Azərbaycanın Ukraynaya dəstək: Etdiklərimizin hamısı ürəkdən gəlir - ŞƏRH

  • “Azərbaycan məzlumların, əzilənlərin və hüquqları pozulanların tərəfindədir”
  • Tofiq Abbasov: “Ağır vəziyyətdə kimin dost, kimin düşmən olduğu həmişə bəlli olur”

Azərbaycan Ukraynaya qış mövsümünə hazırlıq çərçivəsində enerji infrastrukturunun bərpası və elektrik təchizatının davamlılığının təmin olunması məqsədilə növbəti humanitar yardım paketini göndərib. Yardım Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminə ciddi ziyan dəydiyi bir vaxtda ölkənin qışa hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti yardım paketinə transformatorlar, 186 kilometr elektrik kabeli və digər zəruri avadanlıqlar daxil edilib. Ümumilikdə 10 yük maşınından ibarət karvan Ukraynaya yola salınıb. Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətinə və xalqına təşəkkürünü bildirib.

Politoloq Tofiq Abbasov Sherg.az-a bildirb ki, Azərbaycan Rusiyanın Ukraynaya qarşı ilhaq siyasətinə başladığı gündən etibarən həmişə birmənalı şəkildə bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik:

“Hətta Krım hadisələri zamanı belə Azərbaycan Ukraynanın yanında olub. Bu baxımdan, iki ölkə arasında münasibətlər çox sıxdır. Digər tərəfdən, strateji tərəfdaşlığımız da var. Azərbaycan həmişə çətin vəziyyətdə Ukrayna xalqına böyük dəstək göstərdiyini nümayiş etdirir. Bu, Azərbaycanın öz mövqeyini bu şəkildə ifadə etdiyi ilk hal deyil. Xatırlayırsınızsa, Gürcüstanda qış mövsümündə Rusiyanın qaz təchizatını dayandırdığı zaman Azərbaycan qazla təminat göstərmişdi. Biz həmişə dost və qonşu ölkələrə çətin vəziyyətdə dəstək olmağa çalışırıq. Təbii ki, bu addım Rusiyanın xoşuna gəlməyə bilər. Lakin Rusiyanın davranışında bizim də xoşumuza gəlməyən məqamlar olub. Məsələn, Rusiya Ermənistanın işğal siyasətini dəstəkləyəndə biz bunu açıq şəkildə bildirir, həm Ermənistana etirazımızı ifadə edir, həm də Ermənistana dəstək verən ölkələrə, o cümlədən Rusiyaya münasibətimizi çatdırırdıq. Biz müharibədə iştirak etmirik. Ukraynaya dəstək göstərən çoxsaylı ölkələr var. Bunlar, əsasən, Avropa dövlətləridir. Onlar yardım göstərirlər ki, Rusiya müharibədə Ukraynanı geri çəkilməyə məcbur edə bilməsin və Kiyev müqavimət göstərə bilsin. Biz isə faktiki olaraq Ukrayna xalqına yardım edirik. Ön xətdə iştirak etmək başqa məsələdir. Almaniya, Avropa İttifaqının aparıcı ölkələri, Fransa, eləcə də Avropa İttifaqından çıxmış Böyük Britaniya, həmçinin Çexiya, Polşa və bir çox digər ölkələr Rusiyanın işğalçı siyasətini qəbul etmir və Ukraynaya birbaşa hərbi dəstək göstərirlər. Bu dəstək texnika və texnologiyaların verilməsindən, kəşfiyyat məlumatlarının ötürülməsindən ibarətdir. Azərbaycan isə, humanitar yardım göstərir”.

Analitik qeyd edib ki, biz ağır vəziyyətdə olan insanların durumunu yaxşı anlayırıq:

“ Özümüz də bu yoldan keçmişik. Vaxtilə bir milyona yaxın qaçqınımız və köçkünümüz olub. Biz dünya birliyinə müraciət edir, humanitar təşkilatlara və BMT-nin ixtisaslaşmış qurumlarına çağırışlar edirdik. Lakin onlar sanki laqeyd qalır və heç bir reaksiya vermirdilər. İndi anlayırıq ki, qış yaxınlaşır və orada tədricən kritik vəziyyət yarana bilər. Bunun qarşısını almaq, insanların ağır şəraitdə yaşamasına imkan verməmək üçün Azərbaycan əvvəlcədən mühüm təşəbbüslər irəli sürür. Biz Ukraynaya enerji təchizatı avadanlıqları, sobalar və yanacaq göndəririk. Məişət və ərzaq təminatı ilə bağlı da böyük ehtiyaclar var. Xüsusilə nəzərə alsaq ki, müharibə səbəbindən Ukraynanın xarici əlaqələri xeyli məhdudlaşıb, hətta kəsilmək təhlükəsi ilə üzləşib, Azərbaycanın göstərdiyi dəstək, əlbəttə ki, mühüm rol oynayır. Məsələ burasındadır ki, ağır vəziyyətdə kimin dost, kimin düşmən olduğu həmişə bəlli olur. Azərbaycan heç vaxt gizlətməyib ki, biz məzlumların, əzilənlərin və hüquqları pozulanların tərəfindəyik. Ömrümüz boyu bu mövqeyə sadiq qalmışıq. COP29 çərçivəsində ada və dənizlərdə yerləşən dövlətlərin iştirakı ilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycanda sammit keçirildi. Bu dövlətlərin xalqları müstəmləkəçilərin və neoimperialistlərin təzyiqi ilə üzləşir, onların başına müxtəlif oyunlar açılır və ciddi problemlərlə qarşılaşırlar.Ona görə də biz onların səsini Azərbaycan paytaxtından, COP29 çərçivəsində dünyaya çatdırdıq. Bu, çox böyük dəstək idi. Ukrayna ilə bağlı bizim çoxsaylı əlaqələrimiz var və bu əlaqələr gələcəkdə də davam edəcək. Ukrayna bizim üçün yaxın ölkədir. Qarşılıqlı ixrac və idxal əlaqələrimiz mövcuddur. Müharibə olmasaydı, bu əlaqələr, əlbəttə ki, daha da genişlənərdi. Hazırda isə imkanlarımız daxilində, ilk növbədə, qış mövsümünün yaxınlaşması ilə əlaqədar strateji əhəmiyyət daşıyan vasitələri Ukraynaya göndəririk ki, insanlar bu ağır dövrü nisbətən normal şəraitdə keçirə bilsinlər. Çünki orada yaşlı insanlar, qocalar və uşaqlar var. İstilik və yanacaq olmasa, onların vəziyyəti daha da çətinləşər. Əlbəttə ki, biz bu yardımla bağlı heç bir piara yol verməmişik. Bunun üçün heç bir piara ehtiyac yoxdur. Biz bu yardımı səmimi qəlbdən göstəririksə, bu, haqqı pozulan ölkənin tərəfində olduğumuzu göstərir”. 

Polotoloq vurğulayıb ki, Ukrayna da həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Biz də bunu ürəkdən edirik, bu yardımı göstəririk. Bizim üçün heç də vacib deyil ki, bunu necə qiymətləndirəcəklər. Yəni məsələ elə görünə bilər ki, biz, məsələn, Qərbin qarşısında özümüzü güclü və ya faydalı göstərmək istəyirik. Yox, ona görə deyil. Dar ayaqda insanlara kömək etmək, toplumlara dəstək vermək lazımdır. Xüsusilə də əgər onlara hücum olubsa, bizə də hücum olmuşdu. Bir çox məmləkətlər sanki lal-kar idilər. Heç özlərinə əziyyət də vermədilər ki, etirazlarını bildirsinlər. Bir milyon məcburi köçkünü və qaçqını olan ölkəyə heç bir yardım vermədilər. Ancaq ətrafdakı müsəlman ölkələri yardım etdi. Odur ki, bax, bu proseslərin hamısında səbəb və nəticə motivləri göz önündədir. Biz göstəririk ki, biz konyunktura xatirinə heç bir şey etmirik. Etdiklərimizin hamısı ürəkdən gəlir və insanlığın, humanistliyin bariz şəkildə yaratdığı nəticələrdir”.