Yusif Nəbiyev: Sadəcə 1 illik müqayisəyə baxaraq, "evli cütlüklərin boşanma faizi azalıb" nəticəsinə gəlmək tələskənlik olardı
2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, statistik məlumatları ələ alarkən və ya analiz edərkən korrelyasiya ilə səbəb-nəticə əlaqəsini qarışdırmamaq, eləcə də cari statistikaya təsir edə biləcək kənar amilləri nəzərə almaq lazımdır:

“Üstəlik unutmamaq lazımdır ki, göstəricilər qabaqlayıcı və geridə qalan göstəricilər olmaqla fərqli xarakteristikalara sahib ola bilirlər. Nikah sayı gələcəyə dair siqnal verən göstəricidir. Cəmiyyətdəki iqtisadi, sosial və psixoloji mühitin yaxşılaşdığını və ya insanların gələcəyə ümidlə baxdığını göstərə bilər. Bu səbəblərlə qabaqlayıcı indikator sayılır. Boşanma isə bir nəticədir. Əsasən keçmişdəki proseslərin (emosional, iqtisadi, sosial və s.) cəmlənmiş və gecikmiş nəticəsidir. Bu səbəblə gecikmiş indikator sayılır. Yəni, həmişə əvvəlcə "qabaqlayıcı" indikatorlar siqnal verməyə başlayır. "geridə qalan" indikatorlar isə onların ardınca siqnal verir. Bu baxımdan, sadəcə 1 illik müqayisəyə baxaraq, "evli cütlüklərin boşanma faizi azalıb" nəticəsinə gəlmək tələskənlik olardı. Bu nəticəyə gələ bilməyimiz üçün ard-arda bir neçə il bu tendensiyanı görməyimizə ehtiyac var. Boşanmaların səbəbinə gəlincə, burada bir neçə faktoru sadalaya bilərik. Üstəlik, cütlükdən cütlüyə səbəblər də fərqli ola bilir. Amma ümumi olaraq deyə bilərik ki, dəyişən mədəni kodlar, evlilik institutunun bəzi funksiyalarını artıq yerinə yetirə bilməməsi, yeni fərdiyyətçi tendensiyaların dominantlaşması və bütün bunların fonunda maliyyə çətinlikləri ailələrin ayaqda qalmasını daha çətin hala gətirir. Bu amillər öz gücünü itirmədiyi və ya bunlara dirənə biləcək güclü yeni amillər ortaya çıxmadığı müddətcə ölkəmizdə və eləcə də dünyada boşanma faizlərinin azaldığını düşünmək doğru olmaz”.