Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var.
Sherg.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:
“İki dövlət, bir millət. Azərbaycanla bu şüara bağlıyıq. Hər kəsin öz daxili siyasi gündəmi fərqli ola bilər. Fərqli qiymətləndirmələr də mümkündür.
Aramızda fikir ayrılığı yarandıqda bunu iki qardaş ölkə olaraq açıq şəkildə bölüşür və yolumuza davam edirik. Cənab Prezidentimizlə cənab Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var.
Aramıza girməyə çalışan bəzi ölkələr var. Buna imkan verməyəcəyik. Türkiyə daxilində bəzi qrupların, bəzi sosial media platformalarının Azərbaycanı yanlış şəkildə hədəfə aldığını görürük. Bunun partiyamız və hökumətimizlə hər hansı əlaqəsinin olması mümkün deyil.
Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı varmış kimi təsəvvür yaradılmasına heç bir şəkildə imkan vermərik. Cənab Əliyev və Azərbaycandakı dövlət qurumlarında olan həmkarlarımızla görüşlərimizi ən yüksək səviyyədə davam etdiririk.
Siyasi müzakirələrin siyasi ziddiyyətə və gərginliyə çevrilməsinə əsla imkan vermərik. Biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədidir. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik, inşallah.
Görüşlərimiz davam edir. Dostlarımız gedib görüşüblər. Mövqelərimizi açıq şəkildə bölüşürük”.