımlar – dərsliklərin dəyişdirilməsi, Konstitusiyada müəyyən dəyişikliklərə cəhd göstərilməsi, eləcə də xarici siyasətdə əvvəlki tezislərdən tədricən imtina edilməsi diqqət çəkir. Buraya Rusiyaya münasibətin dəyişməsi, Avropa İttifaqı və ABŞ-la əlaqələrin yeni müstəviyə keçirilməsi, həmçinin Türkiyə və Azərbaycana münasibətdə əvvəlki yanaşmaların yenidən nəzərdən keçirilməsi daxildir. Bütün bunlar, ümumilikdə, müsbət haldır. Lakin bu dəyişikliklər ən əsas şəkildə Konstitusiyada öz əksini tapmalıdır. Hələlik konstitusiya məsələsində müəyyən suallar açıq qalır. Bununla belə, atılan addımlar göstərir ki, Paşinyan hökuməti bu istiqamətdə də ciddi islahatlar aparmaq niyyətindədir. Təbii ki, belə dəyişiklikləri bir anda həyata keçirmək mümkün deyil. Hazırda atılan addımlar da məhz bu prosesin mərhələli şəkildə həyata keçirildiyini göstərir. Bəziləri hesab edir ki, Paşinyanın atdığı bu addımlar Ermənistanın maraqlarına zərbə vurur. Mən isə belə düşünmürəm. Əksinə, hesab edirəm ki, Paşinyan bu siyasətlə mövcud Ermənistanı qoruyub saxlamağa çalışır. Onun buna nail olub-olmayacağı isə tamam başqa məsələdir.

Paşinyan hökumətinin bugünkü Ermənistanı, yəni mövcud sərhədləri və ərazi bütövlüyü çərçivəsində ölkəni qoruyub saxlaya bilməsi ciddi sualdır. Bu suala cavab vermək də asan deyil. Çünki Ermənistanın hazırkı ərazisinin ən azı 20 min kvadratkilometrinin Sovet Rusiyası tərəfindən Ermənistan SSR-ə müxtəlif yollarla verildiyi və ya birləşdirildiyi tarixi faktlarla bağlı mübahisələr mövcuddur. Bu baxımdan Paşinyanın qarşısında yalnız siyasi deyil, həm də tarixi və geosiyasi baxımdan kifayət qədər mürəkkəb məsələ dayanır. O, bir tərəfdən mövcud Ermənistanı qorumağa, digər tərəfdən isə ölkənin gələcək təhlükəsizliyini yeni regional reallıqlara uyğun şəkildə təmin etməyə çalışır”.

F. Ələkbərli qeyd edib ki, bu məsələlərə birmənalı yanaşmaq mümkün deyil:

“Mən hesab edirəm ki, Paşinyan hökumətinin son dövrlərdə atdığı addımlarda xarici təsirlər də mühüm rol oynayır. Əgər əvvəllər Ermənistanın xarici siyasətinin müəyyənləşdirilməsində əsas təsir mərkəzi Rusiya idisə, bu gün vəziyyət dəyişib. Artıq bu istiqamətdə əsas təsir Qərbdən, xüsusilə ABŞ və Fransadan gəlir. Paşinyan hökumətinin xarici siyasətini müəyyənləşdirən əsas qüvvə əvvəlki kimi Rusiya deyil. Qərb dövlətləri də anlayırlar ki, Ermənistan üçün əsas məsələ mövcud 29 min kvadratkilometrlik ərazinin təhlükəsizliyinin təmin edilməsidir. Bu baxımdan Paşinyan hökumətinin atdığı addımların nəticələrinin gələcəkdə necə qiymətləndiriləcəyini zaman göstərəcək. Hazırkı mərhələdə isə hesab edirəm ki, Paşinyan hökumətinin həyata keçirdiyi siyasət müəyyən mənada Azərbaycanın və Türkiyənin maraqları ilə də üst-üstə düşür. Lakin bundan sonrakı proseslərə və atılacaq addımlara əsasən bu siyasətin real nəticələrini növbəti mərhələdə qiymətləndirmək lazım gələcək”.