Kaliforniyanın Los-Anceles şəhərində surroqat analıq şəbəkəsi vasitəsilə dünyaya gələn uşaqları istismar etməkdə şübhəli bilinən çinli cütlük saxlanılıb.
Sherg.az xəbər verir ki, Silvia Zhang və Guojun Xuan adlı cütlük uşaqlara qarşı zorakılıq və şahidə təsir göstərməyə cəhd də daxil olmaqla bir sıra ittihamlarla üzləşib.
İstintaq zamanı cütlüyün malikanəsində 14 körpə və azyaşlı uşaq aşkarlanıb. Ötən ilin iyulunda keçirilən əməliyyat zamanı isə ümumilikdə 21 uşaq dövlətin himayəsinə verilib.
İttiham sənədinə əsasən, evdə quraşdırılmış 32 təhlükəsizlik kamerasının görüntülərində uşaqların döyüldüyü iddia olunur. Uşaqlardan birinin başından xəsarət alaraq xəstəxanaya aparılmasından sonra cütlüklə bağlı araşdırma başlanıb.
Cütlüyün vəkili ittihamları rədd edərək müvəkkilinin günahsız olduğunu bildirib.