Andranikin törətdiyi qanlı cinayətlər

Erməni generalının qulağının kəsilmə səbəbi onun xainliyinin nəticəsidir


Osmanlı imperiyasının erməni əsilli vətəndaşı olan Andranik Ozanyan  xəyanətkar kimi  tarixə düşüb. O, 25 fevral 1865-ci ildə Osmanlı imperiyasının Trapezund vilayətinin Şapin- Qarahisar şəhərində, hazırda Türkiyənin Gerasun əyalətində anadan olub. Andranik həyata hələ yeni addımlar atdığı illərdə aqressiv erməni millətçilərinin beşiklərindən biri sayılan  "Hnçak”ın, sonra isə "Daşnaksütun" partiyasının  üzvü olub. Verilən məlumatlara görə, Andranik hələ yeniyetmə dövründə 1880-ci illərdə  Osmanlı dövlətinə qarşı törətdiyi hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri  kimi sağ qulağı kəsilib və bununla da o, xalq arasında "təkqulaq Andranik"adını qazanıb. Lakin o, layiq olduğu cəzanı almasına  baxmayaraq, Osmanlı imperiyasına qarşı öz xəyanətkar fəaliyyətini dayandırmayıb, Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələrinə yardım üçün silah qaçaqmalçılığı ilə məşğul olub. Andranik  Türkiyəyə qarşı xəyanətkar fəaliyyətindən əl çəkməyib, 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edib.
1904-cü ildə erməni üsyanı türk hərbçiləri tərəfindən yatırıldıqdan sonra Andranik Türkiyədən qaçaraq bir müddət Qafqaza sığınır, daha sonra isə Qafqazı tərk edərək Avropaya gedir. O, həmçinin 1907-ci ildə “Daşnaksütun”un Bolqarıstanda keçirilən IV qurultayında  iştirak edir.
 1914-cü ildə tayqulaq Andranik rus ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşərək rus ordusuna öz xidmətlərini təklif edir və bununla da, Türkiyəyə qarşı satqınlığını davam etdirir. Rus ordusu komandanı Andranikə erməni hərbi dəstələrinin formalaşdırılmasını tapşırır. Qeyd edilməlidir ki, Andranik türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə dəfələrlə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallara layiq görülüb.
 1917-ci ilin fevralinda Rusiyada baş vermiş burjua inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır. Andranikin başçılıq etdiyi erməni bandaları yaranmış vəziyyətdən istifadə edərək öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış hərbi silah və sursatı mənimsəyirdilər. Zəngəzurda və ermənilərin azərbaycanlılara qarşı əsassız olaraq ərazi iddiaları irəli sürdükləri digər bölgələrdə Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıdır və yandırırlar. Bu kəndlərin əhalisi Andranikin bandaları tərəfindən kütləvi şəkildə öldürülür, diri-diri odda qalanır, qılıncdan keçirilirdi. Andranikin başçılıq etdiyi quldurların vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan yazırdı: "Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kənd uşaqları, qadınları və qocalarının qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmır və həmin ərazilər insan qalıqları ilə dolu bir xarabalığa çevrilirdi”.
 Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri F.X.Xoyskinin İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə 31 iyul 1918-ci il tarixdə ünvanladığı  məlumatda qeyd edilirdi: ”...Sizə deməliyəm ki, ermənilər qətiyyən sakitləşmirlər, gah orda, gah burda müsəlmanları qırır, onların kəndlərini və evlərini viran edirlər; bu günlərdə yenə də Novo-Bayazit qəzasında bir neçə müsəlman kəndlərini məhv etmişdilər. Onların generalı Andranik öz qoşunlarını İrəvan və Yelizavetpol quberniyalarına toplayır, Zəngəzur qəzasından Gorusa yaxınlaşır. Biz hələlik qəti tədbirlər görmürük, bütövlüklə Bakı məsələsi ilə məşğuluq. Allah qoysa, bu əməliyyatı başa çatdırdıqdan sonra bu iyrənc erməni hərəkatını da ləğv edəcəyik”.
 “Bakı məsələsi”nin surətli həlli F.X.Xoyskinin Gəncə şəhərindən İstanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadəyə ünvanladığı 23 avqust 1918-ci il tarixli təcili diplomatik məlumatda qeyd edilirdi: "Çox hörmətli Məhəmməd Əmin! Əsas Bakı məsələsidir ki, hələ həll olunmayıb, Konstantinipolda bu məsələnin tezliklə həll olunmasına bütün gücümüzü sərf  etməliyik, yoxsa sonra bunun düzəlməsi mümkün olmayacaqdır. Bakıya artıq öz texniki qurğuları ilə iki mindən artıq ingilis əsgəri gəlmişdir, vəziyyət gündən günə ağırlaşır. Andranikin erməni qoşunları Qarabağ tərəfdən Zəngəzur qəzasının bir hissəsini tutmuş və Şuşa qəzasının bizimlə əlaqəsini kəsərək hərəkət edir, biz Bakı məsələsi bitməyənədək bir tədbir görə bilmirik”.
Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərovun 1919-cu il aprelin 30-da Cənubi Qafqazdakı Britaniya qüvvələrinin komandanı general-mayor G. Koriyə göndərdiyi etiraz notasında qeyd edilirdi: "Mənim hökumətimdə olan məlumata görə, Azərbaycan hökumətinə Qarabağın idarə olunması hansı şərtlərlə   verilmişdirsə, həmin şərtlərlə də sizin tərəfdən Şərur- Dərələyəz, Sürməli və  İrəvan mahalının hissələrinin idarə olunmasının Ermənistan hökumətinə verilməsi planlaşdırılır. Sülh konfransının qərarınadək Zaqafqaziya xalqlarının taleyi haqqında məsələni qabaqcadan müəyyənləşdirmədən mən bunların qeyd edilməsini vacib hesab edirəm ki, göstərilən həmin rayonlar daim Azərbaycanın müsəlman əhalisinə meyilli olan, onunla tam vəhdət təşkil edən başdan-başa  müsəlman əhalisi ilə məskunlaşıb. Ona görə də yerli əhalisinin  bir hissəsinin zorla digər hissəsindən ayırmaq layihəsi yerli əhalidə haqlı qəzəb və hiddət doğuracaqdır. Qeyd olunan həmin rayonların ərazisi mənim hökumətim tərəfindən həmişə Azərbaycanın  ayrılmaz tərkib hissəsi hesab edilmişdir, ona görə də nəzərdə tutulan tədbirlər onsuz da çətin və dolaşıq olan sərhəd məsələlərini daha da kəskinləşdirə bilər ki, bunun  da məmləkətimizdə həmişə respublikaların maraqlarını barışdırmağa və nizam-intizamı bərpa etməyə çalışan ingilis komandanlığının maraqlarına cavab verəcəyinə şübhə doğurur".
 1915-ci ilin iyulunda Van gölü bölgəsində gedən hərbi əməliyyatlar zamanı fəallaşan rus qoşunlarının tərkibində Andranikin başkəsənləri fürsət düşən kimi türk əhalisinə qarşı  kütləvi divan tutduğuna görə  Türkiyə hökuməti bu üzdəniraq ”generalı” qanundan kənar elan etmişdi. Bunun ardınca isə ”qulağı kəsik Andranik” Türkiyədən İrəvana qaçmağa məcbur olub.
1918-ci ildə Qarabağda və Zəngəzurda yerləşən əsasən azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynayıb. 1918-ci ildə Andranikin silahlı dəstələri Naxçıvan  qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirib, meyitlərini isə Araz çayına atmışdılar.  Andranikin dəstələri 1918-ci ilin sonlarında Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edib  kütləvi qətllər törədərək  kəndləri talan ediblər. Rəsmi məlumatlara görə, həmin dövrdə 115 Azərbaycan kəndi dağıdılıb, 10 mindən artıq yerli əhali qətlə yetirilib, əmlakları talan edilib.
Qeyd olunmalıdır ki, Andraniklə bağlı internet saytlarında dərc edilən digər məlumata görə, Zəngəzurda, Zıbıx kəndi yaxınlığında gedən döyüşlər zamanı Andranik və onun dəstəsi Sultan bəyin başçılıq etdiyi yığma qoşun döyüşçüləri tərəfindən əsir götürülür və ədalətə uyğun  olaraq erməni başkəsənlərini mütləq ölüm cəzası  gözləyirdi. Bunu anlayan təkqulaq Andranik Sultan bəyin qarşısında diz çökərək gözü yaşlı rəhm edilməsi üçün yalvarır. Cavabında isə Sultan bəy ona kişilərə layiq ölümü seçməyi, yox, əgər o özünü belə hesab etmirsə, əsir düşmüş erməni quldurlarının gözü önündə dizi üstə onun ayaqları arasında sürünməyi təklif edir. Andranik öz canını qurtarmaq üçün  təklifin ikinci variantını seçərək hamının gözü önündə dizi üstə Sultan bəyin çəkmələri  arasında sürünür. Beləliklə də, Sultan bəy onun üzünə  nifrətlə tüpürərək qeyd edir: "Bu köpəyi buraxın. Bu murdar adama əl bulaşdırmağa dəyməz".
Andranikin komandanlıq etdiyi və Qarabağda cövlan edən ermənilərin cəza qoşunlarının Zəngəzur qəzasının müsəlman əhalisinə qarşı böyük qırğınlar törətməsi arxiv sənəd və materiallarında öz əksini tapır. Məsələn, Zəngəzur qəza rəisi H.Mahmudbəyovun Ağdamdan 1919-cu il yanvarın 29-da Parlamentin deputatı və daxili işlər naziri X.Xasməmmədova göndərdiyi teleqramda qeyd edilirdi: "Zəngəzur qəzasında ermənilərin mərkəzində yerləşən Axçin dərəsinin müsəlmanları, soydaşlarının köməyindən məhrum edildiklərinə görə məhv olmaq ərəfəsindədirlər. Bu gün oradan dolayı yollarla gəlmiş iki nəfər mənə aşağıdakıları qeyd etdilər: Quşlu, Acılı, Arkazı, Aksarlı kəndləri yanvarın ilk günlərindən ermənilər tərəfindən darmadağın edilmiş, Şəhərcik, Açaquv, Oxcu kəndləri  davamlı mühasirədən sonra silahları təhvil verərək  ermənilərə təslim olmuşlar, Kirataq, Molodu, Kovnu, Qarabağlı, Qavarlı, Kiçi, Başbaki, Mahmudlu, Keydaşı, Karaç, Kuruqot, Kayçan, Kiri kəndləri isə ermənilər tərəfindən mühasirəyə alınaraq onlardan qəti şəkildə silahların təhvil verilməsi tələb olunmuş və əks halda məhv ediləcəkləri ilə qorxudulmuşlar. Yuxarıda  adı çəkilən kəndlərin mühasirəyə alınmasında keçən ilin dekabrın 26-da Gorusdan Qətər zavodlarına gələn Andranikin dəstəsinin sotnyası  iştirak etmişdir. Şuşa və Gorusdakı Britaniya missiyası isə yalnız ermənilər üçün Qətər zavodlarından Şuşaya və digər  yerlərdə yolun açılması ilə məşğul olurlar, müsəlmanların  müdafiəsi üçün heç bir tədbir görmürlər. Yuxarıda təsvir olunanlarla bağlı  yuxarıda qeyd olunan missiyaya  müraciət etmişik, bunları  sizin nəzərinizə  çatdırmağı  və kənardan kömək ala bilmədiklərinə görə bundan sonra  ermənilərin basqınlarına tab gətirə bilməyəcək yuxarıda adı çəkilən kəndlərin xilas edilməsi üçün təxirəsalınmaz  tədbirlərin görülməsini sizdən xahiş etməyi özümə borc  bilirəm”.
Andranikin dəstəsinin Gorus kəndindən Cəbrayıl və Şuşa qəzaları istiqamətinə daxil olması haqqında Gəncə qubernatoru,  general-mayor  İ.A.Vəkilovun Parlamentin deputatı X.Xasməmmədova 28 fevral 1919-cu il tarixli məlumatında qeyd edilirdi: "Zəngəzur qəza rəisindən aşağıdakı  teleqram  alınmışdır: "23 fevralda  Andranik  möhkəm silahlanmış dəstəsi ilə Gorusdan  Dığa daxil olmuş, onun 4 sotnyası isə həmin vaxt Həkəri kəndinə gəlib çıxmışlar. Bu hərəkətlərin  məqsədi bizə tam aydın olmasa da, erməni mənbələrindən bəlli olur ki, onların məqsədi Əsgərana qədər Cəbrayıl və Şuşa qəzalarının bütün dağlıq ərazilərini, Xudafərin körpüsünə qədər bütövlükdə Zəngəzur qəzasını zəbt etməkdir. Andranikin Şuşa istiqamətində, onun dəstələrinin isə Həkəridən Araza  Zəngəzurun müsəlman əhalisini mühasirəyə almaq üçün yola düşməsi bu məlumatları bir qədər təsdiqləyir".
 Birinci Dünya müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o, dəstəsinin böyük  hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır.  Andranik Fransada, sonra isə ABŞ-də yaşayır. Onun bəzi memuarları 1921-ci ildə ABŞ-də erməni dilində çapdan çıxan “Erməni əlahiddə zərbə hərbi hissəsi” adlı kitabda toplanıb. A.Ozanyan 1926-cı ildə Amerika qəzetlərindən birində “Mən hələ qayıdacağam” adlı müsahibəsini bu sonluqla bitirmişdi: "…viranə qoyduğum türk torpaqlarında erməni dövləti yaratmaq üçün qayıdacağam”. Lakin Andranik Ozanyan Türk-Azərbaycan əhalisinin qaniçən cəlladı kimi 31 avqust 1927-ci ildə, ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində 62 yaşında ölür. 1965-ci ilin fevral ayında İrəvanda Andranik Ozanyanın anadan olmasının 100 illiyi təntənə ilə qeyd edildi. Ermənistanın “milli qəhrəmanı”, “Qarribaldisi” adlandırılan Andranikin nəşi 2000-ci ildə “erməni milli ruhunu” yüksəltmək istəyilə ABŞ-dən İrəvana gətirildi, həm də heykəli qoyuldu. 28 may 2011-ci il tarixində Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində də Andranik Ozanyanın abidəsinin açılması planlaşdırılsa da, yerli hakimiyyət orqanlarının etirazı nəticəsində bu baş tutmadı. Andranikin 100 illiyi ilə əlaqədar Soçidə onun heykəlinin qoyulmasına imkan verilmədi. Andranik özünün qeyd etdiyi kimi, viran qoyduğu türk torpaqlarında erməni dövləti yaratmaq üçün bir daha qayıda bilmədi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, həmçinin onun Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyati işə başladı, sonrakı mərhələdə isə “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Həmin Vətən müharibəsində Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu və Xalqı möhtəşəm qələbə çalaraq Azərbaycanın 30 ildən artıq müddətdə erməni işğalı  altında qalan bütün torpaqlarını azad etdi. Uzun illər işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz torpağının sahibidir və hər zaman onun keşiyindədir! Vətən müharibəsinin hər bir günü xalqımızın şanlı tarixidir və həmin tarixlə qəhrəman xalqımız fəxr edir və qürur duyur.

Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin Baş məsləhətçisi