- “Hörmüz boğazı kartı getdikcə əvvəlki təsirini itirir”
- “Amerika Venesuela ssenarisinə qayıda bilər”
ABŞ ilə İran arasında davam edən qarşıdurma fonunda hərbi, siyasi və iqtisadi proseslər paralel şəkildə inkişaf edir. Tərəflər arasında gərginlik tam aradan qalxmasa da, müəyyən istiqamətlərdə dialoq və anlaşma ehtimalları da gündəmdə qalır. Hörmüz boğazında vəziyyət, regional təhlükəsizlik, ABŞ-nin müttəfiqləri ilə münasibətləri, İsrail və ərəb ölkələrinin prosesdəki rolu, eləcə də İranda yaranan daxili və iqtisadi çətinliklər qarşıdurmanın gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır.
İranlı jurnalist Reza Talebi Sherg.az-ın mövcud vəziyyətlə bağlı suallarını cavablayıb:
-Hələ ki, nə savaş, nə də barış mexanizmi Amerika ilə İran arasında davam edir. Sizcə, tərəflərin bu vəziyyətdə qalmasının əsas səbəbləri nələrdir?
-Görünən odur ki, bunun bir neçə səbəbi var. Birincisi, Hörmüz boğazının cənub koridoru müəyyən qədər açılıb. Yəni Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə amerikalılar bir xətt formalaşdırıblar. Oradan neftin çıxarılmasına imkan yaranıb. İran hələ buna ciddi reaksiya verməyib. Daha öncəki günlərdə Birləşmiş Ərəb Əmirliklərinə və onun gəmilərinə hücum etməklə müəyyən reaksiya göstərdi. Ancaq hazırda həmin bölgədə güclü şəkildə davam edən qarşıdurma müşahidə olunmur.
Başqa bir məsələ Amerikada və İsraildə keçiriləcək seçkilərlə bağlıdır.
-Seçki amilinin ABŞ-İran qarşıdurmasına təsiri nə qədər böyükdür?
-Amerikada kampaniyanı birləşdirmək və ya ayırmaq məsələsi müzakirə olunur. Bunu birləşdirmək iki cəbhədə də savaş ruhu yarada bilər: həm Netanyahu üçün, həm də Konqresdəki respublikaçılar üçün. Ayrışdırma isə Amerikanın diqqətini daxili məsələlərə yönəltməsi və bunun nəticəsində ictimai dəstəyin və səslərin azalmasına səbəb ola bilər. Bu istiqamətdə Amerikada sürətli dəyişikliklər gedir.
Digər məsələ də Amerikanın hələ hava hücumundan müdafiə sistemləri baxımından müəyyən zəifliklərinin olmasıdır. Burada Ukrayna məsələsi də var. Hind-Sakit okean regionundan gəmilərin həmin əraziyə gəlməsi, THAAD və Patriot sistemlərinin azalması müəyyən problemlər yaradır. Çünki Ukraynanın da bu sistemlərə ehtiyacı var. Əvvəldən də belə bir boşluq mövcud idi, amma 14Amerika bazası vurulduqdan sonra körfəzdə təhlükəsizlik məsələləri ilə bağlı hər hansı addımın atılması çox böyük xərc tələb edir.
-ABŞ-nin bölgədən çəkilməsi ehtimalı varmı?
-Bölgədə formalaşan ittifaqlar və paktlar getdikcə daha çox əhəmiyyət qazanır. Amerika bölgədən çəkilməyəcək. Əksinə, ABŞ öz müttəfiqlərinin orada yerləşməsi ilə birlikdə regional təhlükəsizlik sistemi formalaşdırmağa çalışır. Bu baxımdan, əldə olunan hər hansı anlaşma da çox önəmlidir.
-İsrailin prosesdən müəyyən qədər kənarda qalması da diqqət çəkir.
-Hazırda İranla ərəb ölkələri bir-birinə zərbələr endirirlər. Hindistanın Baş naziri Narendra Modi də Məkkə ilə bağlı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, Netanyahu iranlılarla ərəbləri bir-birinə qarşı qoyur. Bu da ciddi sual yaradıb. İsrailin kənarda qalması, güclənməsi, ərəb ölkələri ilə İranın isə zəifləməsi məsələsi müəyyən dərəcədə İran və ərəb ölkələri arasında ikitərəfli görüşlərin daha gec keçirilməsinə səbəb olub. Söhbət İraq, Səudiyyə Ərəbistanı, Oman və hətta Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən görüşlərdən gedir.
-İranın öz daxilində də müəyyən problemlərin olduğu görünür. Ölkədəki son dəyişikliklər və nümayişlər Tehranın hazırkı vəziyyəti haqqında nə deyir?
-Bəli, İranda da problemlər var. İranda baş verən son dəyişikliklər və nümayişlər göstərdi ki, Tehran hələ də müəyyən səviyyədə güclü cavab verə bilir. Eyni zamanda, ölkə daxilində fikir ayrılıqları da mövcuddur. Bir tərəf hesab edir ki, strateji ehtiyatlar blokada səbəbindən zəifləyə bilər. Bu vəziyyəti 5-6 ay davam etdirmək mümkündür. Digər tərəfdən isə ölkənin hərbi imkanları var.
-İran daxilindəki sosial və siyasi problemlərin dərinləşməsi qarşıdakı dövrdə prosesə necə təsir edə bilər?
-Edamların artması göstərir ki, bu proses davam edərsə, seçkilərdən sonra amerikalıların yenidən qayıdaraq problemi kökündən həll etməyə yönəlməsi ehtimalı var. Ancaq İran üçün Hörmüz boğazı məsələsində əsas tələblərdən biri blokadanın aradan qaldırılması idi. Bununla yanaşı, İranın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin kəsilməsi və sanksiyaların pozulması da ciddi problemlərə səbəb olub. Amerikalılar bunu hərbi müstəvidə deyil, daha çox iqtisadi savaşa doğru aparırlar.
-İranın hərbi imkanlarının bir hissəsinin xarici tədarükdən, xüsusilə Çindən asılı olduğu bildirilir. Çin faktorunu necə qiymətləndirirsiniz?
-Hərbi imkanların bir hissəsi xüsusilə Çindən asılıdır. Yanacaq, perkerilat, natrium və digər məhsulların tədarükündə də müəyyən azalma müşahidə olunur. Bu baxımdan Çinin də böyük əhəmiyyəti var. Çünki burada neftin azalması ilə bağlı yaranan problemlər Çinə də təsir göstərə bilər.
-Görünən odur ki, ABŞ qarşıdurmanı hərbi müstəvidən daha çox iqtisadi istiqamətə yönəldir. Bu, İran üçün hansı nəticələrə səbəb ola bilər?
-İqtisadi müharibənin dərinləşməsi İranda dolları və avronu bahalaşdırae, inflyasiyanı yüksəldər. Bunun nəticəsində ölkə daxilində əlavə problemlərin yaranmasına səbəb ola bilər.
-Bəs İran üçün vəziyyətin daha da ağırlaşması hərbi qarşıdurmaya başlamaq ehtimalını artırırmı?
-Doğrudur, görünən budur ki, proses bu şəkildə davam etdirilir və iqtisadi savaşa doğru gedilir. İranda vəziyyət ciddi şəkildə ağırlaşarsa, İranın savaşa başlamaq ehtimalı da müzakirə olunur.
-Bu, İranın maraqlarına nə dərəcədə uyğun ola bilər? Belə bir müharibənin başlanması yenidən blokadanın aradan qaldırılmasına səbəb olarmı?
-Olmaz. Amerikanın hərbi gəmilərini vurmaq, təbii ki, asan məsələ deyil. İranın bu zəif vəziyyətində, xüsusilə dəniz qüvvələri baxımından, bunun qarşısını almaq və ya vəziyyəti dəyişmək çox çətindir. Əlbəttə, Trampın açıqlamaları hər gün dəyişir. Sonrakı mərhələdə yenidən danışıqlara qayıtmaq ehtimalı da var.
-Hörmüz boğazının açıq qalması ABŞ ilə İran arasında razılaşma ehtimalını artırar?
-Əgər Hörmüz boğazının açılması bu şəkildə davam edərsə və İran ciddi reaksiya verməzsə, Amerika ilə İran arasında razılaşma əldə olunması ehtimalı yarana bilər. Ancaq digər problemlər hələ də davam edir. İranlılar düşünürlər ki, hətta Hörmüz boğazı açılsa, bu proses yavaş getsə belə, Amerika savaşı tamamilə dayandırmayacaq.
-İranın danışıqlara qayıtması qarşısında əsas maneə nədir?
-Danışıqlara doğru getsələr belə, Amerikanın məqsədləri çox fərqlidir. İran bunu qəbul etməkdə çətinlik çəkir. Nəticədə vəziyyətin bir müddət də bu şəkildə davam edəcəyi görünür.
-ABŞ-nin İranla bağlı siyasətində Venesuela konsepsiyasına bənzər yanaşmanın tətbiq olunması mümkündürmü?
-Venesuelada ilk mərhələdə mühasirə başladı. Daha sonra proses müharibəyə qədər davam etdi. Bəli, ehtimal olunur ki, Amerika yenidən həmin Venesuela konsepsiyasına qayıdıb. Bu, İran daxilində bəzi qrupların dəyişməsi, daxili ixtilafların həll olunması və müəyyən qüvvələrin güclənməsi ilə nəticələnə bilər. Bu da Amerika ilə fərqli kanalların açılmasına şərait yaradar. Necə ki, amerikalılar İraq və Kürdüstan vasitəsilə SEPAH-la görüşlər keçirirdilər, bu görüşlər də həm ölkə daxilində, həm də xaricdə müəyyən dəyişikliklərə səbəb olar.
-Hörmüz boğazı uzun müddət İranın əsas təzyiq vasitələrindən biri hesab olunub. Sizcə, bu kart hazırda əvvəlki təsirini itirirmi?
-Bəli, Hörmüz boğazı kartı getdikcə əvvəlki təsirini itirir. Alternativ yolların açılması və cənub koridorunun formalaşması illər tələb edə bilər. Buna baxmayaraq, proses artıq hiss olunur.
Burada söhbət Hörmüz boğazının tamamilə bağlanmasından getmir. Daha çox boğazda hərəkətin əngəllənməsi məsələsi var. Bu da əvvəlki kimi ciddi təsir göstərmir.
İranın edə biləcəyi digər addımlardan biri müharibəni daha ciddi şəkildə bölgəyə yaymaq, İraq və Yəməndə vəziyyəti gərginləşdirmək və bu şəkildə təzyiqi davam etdirməkdir. Digər təhlükə isə quru hücumlarının həyata keçirilməsi və ya bundan istifadə edərək bölgə ölkələri ilə konsensusa gəlməyə çalışmaqdır. Bu da mümkün variantlardan biridir.
-Prosesin ABŞ-dəki seçkilərə qədər uzadılması ehtimalı nə qədər realdır?
-Ola bilər ki, bu prosesi seçkilərə qədər uzatsınlar. Seçkilər yaxınlaşdıqca Trampın reytinqlərində ciddi düşüş baş verərsə, bundan istifadə etmək və seçkidən əvvəl onun üçün bir uğur əldə etmək istəyə bilərlər. Bu uğur ya ciddi və qorxuducu bir hücum, ya da İranla anlaşma şəklində ola bilər. Hər iki variant seçkilərdə müəyyən təsir göstərə və bunu Amerika cəmiyyətinə siyasi uğur kimi təqdim etməyə imkan verə bilər.
-Sonda, sizcə bütün bu prosesin İran üçün ən böyük təhlükəsi nədir?
-Bu məsələnin bu şəkildə davam etməsi İranı ciddi şəkildə “suriyalaşma” prosesinə də aparar. Düşünürəm ki, iranlılar da bunu yavaş-yavaş görməyə başlayıblar.