Alqış Musayev:“YAP-dan bəziləri Heydər Əliyevə şikayət ediblər ki...”

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirəsini “Sherg.az”la bölüşüb. 
“O vaxtı “Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat əlavəsini dərc etməyə başladıq. Çox uğulu bir layihə alındı. Xüsusilə, yeni ədəbi nəsil bizim bu addımımızı rəğbətlə qarşıladı. Gənc qələm sahibləri həvəslə dərc olunurdular. Bir sözlə, qısa bir zaman kəsimində bizim ədəbiyyat səhifələrimiz əməlli-başlı səs-küy yarada bilmişdi. 

Amma qısqanclıq edənlər də tapılırdı. Bədxahlar imkan düşən kimi etirazlarını hər hansı bir formada bildirirdilər. 

İş böyüyüb Heydər Əliyevə çatmışdı. Hətta bəziləri deyirdilər ki, ölkənin 1 nömrəli siyasi platformasında niyə ədəbiyyata yer ayrılmalıdır? 
Bu mövzuya da Ulu Öndərimiz nöqtə qoydu. Görüşlərin birində belə dedi: 

“Siz qəzetdə ədəbiyyata geniş yer verirsiniz . Düzdür, bəzən fərqli fikirlər söylənilir. Belə söhbətdən mənim də xəbərim var. Bizim partiyanın rəhbərliyində olanlardan da bəziləri mənə şikayət edirlər. Bu, çox təbii bir haldır. Qəzet birdir, onu müzakirə edənlər isə çoxdur. Müxtəlif rəylər ola bilər. Ancaq bütün hallarda “Yeni Azərbaycan” qəzeti çox vacib bir yol seçib. Ədəbiyyat bizim xalqın ən məhrəm hissiyatıdır. Digər tərəfdən “Yeni Azərbaycan” qəzeti yeni imzaları öz ətrafına toplayır. Çox faydalı bir iş görür. Bunu davam etdirmək lazımdır”.

Baş yazar bildirib ki, bizim indi birlikdən, bütövlükdən çox rahatlıqla söz aça bilməyimiz Heydər Əliyevin sayəsindədir:

 “Bu birliyə nail olana qədər Azərbaycan xalqı çox ağrılı proseslər yaşayıb. Acı olsa da, etiraf etmək lazımdır ki, xalqımızın uzun onilliklər, əsrlər boyu bir məxrəcə gəlməsi üçün çarə axtarıblar, səbəb gəziblər. Amma milli birliyə nail ola bilməmişik. Təəssüf ki, bir gündə yüz yerə, min yerə parçalanmaq üçün bəhanələr asanlıqla tapılıb, nəticədə zaman-zaman yüz yerə, min yerə parçalanmışıq. Heydər Əliyev yeganə milli faktordur ki, uzun əsrlərdən sonra Azərbaycan xalqı onun böyük adı və böyük sözü ətrafında birləşə, ortaq məxrəcə gələ bildi”.

Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib.