"Kimsəsiz uşaqların taleyi məmurların vicdanından asılı olmamalıdır” - Sosioloq

  • Naib Niftəliyev: “Görülən işlər ilk növbədə vətəndaşın ehtiyacına və dövlətin imkanlarına söykənməlidir”

Dövlət, uşaq müəssisələrində və internat məktəblərində valideyn himayəsindən məhrum böyüyən gənclərin gələcək həyatını təmin etmək məqsədilə xüsusi addımlar atır. Öz ailəsindən uzaq düşən bu uşaqlara hər kəs ailə olmalıdır. Çünki həmin müəssisələrdən gələcəkdə alimlər, rəssamlar, hüquqşünaslar və digər peşə sahibləri yetişir.

Onlar da ölkəmizin gələcəyidir. Azərbaycanda uşaq evlərində böyüyən uşaqlara həm dövlət, həm də cəmiyyət tərəfindən hər zaman xüsusi diqqət göstərilir. Söhbət Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli gənclər üçün xüsusi məşğulluq proqramının hazırlanmasından gedir. Fərdi proqrama əsasən, valideyn himayəsindən məhrum olmuş gənclər, əmək bazarının müasir tələblərinə uyğun peşə kurslarına və rəqəmsal bacarıqların artırılması üzrə təlimlərə cəlb ediləcəklər. Biznes ideyası olan gənclərə öz kiçik təsərrüfatlarını və ya xidmət sahələrini qurmaları üçün ödənişsiz aktivlər veriləcək. 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, dövlətin sosial siyasətinin ana xətti kimi, himayəyə ehtiyacı olan hər bir vətəndaş bu qayğı və dəstəklə əhatə olunmalıdır:

“Vahid mexanizmə söykənən qərar gənclər arasında işsizliyi azaltmaqla yanaşı, onların gələcəyə inamını, sosial inteqrasiyasını və rifahını əhəmiyyətli dərəcədə gücləndirə bilər. Lakin hər bir sosial islahatın taleyi, icra mexanizmlərindən asılıdır. Siyasi iradə və Dövlət Başçısının təşəbbüsü təkbaşına kifayət etmir. Təəssüf ki, bəzi qurumlar ali təşəbbüslərə rəğmən öhdəlikdən boyun qaçırırlar. Əlbəttə, belə hallarda cavabdeh şəxslər aşkarlanaraq cəzalandırılır. Lakin itirilən zaman ərzində, qanunda təsbit olunmuş hüquqlar kağız üzərində qalır. Həllini tapmayan hər bir qərar isə işsizlərin, əlilliyi olan şəxslərin və kimsəsiz gənclərin hökümətə olan etimadını sarsıdır”. 

Sosioloqun sözlərinə görə, təşəbbüsün gerçəkləşməsi istiqamətində hüquqi-siyasi nəzarət prosedurları da kifayət qədər güclü olmalıdır:

“Azərbaycan milli sosial rifah modelini təkmilləşdirərkən Britaniya, Almaniya və Skandinaviya təcrübələrinə müqayisəli ekspertiza müstəvisində yanaşır. Ən doğrusu başqa ölkələrin qaydalarını olduğu kimi köçürmək deyil. Azərbaycanın öz reallığına, əhalinin ehtiyacına və dövlətin büdcəsinə uyğun gələn sosial modelimizi tətbiq etməkdir. Görülən işlər ilk növbədə vətəndaşın ehtiyacına və dövlətin imkanlarına söykənməlidir. Valideyn himayəsindən məhrum olan gənclərə dəstəyin effektivliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumların sıx koordinasiyasından asılıdır. İmzalanan sərəncamın kağız üzərində qalmayıb icraata keçməsi isə məhz bu qurumların və cavabdeh məmurların peşə məsuliyyətindən, vicdan göstəricisindən keçir".