Parlamentari: Borcu olan şəxs, şirkət və firma sahibləri ölkədən çıxa bilməyəcək

Qanun layihəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan borclu anlayışı konkretləşdirilib


Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair yeni qaydalar müəyyənləşir. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla biləcək. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürüləcək. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq ediləcək, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək. Mövcud qanunvericiliyə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təklif edilən dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil ediləcək və “Giriş-çıxış idarələrarası qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təqdim olunan qanun layihəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan borclu anlayışı daha da konkretləşdirilib: 
- Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan  dəyişikliklə borclu şəxs anlayışı, borclu şəxsin hüquq və vəzifələri konkretləşdirilir. Və bununla bağlı qəbul edilmiş məhkəmə qərarlarının qüvvəyə minməsi və icra məsələlərinin tənzimlənməsi nəzərdə tutulur. Konkret bildirilir ki, borclu dedikdə kim nəzərdə tutulur. Dəyişikliyə nəzər saldıqda görürük ki, söhbət təkcə borclu fiziki şəxsdən yox, həmçinin borclu hüquqi şəxsin icra orqanının rəhbərindən də gedir. Yəni borclu yalnız fiziki şəxslər deyil, hüquqi şəxslər də - müəssisə, şirkət, firma ola bilər və onlar da qanun qarşısında məsuliyyət daşıyacaqlar. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürüləcək və  “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat veriləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq ediləcək. Bu dəyişiklik ona görə vacibdir ki, bəzi hallarda konkretliyin olmaması səbəbindən sui-istifadəyə yol verilirdi. Nəticə etibarilə sonrakı mərhələdə icra haqqında müddəaların yerinə yetirilməsində problemlər yaranırdı. Hansısa firmanın, şirkətin borcu ola bilər, borclu fiziki və ya hüquqi şəxs də ola bilər. “İcra haqqında” qanunda da fiziki və hüquqi şəxs anlayışı aydınlaşır. Bununla da, sui-istifadə hallarının qarşısı alınacaq, icrada daha effektiv üsullardan istifadə edilməklə qanunun tələbləri yerinə yetirilmiş olacaq.