Filizdən hazır məhsula: Azərbaycanın yeni sənaye dayağı yaranacaq - ŞƏRH

  • Akif Nəsirli: “Daha çox filiz çıxarmaq yox, daha çox qazanc əldə etmək lazımdır”

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində yeni mərhələyə start verilir. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə proqramın əsas istiqamətləri, dağ-mədən sənayesinin indiyədək inkişafına təsir edən amillər, işğaldan azad edilmiş ərazilərdə və digər regionlarda geoloji kəşfiyyat imkanları, “Filizçay” yatağının perspektivləri, eləcə də Qərb Sənaye Parkının metallurgiya sənayesinin inkişafındakı rolu müzakirə olunub.

Proqram çərçivəsində geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, yeni yataqların istismara verilməsi, mövcud ehtiyatların qiymətləndirilməsi və xammalın ölkə daxilində emalını təmin edən istehsal zəncirinin yaradılması nəzərdə tutulur.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında qalan ərazilərdə yerləşməsi, həmin dövrdə əsas diqqətin neft sənayesinə yönəldilməsi bu sahənin inkişafına mənfi təsir göstərib, ona görə də indiyədək Azərbaycanda dağ-mədən sənayesi lazımi səviyyədə inkişaf etməyib. 

 Yeni proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və yeni yataqların aşkarlanması nəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilanla yanaşı, Naxçıvanda da geoloji kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

Prezident İlham Əliyev “Filizçay” polimetal yatağının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, yatağın istismara hazırlanması üzrə işlər davam etdirilir və ilkin mərhələdə “AzerGold”un 100 faiz səhmdar olması məqsədəuyğundur. Eyni zamanda, gələcəkdə xarici investorların iştirakı da mümkündür.

Dağ-mədən sənayesində əsas hədəflərdən biri filizin yalnız xammal kimi ixrac edilməsinin qarşısını almaq və ölkə daxilində tam istehsal zənciri yaratmaqdır. Qərb Sənaye Parkında zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılması da bu məqsədə xidmət edəcək.

Metallurgiya sənayesi üzrə isə alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması nəzərdə tutulur. Prezident bildirib ki, proqramın icrası nəticəsində 5 mindən çox yeni daimi iş yeri yaradılacaq, regionların, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı sürətlənəcək.

Dövlət başçısı həmçinin vurğulayıb ki, layihələrə yerli və xarici investorların cəlb olunması mümkündür. Bununla yanaşı, ekoloji standartların qorunması və təbiətin mühafizəsi əsas tələblərdən biri olacaq. Gözlənilən illik müsbət maliyyə təsirinin isə 1 milyard manatdan çox olması proqnozlaşdırılır.

Mövzunu Sherg.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, yeni Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın dağ-mədən sektorunu yalnız xammal hasil edən sahə kimi deyil, filizin çıxarılmasından emalına, metal istehsalından hazır məhsulun əldə edilməsinə qədər uzanan tam sənaye zənciri kimi formalaşdırmasına imkan yaratmasıdır:

“Prezidentin 1 aprel 2026-cı il sərəncamında da məhz yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədi vurğulanır. 

Birinci konkret təsir qeyri-neft ixracının genişlənməsi ola bilər. Hazırda metal filizinin və ya ilkin metalın ixracı ilə son məhsulun ixracı arasında ciddi əlavə dəyər fərqi var. Əgər filiz Azərbaycanda emal olunaraq konsentrat, katod mis, polad, alüminium yayma məhsulları və digər sənaye məhsullarına çevrilərsə, eyni xammal vahidindən ölkədə daha çox gəlir və ixrac dəyəri yaratmaq mümkün olacaq. Dövlət proqramının xammaldan son məhsula qədər dəyər zəncirinin qurulmasını nəzərdə tutması da məhz bu məqsədə xidmət edir. 

Digər mühüm istiqamət regionlarda sənaye və məşğulluğun artmasıdır. Qərb Sənaye Parkının Gəncə və Şəmkir ərazisində yaradılması təsadüfi deyil. Parkın məqsədləri arasında qeyri-neft sektorunun inkişafı, yerli resurslar əsasında rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və regionlarda iqtisadi aktivliyin və məşğulluğun artırılması göstərilir. Burada yalnız mədən müəssisələrinin deyil, onların ətrafında logistika, nəqliyyat, təmir, avadanlıq, mühəndislik, laboratoriya və digər xidmət sahələrinin inkişafı da gözlənilə bilər.

Eyni zamanda azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasının sürətlənməsi də təsir edə bilər. Geoloji kəşfiyyatın genişləndirilməsi və perspektivli yataqların istismara hazırlanması həmin ərazilərdə yalnız mədən sənayesinin deyil, yol, enerji, rabitə və digər infrastrukturun inkişafına əlavə stimul yarada bilər. Bu isə Böyük Qayıdış prosesinin iqtisadi bazasının möhkəmlənməsinə xidmət edə bilər. Rəsmi sənəddə də dağ-mədən və metallurgiya proqramının Böyük Qayıdışın II Dövlət Proqramı və 2027–2030-cu illər sosial-iqtisadi inkişaf strategiyası ilə əlaqələndirilməsi nəzərdə tutulur. 

Bir məsələ də idxaldan asılılığın müəyyən sahələrdə azalmasıdır. Metallurgiya məhsullarının ölkə daxilində istehsalının genişlənməsi tikinti, maşınqayırma, enerji, nəqliyyat və digər sənaye sahələrinin yerli xammal və yarımfabrikatlarla təminat imkanlarını artıra bilər. Xüsusilə Qərb Sənaye Parkının yaradılması yerli mineral ehtiyatların emalını sənaye istehsalı ilə birləşdirmək baxımından əhəmiyyətlidir”. 

A. Nəsirli Filizçay yatağının xüsusi əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, belə iri yataqların işlənməsi yalnız hasilatın artması demək deyil, əsas məsələ yatağın ətrafında tam istehsal ekosisteminin yaradılmasıdır:

“Əgər hasil olunan filiz ölkə daxilində emal edilərsə, onun iqtisadi səmərəsi mədən sektorundan kənara çıxaraq metallurgiya, logistika, enerji və digər sənaye sahələrinə yayılacaq. Amma proqramın real nəticəsi təkcə yataqların istismara verilməsindən asılı olmayacaq. Əsas göstərici xammal ixracından yüksək əlavə dəyərli məhsul ixracına nə qədər keçiləcəyidir. Bunun üçün texnologiya, böyük həcmli investisiya, enerji və logistika xərclərinin rəqabətqabiliyyətli olması, ekoloji standartlara əməl edilməsi və özəl sektorun prosesə cəlb olunması vacibdir. Dövlət sənədində də özəl sektorun planlaşdırdığı layihələrin proqramda nəzərə alınması və onların dəstəklənməsi mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Digər tərəfdən, metallurgiya enerji tutumlu sahə olduğundan enerji qiyməti və logistika xərcləri məhsulun dünya bazarında rəqabət qabiliyyətinə birbaşa təsir göstərəcək. Sərəncamda da metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması üçün enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi məsələsinin ayrıca qeyd edilməsi bunu göstərir”.  

İqtisadçı hesab edir ki, proqram uğurla həyata keçirilərsə, Azərbaycanın qeyri-neft sektorunda yeni bir sənaye dayağı yarana bilər: “ Burada əsas məsələ daha çox filiz çıxarmaq deyil, Azərbaycanın öz mineral ehtiyatlarını ölkə daxilində daha yüksək əlavə dəyərə çevirməsidir. Bu baş verərsə, həm qeyri-neft ixracının strukturu dəyişə, həm regionlarda yeni sənaye mərkəzləri formalaşa, həm də azad edilmiş ərazilərin iqtisadi fəallığı arta bilər”.