4 min insanın yolunu gözləyirlər - “Məlumatları gizlədirlər” - ŞƏRH

  • “Beynəlxalq qurumların iştirakı vacibdir”
  • Asəf Quliyev: “Hökumətlər səviyyəsində görülən iş bundan sonra effektiv olmaya bilər”

Paytaxtda “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV Beynəlxalq konfrans keçirilir.

Konfrans iştirakçılarına ünvanladığı müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, dövlətimiz taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. Prezident qeyd edib ki, itkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. “Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir”, - deyə müraciətdə vurğulanır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev isə çıxışı zamanı qeyd edib ki, 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurulub, görüşlər və məlumat mübadiləsi aparılıb. Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısı, o cümlədən 104 nəfər barədə ətraflı məlumat qarşı tərəfə təqdim edilib.

Müstəqil Jurnalistlərə Texniki və Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan araşdırmaçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirdi ki, itkin düşmüş şəxslərin məsələsi həmişə aktual olub, bu gün də eynilə aktualdır. Cənab Prezidentin konfrans iştirakçılarına ünvanladığı müraciətində də bu, xüsusi olaraq vurğulanır:

-Azərbaycanla Ermənistan arasında humanitar məsələlər, o cümlədən itkin düşmüş, əsir və girov götürülmüş şəxslər, həmçinin mina təhlükəsindən qorunmaq 8 avqust 2025-ci ildə Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə imzalanan Birgə Bəyannamədə də qeyd olunub. Vətəndaş cəmiyyəti təmsilçisi və jurnalist olaraq mən itkin düşmüş hesab edilən şəxslərlə bağlı araşdırma aparıram, müxtəlif mənbələrdən informasiyalar almağa çalışıram. Aldığım məlumata görə, bu gün rəsmi İrəvanın əlində olan bütün məlumatlar Azərbaycan tərəfinə təqdim edilib. Həmçinin Azərbaycanın əlində olan məlumatlar da Ermənistan tərəfinə təqdim edilib. Erməni tərəfinin itkin siyahısı o qədər də böyük deyil. Amma bizim 4 min civarında itkin şəxsimiz var. Bu o deməkdir ki, bəlkə də hələ həyatda olan valideynləri, ailə üzvləri, qohum-əqrəbası bu 4 min insanın yolunu gözləyir. Hesab edirəm ki, itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün hökumətlər səviyyəsində görülən iş bundan sonra bir o qədər keyfiyyətli olmaya bilər. Səbəbi budur ki, itkinlər haqqında məlumatlara malik şəxslər özlərini zərbə altında qoymamaq üçün informasiyaları gizlədirlər. Bu mənada hansısa humanitar təşkilatın, beynəlxalq təsisatın, vətəndaş cəmiyyəti nümayəndələrinin araşdırması, tədqiqatı, bu işlə məşğul olması daha effektiv olar. Doğrudur, Azərbaycan tərəfi hər hansı məlumatla bağlı anonimliyin qorunacağını bildirib. Lakin hansısa ərazidə kütləvi məzarlıq barədə məlumatı olan şəxs bunu gizlətməyə çalışır. Çünki bunu gizlətməklə özünün cinayət əməlini gizlətmək istəyir. Ona görə də bu məsələdə beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin iştirakı vacibdir.

A. Quliyev bildirdi ki, 44 günlük Vətən müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları müharibədən dərhal sonra qaytarılıb. Onların sayı da çox deyildi, 2-3 nəfər olardı.