“Əsas məqsəd bütün şagirdlərin özünü bərabər hiss etdiyi mühit yaratmaqdır” - Əməkdar müəllim

  • Sona Əliyeva: “Qayda müəllimin və direktorun şəxsi münasibətindən asılı olmamalıdır”

Nazirlər Kabineti məktəblilərin geyim forması ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və müəyyən edilmiş vahid məktəbli formasını pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək.

Bildirilib ki, vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisələrində səliqəli, rahat, təhlükəsiz və tədris prosesinə uyğun geyim mədəniyyəti formalaşdırmaqdır. Məktəb mühitində vacib prinsiplərdən biri də şagirdlər arasında bərabərliyin təmin edilməsidir. Şagirdin sosial statusu, ailəsinin maddi imkanları, etnik və ya dini mənşəyi onun məktəbdəki münasibətinə və təhsil imkanlarına təsir etməməlidir.

Dünyəvi təhsil sistemi məktəbdə bütün şagirdlər üçün neytral və inklüziv mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan vahid məktəbli forması məktəbdə ümumi geyim standartının formalaşdırılmasına, şagirdlər arasında sosial-iqtisadi fərqlərin ön plana çıxmamasına və ayrı-seçkilik risklərinin azalmasına xidmət edə bilər.

Eyni forma şagirdlərdə məktəbə və kollektivə aidlik hissinin, məsuliyyət və nizam-intizam anlayışının formalaşmasına da təsir göstərir. Uşaqların eyni mühitdə, oxşar geyim standartları ilə təhsil alması onların bir-birindən sosial və maddi baxımdan fərqləndirilməsinin qarşısını almağa kömək edir.

Əməkdar müəllim Sona Əliyeva Sherg.az-a açıqlamasında bildirib ki, məktəbli forması sadəcə uşaqların necə geyinməsi məsələsi deyil. Məktəb həm də uşaqların bir-birini sosial statusuna, geyiminə və ailəsinin maddi imkanına görə qiymətləndirmədiyi mühit olmalıdır:

“Vahid forma bu baxımdan müəyyən sosial fərqləri zəiflədə bilər. Digər tərəfdən, forma məktəbə aidlik hissini də gücləndirir. Uşaq özünü müəyyən bir məktəb icmasının üzvü kimi hiss edir. Amma bunu da unutmaq olmaz ki, məktəbə bağlılıq yalnız forma ilə yaranmır. Əgər məktəbdə uşağa münasibət, müəllim-şagird münasibətləri və ümumi mühit sağlam deyilsə, formanı dəyişməklə aidlik hissi yaratmaq mümkün deyil”.

Dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərinin məhdudlaşdırılmasına gəldikdə isə S. Əliyeva qeyd edib ki, dövlət məktəbində ümumi və hamı üçün eyni qaydaların olması başadüşüləndir:

“Burada məqsəd məktəbi müxtəlif dini və ideoloji nümayişlərin məkanına çevirməmək, bütün şagirdlər üçün eyni təhsil mühiti yaratmaqdır. Lakin, əsas məsələ qadağanın özündən çox, onun necə tətbiq olunacağıdır. Qaydalar elə konkret olmalıdır ki, məktəbdən məktəbə fərqli yozulmasın və müəllimin, direktorun şəxsi münasibətindən asılı vəziyyətə düşməsin. Çünki məktəb ilk növbədə tərbiyə və təhsil müəssisəsidir. Geyim qaydası uşağı cəzalandırmaq üçün deyil, məktəb mühitində ümumi çərçivəni müəyyənləşdirmək üçün tətbiq olunmalıdır. Əsas məqsəd bütün şagirdlərin özünü bərabər, təhlükəsiz və məktəb icmasının üzvü hiss etdiyi mühit yaratmaq olmalıdır”.