Metronun işi bərpa olunmalıdır, insanlara 11 ay zülm olmaz - Tural Abbaslı

  • Tələbələrin, şagirdlərin, yaşlı insanların, işə gedən və işdən qayıdan vətəndaşların çəkdiyi əziyyətlər nəzərə alınmalıdır

Son günlər Bakıda nəqliyyat sıxlığının artması şəhərin əsas yollarında hərəkətin çətinləşməsini yenidən gündəmə gətirib. Paytaxtın nəqliyyat yükünün artdığı bir vaxtda metro infrastrukturunda aparılan işlər də sərnişin axınının bir hissəsinin avtomobil və avtobus nəqliyyatına yönəlməsinə təsir göstərir. Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar dayandırılıb. İşlərin təxminən 10-11 ay davam edəcəyi bildirilir. 

“Bakı Metropoliteni”nin məlumatına görə, bu layihə gələcəkdə xətlər arasındakı asılılığın aradan qaldırılması, stansiyalarda sıxlığın azaldılması və qatarlararası intervalın optimallaşdırılması məqsədi daşıyır. Lakin hazırkı mərhələdə mərkəzi istiqamətdə metro əlaqəsinin məhdudlaşdırılması alternativ nəqliyyata tələbi artırıb. Metropoliten rəsmisinin açıqlamasına görə, “28 May”–“Nizami” istiqamətində əlaqənin kəsilməsi metro ilə sərnişin daşınmasının azalmasına, avtobuslarla daşınmanın isə artmasına səbəb olub. 

Bu fonda son günlər paytaxt yollarında müşahidə olunan sıxlıq Bakının nəqliyyat infrastrukturunun mövcud imkanlarını və şəhərdə hərəkətin təşkili ilə bağlı problemləri bir daha gündəmə gətirib. Mütəxəssislər isə tıxacların yalnız bir amillə deyil, bir neçə nəqliyyat və infrastruktur probleminin üst-üstə düşməsi ilə əlaqəli olduğunu bildirirlər.

AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a söyləyib ki, Bakı həddindən artıq yüklənmiş şəhərdir:

“Şəhər nəzərdə tutulduğundan üç-dörd dəfə çox əhalini özündə cəmləşdirir. Buna görə də burada sıxlığın yaranması təbiidir. Hazırda vəziyyət nisbətən qənaətbəxşdir, lakin gələcəkdə daha ciddi problemlərin yaranacağını da nəzərə almaq lazımdır. Buna görə Bakı kimi şəhərdə vəziyyəti yaxşılaşdırmaqdan əvvəl, ilk növbədə onun daha da pisləşməsinin qarşısını almaq üçün addımlar atılmalıdır. Məsələn, Formula 1 yarışlarının Bakıda keçirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, beton maneələrin quraşdırılması və yolların bağlanması şəhərdə ən azı iki-üç ay ərzində süni tıxacların yaranmasına səbəb olur. Formula 1-in keçirilməsinin maliyyə və şəhər nəqliyyatına yaratdığı yük baxımından Azərbaycana ciddi fayda verdiyini söyləmək çətindir. Adətən bildirilir ki, bu yarışlar ölkənin tanınmasına və turistlərin sayının artmasına səbəb olur. Lakin statistik göstəricilərə nəzər saldıqda, Formula 1 yarışlarının Bakıda keçirilməyə başlanmasından sonra turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunmur. Deməli, bu tədbirin gözlənilən nəticələri vermədiyi görünür”.

Partiya sədri qeyd edib ki, ənənəvi olaraq nəqliyyat sistemində mövcud olan problemlər, insanların hərəkət imkanlarının məhdudluğu və digər çətinliklər nəzərə alındıqda, Bakıda nəqliyyat probleminin yaranması təbiidir:

“Son günlərdə isə Bakının əsas nəqliyyat damarlarından biri, əsas daşıyıcı qüvvəsi olan metropolitenin fəaliyyətində yaranan fasilələr və təmir işləri vəziyyəti daha da gərginləşdirib. Mənim fikrimcə, metropolitenin əsassız şəkildə bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması düzgün deyil. Buna görə də ilk növbədə süni və qarşısı alına bilən maneələr aradan qaldırılmalıdır. Məsələn, metropolitenin fəaliyyəti tam bərpa olunmalıdır. İnsanları 11 ay ərzində bu çətinliklərlə üz-üzə qoymaq olmaz. Metro xətlərinin bağlanacağı barədə iki-üç ay əvvəl məlumat veriləndə də qeyd etmişdik ki, hansı şəhərdə olmasından asılı olmayaraq, metronun nəinki 11 ay, hətta bir ay, bir həftə və ya cəmi iki saat işləməməsi digər nəqliyyat sisteminin iflic vəziyyətinə düşməsinə səbəb ola bilər. Görünən odur ki, metropoliten rəhbərliyinin hesablamalarında problemlər var və əhalinin ehtiyacları lazımi səviyyədə nəzərə alınmır. İlk növbədə metropolitenin fəaliyyəti tam bərpa edilməlidir. İkinci növbədə Formula 1 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi məsələsinə yenidən baxılmalıdır. Xüsusi əhəmiyyət daşıyan tədbirlər istisna olmaqla, müxtəlif beynəlxalq tədbirlərin şəhərdə keçirilməsi yolların bağlanmasına və Bakıya əlavə yük düşməsinə səbəb olur. Qonaqların şəhərə gəlməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılır və bu da mövcud problemləri daha da artırır. Bakıya düşən yükün azaldılması üçün regionlarda yeni iş yerləri yaradılmalı və sosial həyatın inkişafı təmin edilməlidir ki, insanlar paytaxta axışmasınlar. Ən vacib məsələlərdən biri də Bakının mövcud yol infrastrukturunun peşəkar şəkildə idarə olunmasıdır. Əgər yerli mütəxəssislər bu işlərin öhdəsindən tam gələ bilmirlərsə, dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə fəaliyyət göstərən beynəlxalq və konsaltinq şirkətləri dəvət olunmalı, onların təcrübəsindən yararlanılmalıdır. Azərsu, Azəriqaz və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunda aparılan işlər vaxtında və düzgün şəkildə koordinasiya edilməlidir. Yol nişanlanmaları da müasir tələblərə uyğun və düzgün təşkil olunmalıdır. Bütün bu məsələlər kompleks şəkildə həll edilməsə, Bakıda tıxac problemi, təəssüf ki, aradan qalxmayacaq. Hazırda hər qurum məsələyə yalnız öz sahəsi çərçivəsində yanaşır və əsasən öz maraqlarını nəzərə alır. Lakin bu zaman insanların üzləşdiyi çətinliklər diqqətdən kənarda qalır. Tələbələrin, şagirdlərin, yaşlı insanların, işə gedən və işdən qayıdan vətəndaşların çəkdiyi əziyyətlər nəzərə alınmalıdır. Hesab edirəm ki, son günlərdə yaranan sıxlığın əsas səbəbləri məhz bu amillərlə bağlıdır”.