- “XXI əsrin Bakısını köhnə şəhərsalma təfəkkürü ilə idarə etmək mümkün deyil”
Milli Məclisdə böyük şəhərlərdə, xüsusilə Bakı, Sumqayıt və Gəncədə tikinti işləri zamanı yaranan səs-küy, tozlanma və ətraf mühitin çirklənməsi məsələsi gündəmə gətirilib. Deputat Naqif Həmzəyev tikinti şirkətlərinin gecə saatlarında, həftəsonu və bayram günlərində səs-küylü işlər aparmasının sakinlərin istirahət hüququna mənfi təsir göstərdiyini bildirib.
Deputat həmçinin tikinti materiallarının daşınması zamanı onların üzərinin örtülməməsi, tikinti sahələrinin lazımi qaydada hasarlanmaması və səs-küy səviyyəsinin ölçülməsi ilə bağlı nəzarət mexanizmlərinin yetərli olmamasına diqqət çəkib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri aidiyyəti dövlət qurumları arasında koordinasiyanın zəif olmasıdır. Şikayətlərin müxtəlif qurumlar arasında yönləndirilməsi, nəzarət mexanizmlərinin və texniki imkanların yetərli olmaması, eləcə də cərimələrin tikinti şirkətləri üçün çəkindirici xarakter daşımaması problemin daha da dərinləşməsinə səbəb olur.
Şəhərsalma və tikinti proseslərinə nəzarət, sakinlərin rahatlığının qorunması və aidiyyəti qurumların məsuliyyəti ilə bağlı fikirlərini Sherg.az-la bölüşən idarəetmə və beynəlxalq standartlar üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov bildirib ki, Bakı şəhərinin bu gün üzləşdiyi problemləri artıq ayrı-ayrı tikinti şirkətlərinin fəaliyyətində yol verilən nöqsanlarla izah etmək kifayət deyil. Onun sözlərinə görə, səs-küy, toz, vibrasiya, nəqliyyat sıxlığı, parklanma problemi, yaşıllıqların azalması, infrastrukturun yüklənməsi və tikinti xaosu daha böyük bir problemin-şəhər idarəçiliyinə yanaşmanın yenilənməsinə ehtiyacın göstəricisidir:
"Şəhərsalma və Tikinti Məcəlləsində hüquqi çərçivə kifayət qədər aydındır. Şəhərsalmanın əsas məqsədlərindən biri insanların sağlam və təhlükəsiz yaşayış mühitinin yaradılmasıdır. Tikinti fəaliyyəti zamanı ekoloji təhlükəsizlik təmin edilməli, səs-küy, vibrasiya və hava çirklənməsi müəyyən edilmiş normaları aşmamalıdır. Deməli, sakin tikintinin yaratdığı tozdan, səs-küydən və digər narahatlıqlardan illərlə əziyyət çəkməyə məcbur deyil.
Əsas problem isə məncə, məsuliyyətin parçalanması və idarəetmənin köhnəlmiş modelidir. Vətəndaş şikayət edir, bir qurum digərini göstərir, digər qurum məsələni başqa səlahiyyət dairəsinə aid edir. Ekologiya, şəhərsalma, tikinti, bələdiyyə, yerli icra və digər qurumlar arasında effektiv koordinasiya yoxdursa, vətəndaş üçün dövlət idarəçiliyinin hansı qurumdan ibarət olmasının artıq əhəmiyyəti qalmır. Onun qarşısında bir nəticə var: problem həll olunmur. Tikinti şirkətinin də məsuliyyəti tam aydındır. Tikinti sahəsinin hasarlanması, tozun qarşısının alınması, materialların təhlükəsiz daşınması, səs-küy normalarına əməl olunması və ətraf mühitə təsirin minimuma endirilməsi tikintinin əlavə xərci kimi qəbul edilə bilməz. Bunlar tikinti fəaliyyətinin ayrılmaz hissəsidir. Amma dövlət nəzarəti işləmirsə, pozuntuya görə real məsuliyyət yaranmırsa, məsələ artıq yalnız şirkətin davranışı deyil, nəzarət sisteminin effektivliyi məsələsidir".
Asif İbrahimov qeyd edib ki, burada artıq daha fundamental bir məsələyə diqqət yetirmək lazımdır:
"Əhalinin sayı, avtomobil parkı, tikinti intensivliyi, kommersiya fəaliyyəti və şəhər infrastrukturuna düşən yük tamamilə dəyişib. Buna görə də şəhərsalma və tikinti proseslərinə yanaşma da yeni reallıqlara uyğunlaşdırılmalıdır. XXI əsrin Bakısını köhnə şəhərsalma təfəkkürü ilə idarə etmək mümkün deyil. Müasir şəhər idarəçiliyi rəqəmsal xəritələşdirməyə, nəqliyyat modellərinə, əhali sıxlığının və infrastruktur yükünün hesablanmasına, ekoloji monitorinqə, yaşıllıq balansına və uzunmüddətli şəhər planlaşdırmasına əsaslanmalıdır. Bakı ilə bağlı əsas problemlərdən biri də budur ki, bəzi hallarda əvvəlcə tikinti qərarı verilir, sonra həmin tikintinin şəhərə gətirəcəyi yük haqqında düşünülür. Halbuki normal şəhərsalma bunun əksini tələb edir. Əvvəlcə yol, ictimai nəqliyyat, parklanma, kanalizasiya, su, elektrik, məktəb, uşaq bağçası, yaşıllıq və digər infrastruktur imkanları hesablanmalıdır. Bundan sonra ərazinin nə qədər tikinti yükünü daşıya biləcəyi müəyyən edilməlidir.
Şəhərsalma yalnız neçə mərtəbəli bina tikilməsi və neçə kvadratmetr sahənin istifadəyə verilməsi deyil. Şəhərsalma həmin binanın ətrafında yaşayan insanın həyat keyfiyyətidir. Əgər yeni bina tikilir, amma sakin illərlə toz, səs-küy, nəqliyyat sıxlığı, parklanma problemi və infrastruktur çatışmazlığı ilə üzləşirsə, burada şəhərin fiziki inkişafı ilə yaşayış keyfiyyəti arasında balans pozulub. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir vaxtda bu məsələlərə daha ciddi yanaşmaq lazımdır. Şəhərsalma və memarlıq ilinin mahiyyəti yalnız yeni layihələrin təqdimatı olmamalıdır. Əsas məqsəd şəhərin necə idarə olunması, tikintinin hansı prinsiplərlə aparılması və insanların yaşayış mühitinin necə qorunması məsələlərinə yenidən baxmaq olmalıdır. Bunun üçün Bakı şəhərində ciddi idarəetmə və kadr yenilənməsinə ehtiyac var. Burada məsələ insanların yaşında deyil. Dövlət idarəçiliyində əsas meyar yaş yox, peşəkarlıq, nəticə və dəyişən şəhərin tələblərinə uyğunlaşmaq qabiliyyətidir. Kim müasir şəhərsalma, nəqliyyat, ekologiya, rəqəmsal idarəetmə və urbanistika prinsipləri ilə işləyə bilirsə, öz təcrübəsindən istifadə etməlidir. Kim isə köhnə idarəetmə modelindən kənara çıxa bilmir və dəyişən şəhərin tələblərinə cavab verən nəticə yarada bilmirsə, həmin vəzifələrdə kadr yenilənməsi qaçılmazdır. Təcrübə yalnız o zaman üstünlükdür ki, yeniliyə və dəyişikliklərə xidmət etsin. Əgər keçmişin idarəetmə vərdişləri bu günün şəhər problemlərinin həllinə mane olur, həmin yanaşmanın özü dəyişməlidir".
Mütəxəssis Bakı üçün yeni nəsil urbanistlərə, nəqliyyat planlaşdırıcılarına, ekoloqlara, GIS və data mütəxəssislərinə, infrastruktur planlaşdırıcılarına və müasir şəhər idarəçiliyi üzrə peşəkarlara daha çox ehtiyac olduğunu deyib:
"Məsuliyyət də konkret olmalıdır. Sakin şikayət etdikdə onun müraciəti qurumlar arasında dövr etməməlidir. Tikinti obyektində pozuntu varsa, məsul subyekt müəyyən edilməli, yerində monitorinq aparılmalı, pozuntu sənədləşdirilməli və nəticəsi vətəndaşa bildirilməlidir. “Hamı bir qədər məsuldur” modeli əslində məsuliyyəti aradan qaldıran modeldir.
Bakı artıq eksperiment şəhəri olmamalıdır. Hər yeni tikinti, hər yeni yol, hər yeni layihə şəhərin ümumi sisteminə təsiri hesablanaraq həyata keçirilməlidir. Əks halda ayrı-ayrı binaları çoxalda bilərik, amma şəhərin özünü itirə bilərik. Şəhər insan üçündür. Tikinti iqtisadi fəaliyyətdir, amma şəhərin özünü və orada yaşayan insanları həmin fəaliyyətin xərcinə çevirmək olmaz. Bakının bu gün daha çox tikintiyə deyil, daha keyfiyyətli şəhər idarəçiliyinə ehtiyacı var. Şəhərin gələcəyini qorumaq üçün köhnə vərdişləri, köhnə idarəetmə məntiqini və nəticə verməyən yanaşmaları dəyişmək lazımdır".