Xaçmaz rayonunun Xaspoladoba kəndində qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, kəndin mollası 1977-ci il təvəllüdlü Asəf Vaqif oğlu Məmmədov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Yaqut Bayram qızını əli ilə boğaraq öldürüb.
Məlumata görə, o, arvadının başqa kişi ilə əlaqələrini tutub.
Qətli törətdikdən sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, mənə din sahəsində ölkəni önə aparan, kəşflərə imza atan, heç olmasa ümumilikdə müsəlman dünyasında hər hansısa böyük bir əməli ilə bizi tanıdan bir dindar, yaxud molla, yaxud axund adı misal çəkə bilərsinizmi? O, qeyd edib ki, Bir müddət öncə yeni nəşr olunan “ Hu “ romanımda din və mollarla bağlı fikirlərimi geniş yazıb:

“Hətta bu kitabın cəmiyyət içərisində birmənalı qarşılanmayaraq, satışına qadağa qoymağı da müzakirə edirdilər. Ümumiyyətlə, molla kimdir? İlahiyyat və din qanun üzrə təhsil almış din aliminə deyilir. Bizim ölkədə yas mərasimində insanları ağladana, ürək getməsinə səbəb olaraq “yası ağır aparan” , azacıq səs tembri olan hər yerindən durub əlinə kitab alıb, asan yol ilə və pul qazanmaq üçün camaatı ağladana molla deyilir. Sizcə maddiyyat məsələsi olmasaydı bu çoxluqda mollalar olardımı? Molla arvadını öldürürsə, başqasına nə deyəsən? Siğə edəndə “ Lənət sənə kor şeytan” deyəndə, nədənsə ölü üçün rüşvət alanda bu sözlər yada düşmür. Amma namus məsələsi, öldürmək məsələsi olunca “ Allah filan - filan şeyə görə öldürməyi bağışlayandır” deyib, hətta gülməli bəhanələr gətirənlər də var. Hazırda bütün sahələrdə qəribəliklər baş verir. İnsanlar getdikcə vəhşiləşir. Öldürmək isə heç kimin haqqı üçün deyil, nə də Allah bağışlayan deyil. Birinin həyatına birdən birə son qoyulmur. Təkrar baş verən mübahisələrdə düşüncədə dəfələrlə öldürdükdən sonra, davranışa köçürülür. Yaxşı insan olmaq üçün müsəlman olmağa ehtiyac yoxdur. Amma nədənsə müsəlman olmaq üçün, mütləq yaxşı insan olmağa məcburuq”.