Hindistan çox cüzi fərqlə ikinci yerdə qərarlaşıb
Ən az kitab oxunan ölkələr arasında isə Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var
"World Population Review" və "CEO World Magazine"in məlumatlarına görə, 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında ABŞ birinci, Hindistan isə çox cüzi fərqlə ikinci yerdə qərarlaşıb.
Sherg.az xəbər verir ki, keçən il dünyada ən çox kitab oxunan ölkələr sırasında ABŞ və Hindistan ön sıralarda yer alarkən, ən az kitab oxunan ölkə isə Əfqanıstan olub.
Məlumatlara əsasən, ABŞ-da bir nəfərə düşən illik orta kitab oxuma müddəti 357 saat təşkil edib ki, bu da təxminən ildə 17 kitaba bərabərdir. Siyahının son sırasında yer alan Əfqanıstanda isə bu rəqəm ildə təxminən 3 kitaba bərabər olub.
İkinci yerdə qərarlaşan Hindistanda bir nəfər il ərzində təxminən 352 saat kitab oxuyur və bu da orta hesabla 16 kitaba bərabərdir. Üçüncü yerdə olan Böyük Britaniyada isə bu müddət 343 saat olub.
ABŞ, Hindistan və Böyük Britaniyadan sonra Fransa və İtaliya da dünyanın ən çox kitab oxuyan ölkələri sırasında yer alıb.
Bu siyahını Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə izləyir. Ən az kitab oxunan ölkələr arasında isə Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var.
Ən çox hansı kitablar oxunur?
Bütün dövrlərin ən çox oxunan kitablarının başında Qurani-Kərim və İncil gəlir.
21-ci əsrin ən çox səs salan kitabları arasında J.K. Rowling tərəfindən yazılmış "Harry Potter" seriyası və J.R.R. Tolkien-in "Üzüklərin Hökmdarı" əsəri də dünyanın ən çox oxunan kitabları arasında ön sıradadır.
Dünya ədəbiyyatının şah əsərləri arasında Miguel de Cervantesin "Don Kixot", Charles Dickensin "İki Şəhərin Hekayəsi", Antoine de Saint-Exupérynin "Balaca Şahzadə", Victor Hugo-nun "Səfillər" və Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsərləri yer alır.
Eyni zamanda Çin Xalq Respublikasının qurucu lideri Mao Zedongun çıxışlarından toplanan "Sədr Maodan Seçilmiş Sözlər" də populyar kitablar arasında göstərilir.