Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarəti “tamamilə itirdiyini” bildirib.

Sherg.az xəbər verir ki, Rubio Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə Afinada keçirdiyi birgə mətbuat konfransında İranla bağlı açıqlamalar verib.

O bildirib ki, Hörmüz boğazı açıqdır və boğazdan keçən neftin həcmi münaqişədən əvvəlki səviyyəyə yaxınlaşıb.

Rubio İranın nüvə silahına heç vaxt sahib olmayacağını vurğulayıb:

“Prezident Donald Tramp vəzifədə olduğu müddətdə buna sahib ola bilməyəcəklər və bu, bizim üçün qırmızı xətdir”.

ABŞ dövlət katibi İranın raket və pilotsuz uçuş aparatı imkanlarının zəiflədildiyini, ölkənin hərbi baxımdan əvvəlkindən daha gücsüz vəziyyətə düşdüyünü və ağır sanksiyalarla üzləşdiyini iddia edib.

Rubio həmçinin İran hakimiyyətini ölkənin resurslarını əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına deyil, silahlı qruplara yönəltməkdə ittiham edib.