Venesiya arxivindən Şah İsmayılla bağlı sənədlər: “Şərqdən gələcək xilaskar”... - MÜSAHİBƏ

  • “Onu müasir İran milli kimliyi ilə eyniləşdirmək düzgün deyil”
  • “Dili, irsi və siyasi dayaqları hər şeyi göstərir”
  • “Şah İsmayılı Azərbaycan tarixindən ayırmaq olmaz”

Tarixin izi bəzən kitab səhifələrində yox, əsrlərdir açılmayan arxiv qovluqlarında gizlənir. Əsrlər əvvəl yazılmış məktub, diplomatik hesabat və ya hökmdar fərmanı bu gün bütöv bir tarixi hadisəyə fərqli baxış gətirə bilər. Azərbaycanın siyasi, diplomatik və mədəni keçmişinin izlərini də dünyanın müxtəlif arxivlərində axtarmaq mümkündür. Venesiyadan Vatikana, İstanbuldan Avropanın digər arxivlərinə qədər uzanan bu mənbələr tariximizin hələ tam öyrənilməmiş səhifələrini özündə saxlayır.

Bu səssiz sənədlərin izinə düşən gənc tədqiqatçılardan biri də tarix üzrə fəlsəfə doktoru Alim Nəsirovdur. O, xarici arxivlərdə apardığı araşdırmalar və qarşılaşdığı nadir sənədlər barədə sosial şəbəkə hesablarında məlumatlar paylaşaraq tarixin arxivlərdə qalan tərəflərini geniş auditoriyaya çatdırır. 

Bəs əsrlərdir Avropa arxivlərində qorunan bu sənədlər Azərbaycan tarixinin hansı naməlum tərəflərinə işıq salır? Səfəvi şahlarının türkcə məktubları bizə nə deyir? Xarici mənbələrdə Azərbaycan və Səfəvilər necə təqdim olunub? 

Bu suallarla tarix üzrə fəlsəfə doktoru Alim Nəsirova müraciət etdik. Müsahibimiz xarici arxivlərdə apardığı araşdırmalardan, Azərbaycan tarixinin izlərini daşıyan nadir sənədlərdən, Şah İsmayıl Xətai haqqında Avropada formalaşmış təsəvvürlərdən, itkin arxiv kolleksiyalarından və gələcək nəsillər üçün bu tarixi irsin qorunmasının vacibliyindən danışdı.

Sherg.az müsahibəni oxucularına təqdim edir:

-Alim bəy, sizi dünyanın müxtəlif ölkələrində Azərbaycan tarixinin izlərini axtarmağa sövq edən əsas motivasiya və ya səbəb nə oldu?

-Əsas motivasiyam, İstanbul Universitetindəki doktorluq dissertasiyam oldu. Dissertasiya mövzum Səfəvi-Venesiya münasibətləri olduğu üçün mənbələrin izi məni xarici arxivlərə apardı. Amma əslində bu mövzunu seçməyimin arxasında daha əvvəldən formalaşmış tarix sevgisi və araşdırma həvəsi dayanırdı. Mənim üçün bu, həm elmi araşdırmadır, həm də öz tariximizin az bilinən tərəflərini ilkin mənbələr əsasında kəşf etmək imkanıdır. Yüz illərdir Avropa arxivlərində qorunan, bizim tarixşünaslıqda isə demək olar istifadə olunmayan sənədlərin olduğunu biləndə bu maraq daha da artdı.

-İndiyədək neçə ölkədə Azərbaycan tarixi ilə bağlı araşdırmalar aparmısınız? Hansı ölkənin arxivləri sizi ən çox təəccübləndirib və niyə?

-Araşdırmalarımın əsas hissəsi Türkiyə və İtaliyada, xüsusilə İstanbul və Venesiyada keçib. Bundan başqa Avropanın digər ölkələrində saxlanılan mənbələr və kataloqlar üzərində də işləmişəm. Məni ən çox təəccübləndirən Venesiya Dövlət Arxivi oldu. Venesiya Respublikasının çox geniş xəbər şəbəkəsi var. İstanbulda, Hələbdə və başqa mərkəzlərdəki adamları vasitəsilə Səfəvilər haqqında mütəmadi məlumat toplayırdılar. Bəzən Osmanlı-Səfəvi sərhədində baş verən bir hadisənin qısa bir müddət sonra Venesiyada müzakirə olunduğunu görürsən. Bu şəbəkənin nə qədər geniş işlədiyini görəndə adam heyrətlənir.

-Xarici arxivlərdə Azərbaycan tarixinə dair hansı sənədlər daha çox qorunur?

-Avropa arxivlərində daha çox diplomatik yazışmalar, səfir və konsul hesabatları, hökmdar məktubları, ticarət sənədləri və dövlət qərarları qarşımıza çıxır. Osmanlı-Səfəvi müharibələri, ittifaq axtarışları, ipək ticarəti və Səfəvi sarayındakı siyasi vəziyyət haqqında çoxlu məlumat var.

-Elə bir sənəd tapmısınızmı ki, tariximizə baxışı dəyişdirə biləcək əhəmiyyət daşısın?

-Mənə görə bu baxımdan ən diqqətçəkən sənədlər Səfəvi şahlarının Venesiyaya göndərdiyi türkcə məktublardır. Venesiya arxivlərində Səfəvi sarayından göndərilmiş ən azı üç türkcə məktub saxlanılır. Bu, məncə, olduqca əhəmiyyətli məqamdır. Bilirik ki, Səlcuqlulardan bəri fars dili regionumuzda qurulan türk dövlətlərində saray və diplomatik yazışmalarda çox güclü mövqedə idi. Səfəvilər dövründə də bu belə qaldı. Azərbaycan türkcəsinin isə Səfəvi sarayında hakim danışıq dili olduğunu bilirik. Ancaq bu məktublar bir daha göstərir ki, türk dili yalnız sarayın və ordunun danışıq dili deyildi, yeri gələndə rəsmi yazışmada da işlənirdi.

-Araşdırmalarınız zamanı arxivdə işləyərkən rastlaşdığınız ən maraqlı və gözlənilməz fakt hansı olub? 

-Məni ən çox təəccübləndirən XVI əsrin əvvəllərində İtaliyada Şah İsmayıl ətrafında formalaşan təsəvvürlər oldu. O dövrdə İtaliyada yayılan bəzi məlumatlarda Şah İsmayıl sanki Şərqdən gələcək bir xilaskar kimi təqdim olunurdu. Hətta onun varlıların malını alıb yoxsullara paylayacağı barədə söz-söhbətlər gəzirdi. Yəni bir növ "Şah İsmayıl mifi" yaranmışdı. 

-Sənədləri oxuyarkən problemlə qarşılaşmısınız?

-Arxivdəki problemlər daha çox praktikdir. Bəzi sənədlərin xətti çətin oxunur, kataloqlar həmişə ətraflı olmur. Bir cümləlik məlumat üçün yüzlərlə səhifə çevirmək lazım gəlir.

-Xaricdə Azərbaycanla bağlı yanlış təqdim olunan tarixi məlumatlara rast gəlmisinizmi?

-Bu günün baxışından yanlış görünə biləcək təqdimatlara rast gəlmək mümkündür. Amma mən bunları qəsdən edilmiş təhrif kimi qiymətləndirməzdim. Burada Avropanın antik dövrdən miras aldığı terminologiyanı nəzərə almaq lazımdır. Məsələn, Avropa mənbələrində Səfəvi dövləti çox vaxt "Persiya", şahlar isə "Persiya şahı" kimi keçir. Bu, təkcə Səfəvilərə aid deyil. Bəzi Bizans mənbələrində Osmanlılar üçün də "Perslər" ifadəsinə rast gəlmək olar. Bunun arxasında antik yunan-pers qarşıdurmasından Avropanın yaddaşına keçmiş bir təsnifat dayanır. Ona görə mənbədə "Persiya" sözünü görəndə onu dərhal bugünkü etnik və milli anlayışlarla izah etmək olmaz. Əvvəlcə həmin sözün o dövrdə nə demək olduğuna baxmaq lazımdır.

-Şah İsmayıl Xətai ilə bağlı müzakirələri yəqin ki, eşitmisiniz. Bu barədə nə düşünürsünüz?

-Şah İsmayılın Azərbaycan tarixi ilə bağlılığı məncə kifayət qədər aydındır. O, şeirlərini Azərbaycan dilində yazıb, qurduğu dövlətin əsas dayağını türk-qızılbaş tayfaları təşkil edib. 1501-ci ildə Azərbaycan şəhəri Təbrizdə taxta çıxıb. O həm ana, həm də ata tərəfdən türkdür. Onu Azərbaycan tarixindən ayırmaq tarixi reallığa uyğun deyil. Nəzərə alınmalı əsas məsələ odur ki, XVI əsr insanının kimlik və dövlət anlayışı bugünkündən fərqli idi. Biz Şah İsmayıldan özünü XXI əsrdə anladığımız mənada Azərbaycan dövlətinin hökmdarı kimi təqdim etməsini gözləyə bilmərik. O dövrdə sülalə, din və hökmdarlıq ənənəsi daha ön planda idi. Bilirik ki, "Şahnamə" və qədim İran hökmdarlıq ənənəsi türk sülalələrinin siyasi dünyasına da ciddi təsir göstərmişdi. Firdovsinin əsərində İran-Turan qarşıdurması və türklərlə mübarizə motivləri türklərin əleyhinə təsvir olunduğu halda, əsrlər boyu türk hökmdarları əsərin təsirində olublar. Elə bu faktın özü həmin dövrün kimlik dünyasının bugünkü millətçilik anlayışından nə qədər fərqli olduğunu göstərir. Ona görə Səfəvilərin Avropa mənbələrində "Persiya" adlanmasını və İran hökmdarlıq ənənəsindən istifadə etməsini müasir İran milli kimliyi ilə eyniləşdirmək düzgün deyil. Şah İsmayılın dili, yetişdiyi mühit, ədəbi irsi və siyasi dayaqları onun Azərbaycan-türk tarixindəki uca yerini kifayət qədər aydın göstərir.

-Araşdırmalar zamanı əldə etmək istədiyiniz, lakin hələ də tapa bilmədiyiniz bir mənbə varmı?

-Bəli. Məsələn, Venesiya Dövlət Arxivində Səfəvilərlə bağlı sənədlərin olduğu bir kolleksiyanı sifariş etmək istədiyim zaman qarşıma belə bir qeyd çıxdı: “1952-ci ildən bəri itkin olduğu bildirilir”. Ehtimal edirəm ki, bu kolleksiya İkinci Dünya müharibəsi zamanı arxiv sənədlərinin bir yerdən başqa yerə daşınması prosesində itib və 1952-ci ildə onun itkin olduğu rəsmi şəkildə qeydə alınıb. Həmin kolleksiyada Səfəvilərlə bağlı sənədlər olduğu üçün, təbii ki, onları görmək və araşdırmaq çox istərdim.

-Sizcə, Azərbaycan tarixinə dair ən zəngin materiallar hazırda hansı ölkələrdə saxlanılır?

-Məncə, Azərbaycan tarixinə dair ən zəngin materiallar ilk növbədə Türkiyədə Osmanlı arxivlərində, İtaliyadakı Venesiya, Vatikan kimi arxivlərdə, eləcə də Avstriya və başqa Avropa ölkələrinin arxivlərində Azərbaycan tarixinin müxtəlif dövrlərinə, xüsusilə Səfəvilər dövrünə dair çox mühüm və zəngin materiallar mövcuddur.

-Xaricdə qorunan Azərbaycan irsinin ölkəmizdə daha geniş tanıdılması üçün nə etmək lazımdır?

-İlk növbədə italyan, fars, Osmanlı türkcəsi və digər zəruri dilləri bilən tarixçilər təşviq edilməli və xüsusi layihələr çərçivəsində xarici arxivlərə göndərilməlidir. Əldə olunan nəticələr yalnız akademik nəşrlərlə məhdudlaşmamalıdır. Sərgilər, sənədli filmlər və vizual layihələr vasitəsilə də ictimaiyyətə çatdırılmalıdır. Eyni zamanda universitetlərin tarix proqramlarında xarici dillərə, paleoqrafiyaya, arxivşünaslığa və ilkin mənbələrlə işləməyə daha çox yer verilməlidir. Xarici arxivlərdə müstəqil işləyə biləcək yeni tarixçi nəslinin yetişdirilməsi vacibdir.

-Rəqəmsallaşdırma tarixi araşdırmaların gələcəyini necə dəyişəcək?

-Rəqəmsallaşdırma mənbələrə çıxışı xeyli asanlaşdırır və tədqiqat prosesini sürətləndirir. Ancaq bunun da müəyyən sərhədləri var. Məsələn, Venesiya Dövlət Arxivində milyonlarla sənəd saxlanılır. Onların fiziki vəziyyətini də nəzərə alsaq, bütün bu materialların yaxın gələcəkdə rəqəmsallaşdırılması real görünmür. Buna görə rəqəmsallaşdırma nə qədər inkişaf etsə də, ənənəvi arxiv tədqiqatının yerini tamamilə tutmayacaq.

-Əgər sizə dünyanın istənilən arxivində cəmi bir gün işləmək imkanı verilsəydi, hansı arxivi seçərdiniz və niyə?

-Əslində, tarixçi üçün dünyanın böyük arxivlərində araşdırma aparmaq əlçatmaz bir imkan deyil. Əgər lazımi dil və paleoqrafiya biliklərinə sahibsinizsə və müəyyən şərtləri yerinə yetirirsinizsə, bu arxivlərdə işləmək mümkündür. Amma mütləq seçim etməli olsaydım, araşdırma sahəmə görə Venesiya və Vatikan arxivlərini seçərdim. Hər iki arxivdə Azərbaycan və xüsusilə Səfəvi tarixinə dair hələ araşdırılmalı çox zəngin materialların olduğunu düşünürəm.

-Çoxları keçmiş dövrlərdə Azərbaycanla xarici ölkələr arasındakı münasibətləri bilmir. Məsələn, Venesiyada sizin araşdırdığınız mənbələrdən də bixəbərdirlər. Sizcə, maarifləndirmə işləri necə aparılmalıdır?

-Məncə, əsas problem arxivlərdə aşkar edilən məlumatların çox vaxt akademik mühitdən kənara çıxmamasıdır. Bu materiallar elmi dəqiqlik qorunmaqla sənədli filmlər, sərgilər, sosial media və digər vizual vasitələrlə ictimaiyyətə çatdırılmalıdır. Beləliklə, insanlar Azərbaycanın keçmişdə dünyanın müxtəlif dövlətləri ilə qurduğu siyasi, diplomatik və iqtisadi əlaqələri daha yaxından tanıya bilərlər.

-Xaricdə elə bir sənədlə qarşılaşmısınızmı ki, “bu, mütləq Azərbaycan ictimaiyyətinə çatdırılmalıdır” deyə düşünmüsünüz?

-Bəli, daha əvvəl qeyd etdiyim sənədlər və bunlardan başqa ictimaiyyətə çatdırılmasını vacib hesab etdiyim bir çox material var. Ancaq bəzi tapıntılarımı əvvəlcə elmi nəşrlər vasitəsilə akademik dövriyyəyə daxil etməyi daha doğru hesab edirəm. Məncə, ilk növbədə işin elmi tərəfi tamamlanmalı, bundan sonra həmin materiallar daha geniş auditoriyaya təqdim olunmalıdır.

-Gələcəkdə araşdırmaq istədiyiniz ölkə və ya arxiv hansıdır?

-Gələcəkdə İspaniya, Avstriya və İngiltərə arxivlərində daha geniş araşdırmalar aparmaq istəyirəm. Çünki Səfəvi dövlətinin hər üçü ilə müxtəlif səviyyələrdə siyasi və diplomatik münasibətləri olub. Bu arxivlərdə həmin əlaqələrə dair hələ öyrənilməli mühüm materialların olduğunu düşünürəm.

-İndiyədək əlinizə aldığınız ən “ağır” sənəd hansı olub? Məzmunu və ya tarixi çəkisi ilə sizi mənəvi olaraq ən çox sarsıdan tapıntını xatırlayırsınızmı?

-Mənim üçün Səfəvi şahlarının orijinal məktublarının saxlanıldığı kolleksiya xüsusi əhəmiyyət daşıyır. Bir neçə əsr əvvəl Səfəvi sarayından göndərilmiş orijinal məktubu analiz etmək tarixçi üçün çox fərqli bir hissdir.

-Xarici arxivçilərin və ya tədqiqatçıların Azərbaycanla bağlı sənədlərə münasibəti necədir? Bəzən “bu sənəd sizə olmaz” deyə gizlədilən və ya maneə törədilən məqamlarla qarşılaşmısınızmı?

-Xeyr. İndiyədək işlədiyim arxivlərdə Azərbaycanla bağlı olduğuna görə hansısa sənədin gizlədilməsi və ya istifadəsinə maneə yaradılması kimi münasibətlə qarşılaşmamışam. Əksinə, arxiv əməkdaşlarının münasibəti əsasən peşəkar və yardımçı olub. Bəzi nadir sənədlərin orijinalları istifadəyə verilmir. Onlar rəqəmsallaşdırılıb və tədqiqatçılara rəqəmsal formada təqdim olunur. Amma məsələn Venesiya arxivində belə hallar azdır. Bu vəziyyət sənədin mövzusu ilə deyil, onun qorunması ilə bağlıdır.

-Əlyazmaların və arxiv sənədlərinin özünəməxsus bir qoxusu, toxunma hissi var. Bu hissi necə izah edərdiniz?

-Sənədə baxarkən bilirsiniz ki, onu 400-500 il əvvəl bir insan yazıb. Bəzən düşünürsünüz ki, bəlkə də yüz illər sonra həmin sənədə baxan ilk insanlardan birisiniz. İstər-istəməz onun yazıldığı anı təsəvvür etməyə çalışırsınız. O insanların öz dünyaları və bizim kimi həyatları var idi. Bu gün onların heç biri yoxdur, amma yazdıqları hələ də qarşımızdadır. Məncə, arxivdə işləməyin ən təsirli tərəfi budur.

-Alim Nəsirov illər sonra geriyə baxanda, topladığı bu qədər xəzinə ilə Azərbaycan insanına və gələcək nəsillərə əslində nəyi miras qoymaq istəyir?

-Əslində etmək istədiyim şey Azərbaycan tarixinin indiyədək bilinməyən və ya az bəhs olunan hadisələrini, ortaya çıxarmaq, tarix elminə bu mənada töhfə verməkdir. Bu, mənim üçün sadəcə bir iş və ya peşə deyil. Böyük həvəslə və zövq alaraq gördüyüm fəaliyyətdir. Bu, bir az da torpaq altında qalmış, yox olub getmiş bir dünyanı yenidən kəşf etmək kimidir.

-Gənc tarixçilərə xarici arxivlərdə işləmək üçün hansı tövsiyələri verərdiniz?

-İlk tövsiyəm dil öyrənməkdir. Tarixçi üçün xarici dil bilmək birbaşa mənbəyə gedən açardır. İkinci mühüm məsələ paleoqrafiyadır. Müasir italyanca bilmək XVII əsr italyan əlyazmasını avtomatik olaraq oxuya biləcəyiniz demək deyil. Arxiv dilini mənimsəmək və əvvəlki tədqiqatları əvvəlcədən analiz etmək lazımdır. Bir də səbirli olmaq lazımdır. Arxivdə yüzlərlə səhifəyə baxıb həmin gün heç nə tapmaya bilərsiniz. Ertəsi gün isə açdığınız bir qovluqdan illərdir axtardığınız sənəd çıxa bilər. Arxiv araşdırmasının həm çətinliyi, həm də gözəlliyi elə bundadır.