Türkiyənin Muğla şəhərində avtomobil qəzasında ağır yaralanan 15 yaşlı Almina Çakmak həkimlərin cəmi 10 faiz yaşama şansı verdiyi ağır müalicə prosesindən sonra həyata qayıdıb.
Sherg.az xəbər verir ki, hadisə mayın 27-də Menteşe rayonunda baş verib. Yağışlı hava səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Qəzada 5 nəfər yaralanıb.
Ağır yaralanan Almina təxminən 20 saat sonra intubasiya olunmuş vəziyyətdə uşaq reanimasiya şöbəsinə yerləşdirilib. O, 88 gün reanimasiyada müalicə alıb. Bu müddətdə ürəyi dayanıb və yenidən həyata qaytarılıb, ağciyərlərinə 3 drenaj qoyulub, bədənində ödem və qanaxmalar yaranıb. Həmçinin sol qolu və ayağından əməliyyat olunub.
Uzun müddət süni tənəffüs aparatına bağlı qalan Alminaya daha sonra traxeostomiya tətbiq edilib. 88 gün sonra vəziyyətində müsbət dinamika müşahidə olunan yeniyetmə uşaq şöbəsinə köçürülüb.
Hazırda 118 gündür müalicə alan Almina hələ danışa və yeriyə bilmir. Buna baxmayaraq, artıq müstəqil nəfəs alır, yeyib-içə bilir. Onun müalicəsi və reabilitasiya prosesi davam edir.
Alminanın atası Celal Çakmak qızının reanimasiyadan çıxmasını ailəsi üçün böyük sevinc adlandırıb və müalicənin müsbət istiqamətdə davam etdiyini bildirib.