Əkbər Qoşalının rus dilində nəşr olunan kitabının ilk təqdimatı Moskvada keçirilib

Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, tanınmış Azərbaycan şairi və publisisti Əkbər Qoşalının rus dilində nəşr edilmiş “Yol səni səslər” (“И позовёт дорога вдаль…”) şeirlər kitabının ilk təqdimatı Moskvada keçirilib.

Sherg.az xəbər verir ki, 2026-cı il oktyabrın 6-da Moskvanın “Casa Picassa” məkanında keçirilən ədəbi görüşdə Rusiyanın paytaxtında yaşayan bir qrup azərbaycanlı aydın və ictimai fəallarla yanaşı, mədəniyyət işçiləri, şairlər, yazıçılar, tərcüməçilər və poeziyasevərlər iştirak edib.

Təqdimatın təşkilatçısı tanınmış şair-tərcüməçi, ictimai xadim Afaq Şıxlı olub. 

Leyla Fərəcovanın aparıcısı olduğu ədəbi-bədii gecədə Əkbər Qoşalının yaradıcılıq yolu, çağdaş Azərbaycan poeziyasında özünəməxsus poetik dəst-xətti, eləcə də “И позовёт дорога вдаль…” kitabında yer alan şeirlərin ideya-estetik özəllikəri haqqında danışılıb. Şairin poeziyasında Vətən və yaddaş, insan və zaman, yol və tale, sevgi, mənəvi dəyərlər, Türk dünyasının ortaq duyğu və düşüncə məkanı kimi mövzuların müxtəlif poetik çalarlarda ifadə olunduğu vurğulanıb.

Çıxış edənlər kitabın rus dilində nəşrini bir müəllifin yaradıcılığının yeni dil məkanına çıxması ilə birgə, Azərbaycan poeziyasının geniş rusdilli ədəbi auditoriya ilə yeni görüşü baxımından da dəyərləndiriblər. Bildirilib ki, bədii tərcümə milli ədəbiyyatlar arasında qarşılıqlı tanınmanın ən etibarlı yollarından biridir və bu baxımdan yeni nəşr Azərbaycan ədəbi sözünün daha geniş coğrafiyada təqdimatına xidmət edir.

Kitab 2026-cı ilin avqustunda Saxa-Yakutiya Respublikasında fəaliyyət göstərən “ALTA” nəşriyyatında gün üzü görüb. Nəşriyyatın rəhbəri Saxa-Yakutiya Yazıçılar Birliyinin məsul katibi, şair Zinaida Arxipovadır. Kitabın nəşri Saxa-Yakutiya Respublikası Dövlət Məclisinin deputatı, Saxanın fəxri vətəndaşı, “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru, ünlü ictimai xadim Əliş Zabid oğlu Məmmədovun dəstəyi ilə gerçəkləşib. 

Nəşrin diqqətçəkən cəhətlərindən biri də onun bir neçə ədəbi-mədəni çevrənin yaradıcı əməkdaşlığının məhsulu olmasıdır. Kitaba önsözü Saxa-Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva yazıb. Nəşrin məsləhətçisi Tatarıstan Yazıçılar Birliyinin başqanı, Tatarıstanın Xalq şairi, Respublika Dövlət Şurasının deputatı Rkail Zəydulladır. 

Əkbər Qoşalının şeirlərini rus dilinə Afaq Şıxlı və Nilufər Şıxlı çevirib. Tərcümələrdə müəllifin poetik intonasiyasının, milli ruhunun və obrazlar sisteminin rusdilli oxucuya mümkün qədər dolğun çatdırılmasına çalışılıb.

Təqdimatda kitabdan ayrı-ayrı şeirlər səsləndirilib, müəllifin poetik dünyası və tərcümələrin özəllikləri barədə fikir mübadiləsi aparılıb. İştirakçılara kitab nüsxələri təqdim olunub; tədbir ədəbi ünsiyyət və qarşılıqlı tanışlıq ortamında keçib.

Təqdimatda vurğulanıb ki, belə nəşr və təqdimatlar Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması ilə yanaşı, xalqlar arasında humanitar və mədəni əlaqələrin möhkəmlənməsinə də xidmət edir. Poeziyanın başqa dilə çevrilməsi bir xalqın duyğu və mənəvi yaddaşının başqa bir mədəniyyət məkanında yenidən səslənməsidir.

Onu da vurğulayaq ki, kitab Saxa-Yakutiyadan başqa, Kazan və Moskvanın aparıcı kitabxanalarına paylanacaqdır.

Kitabın gələcəkdə Azərbaycanda geniş təqdimatı düşünülür.

Qalereya