İran böhranı Azərbaycan-Türkiyə xəttinə də təsir edə bilər - Hasan Oktay

  • "Qısacası, hazırda İranda müharibənin sona çatmasından daha çox, yeni bir gərginlik dövrünün başlayıb-başlamadığını izləmək lazımdır"

ABŞ-İran arasında hazırda vəziyyət kifayət qədər ciddidir. Məsələ “yenidən müharibə başlayacaqmı?” sualından daha çox, faktiki olaraq yenidən toqquşmaların başlamasıdır. Sentyabrın 1-i gecəsi ABŞ ilə İran arasında yeni hava zərbələri həyata keçirilib. İran da buna ABŞ-nin bölgədəki bazalarına və müttəfiqlərinə raket və PUA hücumları ilə cavab verib. Bu son həftələrin ən ciddi gərginlik artımıdır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay ABŞ-İran toqquşması ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Hazırda nə baş verir? Hadisələri necə oxuyursunuz?

-ABŞ-nin son hücumlarında xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı hava hücumundan müdafiə sistemləri, radarlar, dəniz qüvvələri, mina döşəmə imkanları və kommunikasiya obyektləri hədəfə alınıb. ABŞ-nin hücumları İranın Hörmüz boğazında dəniz nəqliyyatına qarşı fəaliyyətlərinə və Amerika qüvvələrinə yönəlmiş hücumlarına cavab olaraq əsaslandırılır. Hərçənd bu, İran-Amerika müharibəsi kimi görünsə də, əslində Amerika birbaşa İnqilab Keşikçilərini vuraraq həm Avropa İttifaqının, həm də özünün terror təşkilatı elan etdiyi İnqilab Keşikçilərinə qarşı müharibə aparır.

Buna qarşılıq İnqilab Keşikçiləri isə İordaniya, Bəhreyn, Küveyt və İraqdakı ABŞ hədəflərinə raket və PUA hücumları həyata keçirib. İordaniya 10 ballistik raketin qarşısının alındığını açıqlayıb. Bəhreyn də İran PUA-larının zərərsizləşdirildiyini bildirib.

Ən təhlükəli məqam isə müharibənin əvvəlindən bəri həll olunmayan Hörmüz boğazıdır. İranın boğazı bağlama, minalama fəaliyyətləri və ABŞ-nin bunu açmağa yönəlmiş hərbi əməliyyatları münaqişəni birbaşa qlobal enerji təhlükəsizliyi məsələsinə çevirir. Brent markalı neftin sentyabrın 1-də təxminən 4,6 faiz bahalaşaraq 94,65 dollara yüksəlməsi bunun ilk göstəricilərindən biridir.

-Bundan sonra tammiqyaslı müharibə olacaqmı?

-Risk ciddi şəkildə yüksəlib, lakin hələ qaçılmaz tammiqyaslı müharibədən danışmaq üçün tezdir.

Burada üç fərqli ssenari var:

Birincisi, nəzarətli qarşılıqlı hücumlardır. Bu, ən ehtimal olunan ssenaridir. ABŞ İK-nın hərbi imkanlarını və Hörmüzdəki fəaliyyətlərini məhdudlaşdırmağa çalışar. İK isə ABŞ bazalarını və bölgədəki maraqları hədəfə alaraq cavab verər. Tərəflər bir-birlərinə ciddi zərər vurmağa çalışarkən birbaşa rejim müharibəsi və ya quru işğalı səviyyəsinə yüksəlməməyə çalışa bilərlər.

İkincisi, gərginliyin artması spiralıdır. Bu, ciddi riskdir. Əsas təhlükə buradadır. İran bir amerikalı hərbçini öldürər və ya ABŞ-nin mühüm hərbi obyektinə ciddi zərbə endirərsə, Vaşinqtonun daha ağır cavab verməsi gözlənilə bilər. Bunun ardınca İranın daha genişmiqyaslı hücumları baş verə bilər. Beləliklə, tərəflərin istəmədiyi halda cavaba cavab prinsipi ilə daha böyük hücumlar zənciri başlaya bilər.

-Bəs üçüncüsü?

-Üçüncüsü, yenidən diplomatiyadır. Diplomatiya hələ də mümkündür. Maraqlı olan budur ki, Vaşinqtonda da müharibənin daha da genişləndirilməsini istəməyən güclü bir mövqe mövcuddur. Tramp administrasiyasındakı bəzi yüksək səviyyəli şəxslər, xüsusilə 3 noyabr 2026-cı il ABŞ aralıq seçkilərinə qədər münaqişənin mümkün qədər aşağı səviyyədə saxlanılmasını istəyirlər. İctimai dəstəyin də zəif olduğu bildirilir.

Lakin problem budur: Vaşinqtondakı siyasi hesablamalar ilə meydandakı hərbi dinamika eyni istiqamətdə irəliləmir.

-Sizin də qeyd etdiyiniz kimi əsas kritik məsələ Hörmüzdür.

-Bəli. Burada sizin daha əvvəl üzərində dayandığınız İran məsələsi baxımından çox mühüm bir dəyişiklik var.

İran artıq yalnız nüvə proqramına görə ABŞ ilə qarşı-qarşıya olan ölkə kimi qiymətləndirilməməlidir. Münaqişənin mərkəzinə getdikcə: İran- Hörmüz- Körfəz- enerji- qlobal ticarət zənciri yerləşir.

Normal şəraitdə dünya neft təchizatının təxminən beşdə biri Hörmüzdən keçir. Hazırda keçidlərin ciddi şəkildə pozulması münaqişəni İran-ABŞ ikitərəfli məsələsindən çox-çox kənara çıxarır. Hörmüz və müharibə səbəbindən İranın gündəlik itkisinin təxminən 1 milyard dollar olduğu deyilir. Bu da əslində İranda böyük iqtisadi böhrana çevrilir. Xalq ilə İK arasında ciddi qarşıdurma riskini artırır.

Üstəlik, bu gün İranda ABŞ-nin həyata keçirdiyi hücum zamanı cənubdakı Kuhestakda bir toy evinin vurulması nəticəsində mülki şəxslərin öldüyü bildirilir. İran bunu “müharibə cinayəti” kimi qiymətləndirərkən, ABŞ mülki şəxsləri hədəfə almadığını və hərbi hədəflərə hücum etdiyini bildirir. Bu cür hadisələr İran ictimaiyyətindəki qəzəbi və Tehranın cavab vermək təzyiqini artıraraq diplomatik imkanları daralda bilər.

-Bu yeni toqquşma dalğası nəzarətli ABŞ-İran hərbi güc mübarizəsi olaraq qalacaq, yoxsa Hörmüz üzərindən regional müharibəyə çevriləcək?

-Hazırda ikinci ehtimalın riski əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə İranın Körfəz ölkələrindəki Amerika bazalarını, ticarət gəmilərini və ya enerji infrastrukturunu daha intensiv şəkildə hədəfə alıb. Buna qarşılıq isə ABŞ-nin İranın enerji və hərbi infrastrukturuna yönəlmiş hücumları genişləndirməsi çox təhlükəli hədd yaradır.

İranın gələcəkdə sistemə yenidən güclü şəkildə qayıtması bütün regional tarazlıqları dəyişə bilər. Bu hadisələr çox əhəmiyyətlidir. Çünki İranın müharibədən sonra necə bir siyasi və iqtisadi struktura çevriləcəyi yalnız Körfəzi deyil, Azərbaycan-Xəzər-Orta Dəhliz-Türkiyə xəttinin tamamını təsir altına ala bilər.

Qısacası, hazırda İranda müharibənin sona çatmasından daha çox, yeni bir gərginlik dövrünün başlayıb-başlamadığını izləmək lazımdır. Bugünkü məlumatlar riskin aşağı deyil, yuxarı istiqamətdə getdiyini göstərir.