- Azərbaycana sirayət edən, bütün Türk dünyasına sirayət edir
3 oktaybrda Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasının 17 ili tamam olacaq.
3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan isə 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb və 14 sentyabr 2019-cu ildə Türk Şurasına üzv olub.
Təşkilatın ilk adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olsa da, 2021-ci ildən Türk Dövlətləri Təşkilatı adlandırılıb. Təşkilatın müşahidəçi üzvləri Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Təşkilatın fəaliyyət istiqamətlərinə türk dünyası arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin gücləndirilməsi, həmçinin ortaq dəyərlərin qorunması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi daxildir.
Bakıvaxtı.az sözügedən təşkilatın türk dünyasında rolu ilə bağlı türkoloq Rauf Köse ilə müsahibə hazırlayıb.
Tanıtım: Rauf Köse, Qazi Universitetinin Türkologiya fakültəsinin məzunudur. Türk millətinin mədəniyyət, tarix, dil, ədəbiyyat, sənət və müxtəlif mədəni zənginliklərinin qorunması və yaşadılması üçün həm Türkiyədə, həm də Türk dünyasında fərqindəlik yaratmağa çalışır. Başda Türkiyə olmaq üzrə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin siyasi sərhədləri xaricində qalmış türk və qohum toplumlarımızın mədəni irsinin qorunması və yaşadılması, həmçinin bu toplumlar və türk xalqları arasında birlik və bərabərliyin gücləndirilməsi üçün müxtəlif işlər həyata keçirir.
Müsahibəni təqdim edirik:
- Bu gün Türk Dövlətləri Təşkilatının 17 ili tamam olur. Bu təşkilatın Türk dünyası üçün rolu barədə nə deyə bilərsiniz?
- Əslində, məsələyə belə yanaşmaq lazımdır. Tarix boyunca həmişə bir-biri ilə savaş və mübarizə içərisində olmuş Avropa toplumları savaş və mübarizəni bir kənara qoyaraq, öz dini, etnik fərqliliklərinə rəğmən birlik qura biliblər. Həmçinin əsrlər boyunca müstəmləkə edilmiş Afrika toplumları cəmi 50 il əvvəl müstəqil olmalarına baxmayaraq, Afrika Birliyi qura bilirsə, 22 fərqli ərəb ölkəsi məzhəbi, ideoloji və ya idarəetmə fərqliliklərini bir kənara qoyaraq Ərəb Birliyini qura bilirsə, tarix boyunca bir və bütün olaraq birlikdə mübarizə aparmış türk toplumları niyə öz birliklərini, öz üst çətirlərini qurmasınlar?!
Digər toplumlar bunu etdiyi zaman nümunə göstərilsə də, türk toplumları bu birliyi inşa edəndə başda Ermənistan, Rusiya, Çin olmaqla, İran və bölgədəki digər aktorlar türk birliyinə qarşı çıxırlar. Çünki türklərin bir araya gəlməsi həm iqtisadi, həm də siyasi güc birliyi yaradacağından qeyd etdiyim ölkələr bunu özlərinə təhdid olaraq görürlər və öz əsarətləri altındakı türklərin də xilas ola biləcəyi narahatlığına düşürlər. Reallıq budur ki, türklər bir və bütün olarsa, birgə mübarizə apararlarsa, əsarət altındakı soydaşlarını da xilas edə bilərlər. İşğaldan azad edilmiş torpaqlar, İranda yaşayan soydaşlarımız, Şərqi Türküstandakı türklər, Rusiyanın əsarəti altındakı Krım türkləri və ya Qafqazdakı soydaşlarımız… Bütün bunlar türklərin niyə bir araya gəlməli və daha üst strukturlar qurmalı olduğunu göstərən əsas amillərdir.
- Türk Dövlətləri Təşkilatının qurulmasının əsas səbəbi nə idi?
- Əsrlər boyunca Çar Rusiyasının, ardınca da Sovet Sosialist Respublikaları İttifaqının əsarəti altında qalan, “Millətlər Zindanı” adlandırdığımız “Qızıl pərdə” yıxıldıqdan sonra, başda Azərbaycan olmaqla digər türk dövlətləri bir-bir müstəqilliklərini qazandılar. Bu dövlətlər öz dövlət təşkilatlarını formalaşdırarkən nümunə götürdükləri bir ölkə vardı - Türkiyə. Türkiyənin bu nöqtədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla birbaşa əlaqə qura bilməsi üçün Azərbaycanla inteqrasiya etməsi lazım idi. Türk Dövlətləri Təşkilatının ortaya çıxmasının səbəbi də budur. Çünki Azərbaycan coğrafi mövqeyi və mədəni varlığı etibarilə Türk dünyasının qəlbgahıdır. Azərbaycana sirayət edən, bütün Türk dünyasına sirayət edir. Azərbaycandakı türklük həm Anadoludakı türklüyü, həm də Türküstandakı türklüyü birləşdirən əsas qollardan biridir. Bundan dolayı Türk Dövlətləri Təşkilatının təməlini təşkil edən, “Türk dili danışan ölkələr birliyi” adlandırdığımız bu strukturun burada ortaya çıxması da təsadüfi deyil.
- Hazırda təşkilatın beş əsas üzvü var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Müşahidəçi üzvlər də var. Gələcəkdə təşkilatda türk dövlətlərinin sayı arta bilərmi?
- Mütləq artacaq. Çünki türk dövlətlərinin artıq təşkilata qoşulması lazımdır. Fəqət, siyasi səbəblərdən dolayı xarici siyasətdə tərəfsizlik kimi siyasi anlayışları var və hər hansı beynəlxalq birliyə isti baxmırlar. Lakin zamanla onların da yumşalacağını, Macarıstanın da eyni şəkildə yumşaldığını düşünürük. Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil türk dövlətləri tərəfindən tanınaraq bu birliyə dəvət edilməsi genişlənməni mümkün edə bilər. Bəlkə bundan illər sonra, çox uzaq olmayan bir gələcəkdə yeni türk dövlətləri də ortaya çıxa bilər.
- Yeni türk dövlətləri dedikdə, hansı torpaqları nəzərdə tutursunuz?
- Baxın, Qərbi Trakya, Krım, qaqauzlar, Şərqi Türküstan, Güney Azərbaycan, Qaşqaylar və ya yuxarıya gedək, Tatarıstan. Bunların, yaxud Orta Şərqdə türkmənlərin gələcəkdə müstəqillikləri və bəlkə dövlətə çevrilməsi və ya bağlı olduqları dövləti türk dövləti halına gətirməsi Türk Dövlətləri Təşkilatının üzv sayının artmasına vəsilə ola bilər.
Türk dövlətləri vahid razılaşma, ortaq ordu inteqrasiyası ilə öz birliklərinin sağlamlığını inşa etməlidir
- Bilirsiniz ki, hazırda dünyada əsas söz sahibləri ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrdir. Türk Dövlətləri Birliyi genişləndikdən sonra gələcəkdə dünyada türklərin söz sahibi olması mümkündürmü?
- Dünya türkün yaylasıdır. “Quru hakimiyyət nəzəriyyəsi”ndə türk millətinin yaşadığı coğrafiya dünyanın mərkəzi olaraq adlandırılır. Böyük güclərin çatışma sahəsi olaraq görülən bu türk iqliminin olduğu sahə bir və bütün şəkildə ortaya bir qüvvə çıxara bilirsə, inkişaf etdirə bilirsə, oradan doğacaq güc tam dünyanın mərkəzində olacaq. Çinin, Rusiyanın, Amerikanın, Qərb blokunun və aşağıdakı digər toplumların tam ortasında qalan türklük mərkəzi bir qüvvə yaradaraq gələcəkdə dünyada söz sahibi olan bir birlik olaraq yerini ala bilər. Ancaq bu birliyin dayaqlarının güclü olması lazımdır. Bu güc üç dayaq üzərində dayanır: siyasi, iqtisadi və hərbi.
- Hazırda türk dünyasında bu dayaqların hər üçü mövcuddurmu?
- Əlbəttə, hazırda siyasi birlik istiqamətində addımlar atılır. Bu, iqtisadiyyatla da möhkəmləndirilməlidir. Hərbi birlik də eynilə Şuşa Bəyannaməsində Türkiyə-Azərbaycan arasında olduğu kimi, bütün türk dövlətləri tərəfindən vahid razılaşma, ortaq ordu inteqrasiyası ilə öz birliklərinin sağlamlığını inşa etməlidir. Əgər bu olarsa, o zaman Türk Dövlətləri Təşkilatının uğurundan danışmaq olar.
- Türk Dövlətləri Təşkilatında mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə inkişaf var. Bu sahələrin inkişafı xalqlar arasında münasibətlərə necə təsir edir?
- Hər türk coğrafiyası müxtəlif zənginlikləri özündə barındıran bir irsi əks etdirir. Azərbaycanın sənəti, musiqisi Türk dünyasında bir nömrədirsə, Özbəkistandakı əl işləri, Qırğızıstandakı köçəri, qədim ata idmanlarımızın oynandığı oyunlar, Qazaxıstandakı bozqır mədəniyyəti, Anadoludakı türk dininin yaşayan ənənələri şirin rəqabətdən daha çox böyük türk mirasının ayrı-ayrı nöqtələrdə fərqli gözəllikləri ilə birlikdə açılmasıdır. Bir bitki düşünün, hər budağında ayrı bir çiçək, ayrı bir gözəllik açır. Bu gün Türk dünyasının vəziyyəti belədir. Hər biri özünə başqa bir sahə müəyyənləşdirərək həmin sahədə ən yaxşısını əks etdirməli, ən yaxşısını ortaya çıxarmalıdır. Rəsmə bir bütün olaraq baxdığımız zaman Türk dünyasının gözəlliyi üzə çıxacaq.
- Bu prosesdə Türkiyənin üzərinə hansı məsuliyyət düşür?
- Burada Türkiyəyə böyük məsuliyyət düşür. Niyə? Türkiyə əhali və iqtisadiyyat baxımından digər türk dövlətlərindən bir qədər öndə olduğu üçün, həmçinin digər türk dövlətlərindən daha təcrübəli mövqedə olduğuna görə öz bilik və təcrübəsini, texnoloji infrastrukturunu, yetişmiş insan gücünü, qazandığı təcrübələri soydaşlarımıza mütləq ötürməlidir. Ticarətdə üstünlüyü Türk dünyasına verməlidir. İnvestisiya prioritetini Türk dünyasına verməlidir. Tələbə mübadilə proqramlarını Türk dünyasına verməlidir.
Bunu da deyim ki, ərəb ölkələrinə gedəndə hava limanında endiyimiz zaman sıra ərəb toplumu və digər millətlər olaraq ayrılır. Ərəb Birliyinə üzv ölkələr orada ayrıca sıraya girirlər. Bu vəziyyət Avropa İttifaqı və Afrika Birliyində də eyni şəkildədir. Biz niyə Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün hava limanlarından başlayaraq türk soylular üçün ayrıca bir sahə açmırıq? Zehinlərə, bütün gənc beyinlərə Turanı, yəni Böyük Türk Birliyini işləməliyik. Buradan başlamalıyıq: mədəni birlik, ortaq vətəndaşlıq anlayışı, rəqəmsal çağda ortaq vətəndaşlıq infrastrukturu, səyahətlərin daha da asanlaşacağı sistemlər…Vizanın və gömrüyün tamamilə aradan qaldırıldığı, hər şeyin bir-birinə tam inteqrasiya olunduğu, eyni zamanda böyük bir struktur daxilində iç-içə keçmiş bir quruluş inşa edilməlidir.
Türk mədəniyyətinin yaşadılması üçün ciddi vətəndaş cəmiyyətlərə ehtiyac var
- Türk dövlətlərinin mədəni irsinin qorunması və dünyaya tanıdılması siyasi baxımdan hansı təsirlərə malikdir?
- Mədəniyyət bir millətin daşıyıcı qollarından ən önəmlisidir. Mədəniyyətin qorunması istiqamətində dövlət və onun müəyyənləşdirdiyi qanunlar, təhsil siyasəti və ya qoruma proqramları təkbaşına yetərli deyil. Burada xalqların və toplumların da rolu vacibdir. Türk mədəniyyətinin araşdırılıb yaşadılması üçün ciddi vətəndaş cəmiyyətlərə ehtiyac var. Hər sahə ilə bağlı cəmiyyətlər formalaşdırılmalıdır. Məsələn, aşıq mədəniyyəti Anadoluda da, Azərbaycanda da var. Bu mədəniyyətin yaşadılması üçün həm Anadoluda, həm də Azərbaycanda bir cəmiyyət qurulmalıdır. Eynilə “Koroğlu” dastanı kimi. Necə ki, Anadoluda da, Azərbaycanda da, Orta Asiyada da və Türküstanda da var. Eyni şəkildə cəmiyyətlərin təşəbbüskar olması lazımdır. Və toplum bu cəmiyyətlərə sahib çıxmalıdır.
- Türkiyədə din məsələləri hər zaman həssas mövzu olub. Türk Dövlətləri Təşkilatını dinlə əlaqələndirsək, bu istiqamətdə hansı addımlar atıla bilər?
- Türklərin böyük əksəriyyəti İslam dininə inanır və İslam dinini də yer üzündə yaşayan ən gözəl dinlərdən biri hesab edir. Ən təmiz, ən saf, ən duru şəkildə yaşayan dinlərdən biridir. Osmanlı dövlətinin əsrlər boyu Qərb dünyası ilə mübarizəsindən qaynaqlanan Qərbin şüurunda belə bir mövzu var: “Türk, müsəlman, müsəlman-türk”. Belə bir məntiq var. Burada Macarıstana böyük bir vəzifə düşür. Macarıstan Türk Dövlətləri Təşkilatının tam üzvü olarsa, o zaman Qərbin və ya digər toplumların Türk dünyasına qarşı dini motivasiyalarla hərəkət etməsinin və ya fərqli ittihamlar irəli sürməsinin qarşısı alına bilər.
TDT xüsusən türklərin birbaşa düşməni olanlar tərəfindən tanınır
- Sizcə, türk dövlətlərinin hazırkı münasibəti yetərlidir?
- Qətiyyən. Azərbaycan və Türkiyə arasındakı münasibətlərə baxılaraq bütün Türk dünyasında sanki eyni münasibət varmış kimi düşünülür. Amma burada çox böyük yanlışlıq var. Biz, əlbəttə, Oğuz birliyini qorumuş vəziyyətdəyik. Lakin Türküstandakı soydaşlarımızla əlaqə problemləri yaşayırıq. Hansı problemləri yaşayırıq? İstər dil məsələsində, istər tələbə mübadilə proqramlarının yetərsizliyi baxımından, istərsə də ora investisiya qoyuluşu nöqtəsində... Yəni, təcili həll edilməli məsələlər var.
- Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu necə qiymətləndirirsiniz?
- Türk Dövlətləri Təşkilatı qlobal aləmdə yetərincə tanınır. Xüsusən də türklərin birbaşa düşməni olanlar tərəfindən tanınır. Çünki düşmən bizi bizdən yaxşı bilir. Biz türk olduğumuzu unutsaq da, düşmən türk olduğumuzu unutmur.
- Bir məsəl var: “Düşmənini yaxınlığında saxla”. Gələcəkdə Türk Dövlətləri Təşkilatına türk olmayan dövlətlər qatıla bilərmi?
- Qatılmalıdır. Məsələn, Rusiya müşahidəçi kimi qatılmaq istəyir. Amma Rusiya qatılmasın.
- Niyə?
- Biz onsuz da Türkiyədə Rusiyanın nüfuzunu qırmağa çalışırıq. Bir də eyni şeyləri təkrar etməyə ehtiyac varmı? Həmin coğrafiyada eyni səhvləri etməyə ehtiyac varmı? Tarixi bilənlər bilir. Türk xalqları bir-biri ilə mübahisə etdiyi üçün rus və çinlilər bizi əzdi. Amma türk dostu ölkələr müşahidəçi olaraq qatıla bilər. Qatılmalıdır.
- Bu gün qlobal aləmdə ən aktual və ən çox müzakirə olunan mövzulardan biri hərbi münaqişələr və qarşıdurmalardır. Türk Dövlətləri Təşkilatının hərbi sahəyə münasibəti necə olmalıdır? Dünya doğrudan da hərbiləşməlidir?
- Təəssüf ki, Qazaxıstan və Qırğızıstan əhali və iqtisadi problemlər yaşadığı üçün hər an Çin və Rusiya tərəfindən işğal edilə və ya təzyiqə məruz qala biləcək vəziyyətdədirlər. Beynəlxalq güclərin bu qədər müdaxilə etmək istədiyi bu coğrafiyada sən öz varlığınla, silahlı qüvvənlə, əhalinlə ortaya bir çəkindirmə gücü qoymazsan, “orman qanunları”nın keçərli olduğu bir düzəndə, təəssüf ki, sənə yaşamaq haqqı tanınmaz. Bu gün Şərqi Türküstanda, Qərbi Trakyada olanları hamımız bilirik. Yəni, türk dövlətsizdirsə, ona insanca yaşamaq haqqı tanınmır. Türk mütləq müstəqil olmalıdır. Müstəqilliyini qoruması üçün də silaha sahib olmalıdır. Sovet İttifaqı dağılanda Azərbaycan xalqının əlində silah olsaydı, ermənilər Qarabağı işğal edə bilərdimi?Xeyr. Ermənilər ruslarla birlikdə aldılar. Yəni, Ermənistan Rusiyanın silahlandırdığı yerdir. Ona görə də türk hər zaman güclü və silahlı olmalıdır. Güclü və silahlı olsaq, dövlət olaraq bizi kimsə əzib keçə bilməz.
- Türk Dövlətləri Təşkilatının gələcəkdə hansı yeniliklərə ehtiyacı var?
- Bir çox sahələr var. Təcili şəkildə ortaq vətəndaşlıq anlayışı genişləndirilməlidir. İstəyən istədiyi coğrafiyaya gedib yerləşə bilməli, istədiyi yerdə ticarət edə bilməli, istədiyi yerdə təhsil ala bilməlidir. Məsələn, sən buradakı bir məktəbdən məzun olduğun zaman diplomunun Türkiyədə də tanınması təmin edilməlidir. Türkiyədə bir məktəbdən məzun olsan, diplomun orada da tanınmalıdır. İstədiyin qədər ölkədə qala bilməli, həmçinin mülk sahibi ola bilməlisən. Bunların reallaşması istiqamətində addımlar atılmalıdır. Tarix bizi buna məcbur edəcək.
Gülşən Şərif