Akif Aşırlı: "Prezident İlham Əliyevə bu məsələ çatdırılsa, hökmən müsbət nəticə olacağına inanıram"
Bu günlərdə Şuşada səfərdə olmuş Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas, araşdırmaçı Vilayət Quliyev sosial şəbəkədə görkəmli ictimai-siyasi xadim, türkoloq-alim Əhməd bəy Ağaoğlu barəsində status paylaşıb. V.Quliyev vurğulayıb ki, erməni vandalları Əhməd bəy Ağaoğlunun ata mülkünü son daşına qədər dağıdıblar. Onun sözlərinə görə, sovet dövründə idarə və müəssisə binası, pansionat və məktəb kimi istifadə olunan, yerli camaat arasında nədənsə “Lesnaya şkola” kimi tanınan bu böyük mülkün yerində indi yalnız kol-kos bitir: “Ermənilərin Əhməd bəylə xüsusi “haqq-hesabları” vardı.
Biz də onu “burjua millətçisi” kimi damğalayanda Ermənistanda neodaşnakizmin ideoloqu Con Kirakosyan öz kitabında “şuşalı pantürkist Əhməd Ağayevi Şuşada erməni qırğınlarının təşkilatçısı və rəhbərlərindən biri” kimi qələmə verirdi. 1914-cü ildə erməni dramaturqu E.Ter-Qriqoryan əsas qəhrəmanının “panislamist” Əhməd bəy Ağayev olduğu “Qılınc və od” pyesini yazmışdı.
Bu üzdəniraq əsər tezliklə rus dilinə çevrilərək Moskvada da çap olunmuşdu. Daşnak terrorçularının “Nemezis” qisas planına görə Əhməd bəyin adı “qətli vacib və təxirəsalınmaz şəkildə həyata keçirilməli olan” 43 nəfərin siyahısına salınmışdı. Sadəcə, səhvən onun yerinə Behbud xan Cavanşiri öldürmüşdülər”.
Araşdırmaçı qeyd edib ki, 1918-ci ildə ermənilərin təhriki ilə ingilislərin diktəsi altında işləyən Kürd Mustafa Paşa məhkəməsi Əhməd bəyi saxta erməni “soyqırımında” suçlu sayaraq Malta adasına sürgün edib: “Ölümə bərabər bu sürgündən yalnız Qurtuluş Savaşının öndəri Atatürkün sayəsində xilas ola bilmişdi.
Və bizdən fərqli olaraq uydurduqları saxta tarixi heç vaxt unutmayan daşnak tör-töküntüləri Şuşanı müvəqqəti işğal edən kimi ilk qisası Əhməd bəydən, onun xatirəsindən almışdılar”.
“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Türk ocağının sədri Akif Aşırlı da vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun kimliyi barədə vaxtaşırı məlumatlar paylaşılır, barəsində bizdən çox Qərb alimləri, Türkiyə tarixçiləri yazır. Baş redaktor bildirib ki, bu böyük mütəfəkkir Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağdan seçilən millət vəkili olmaqla yanaşı, Osmanlı dövlətinin, Atatürk Türkiyəsinin millət vəkili olub:
“1918-ci ildə Qafqaz İslam Ordusu komandanı Nuru paşanın müşaviri kimi Azərbaycanın ərazi bütünlüyünün təminində həlledici rol oynayıb. Fransada Sarbon Universitetinin hüquq fakültəsini bitirən ilk azərbaycanlıdır.
Azərbaycanın bir sıra mətbuat orqanlarını yaradıb, peşəkar jurnalistlərin yetişməsində əməyi müqayisəolunmaz dərəcədə böyükdür. “Həyat”, “İrşad”, “Tərəqqi”, “Kaspi” qəzetlərində türk dünyasının problemlərini əhatə edən yüzlərlə məqaləsi var. İslamda qadın azadlığı problemini ilk dəfə bu böyük mütəfəkkir qələmə alıb.
Türkiyədə Atatürk dönəmində dövlət quruluşunun əsas ideoloqlarından biri olan Əhməd bəy indiki anlamda Türkiyənin mətbuat və informasiya naziri olub. İnformasiyası bütün dünyaya yayılan “Anadolu” agentliyini da o yaradıb”.
Akif Aşırlı qeyd edib ki, Türkiyənin dağılmasının qarşısını alan “Türk ocağı” da 1912-ci ildə İstanbulda onun evində təsis edilib:
“İki il öncə Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı Prezident sərəncam imzaladı. Amma bir cox təhsil müəssisələri, ali məktəblər bu dahinin adını layiqincə yad etmədi. 1918-ci ildə Əhməd Cavadın, Abdulla Şaiqin və bir çox ziyalılarımızın yaratdıqları Azərbaycan Türk Ocağını bərpa edən bizlər İstanbul Universiteti və Azərbaycan İslam İnstitutu ilə birgə Türkiyədə və Bakıda elmi konfrans keçirdik. Atatürk Mərkəzində hörmətli Vilayət Quliyevin Əhməd bəylə bağlı kitablarının təqdimatını kecirdik.
Sözümün canı odur ki, Şuşa azad olunandan sonra Əhməd bəy Ağaoğlunun adının əbədiləşdirilməsi, ata mülkünün yenidən qurulması, əgər bu mümkün olmasa əvvəlki lahiyəsi əsasında tikilməsini təklif etdik.
Əhməd bəy Ağaoğlunun evində təsis olunan, mərkəzi Ankarada yerləşən Türk Ocaqları Ümumi Mərkəzi bütün xərcləri, maliyyəni üzərinə götürür. Türkiyədə 90, Avropada 10-a yaxın şöbəsi olan bir qurum bunu etməyə qadirdir. Təklifimiz yenə qüvvədədir. Əgər Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələ çatdırılsa, hökmən müsbət nəticə olacağına inanıram.
Əhməd bəy Ağaoğlunun evi muzey və kitabxana kimi fəaliyyət göstərə bilər. Bu, Şuşaya böyük əzəmət verər. Ermənilərin qarşısına Difai ilə cıxan böyük şəxsiyyətin haqqıdır”.