Hər qarışında tarix yatan, tarixinin hər səhifəsi ilə bizə qürur yaşadan Gəncədən yenə könül heybəmdə qənimətlə qayıtmışam. Əvvəlki səfərlərimdə dəfələrlə qət etmişdim ki, Mir Cəlal Paşayevin ev muzeyinə baş çəkim. Qərarımı həyata keçirə bilmirdim; müxtəlif səbəblər kəsirdi yolumu... Belə anlarda həmişə düşünürdüm: “Məkanın cazibəsi ayrı, taleyi ayrıdır axı...”
Nəhayət, bir gün qərarımı başqa cür verdim: “Bakıdan Gəncəyə yalnız bir məqsədlə-Mir Cəlal Paşayevin ev muzeyinə baş çəkmək məqsədilə gedəcəyəm!” Yola qoyuldum. Televiziyada, internet-mediada şəkillərini, videosunu gördüyüm, haqqında dostlarımdan eşitdiyim məkanın cazibəsi çəkib aparırdı məni... Yol boyunca muzeyə girəndə hansı hissləri keçirəcəyim barədə düşünür, xəyalən məkanın sehrinə qapılırdım.
Gəncəyə çatan kimi, əmimdən məni Mir Cəlalın ev muzeyinə aparmasını xahiş etdim. Muzeyin yerləşdiyi küçəyə çatanda həyəcanım birə-min artdı; arzuların qönçəsi çatlayanda hisslər necə möhtəşəm olurmuş!
Solda Mir Cəlalın əvvələr yaşadığı ev, sağda muzey-bir-birinə mistikası, doğmalığı, həniri ilə bağlı olan iki məkan! Bir az aralıda isə Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhər bölməsi... Gəncə yazıçı və şairlərinin tez-tez gəldiyi məkandır bura. Şənbə idi; iş günü olmadığından qapısı bağlı idi. Elə oradaca ürəyimə dammış kimi pıçıldadım: “Növbəti səfərimdə AYB Gəncə bölməsinə-mənə əziz olan bu məkana baş çəkəcəyəm”.
Mir Cəlalın ev muzeyinə gedirəm. Hava bürkü, Gəncə səması boz-qara buludlu idi, amma bu mənə mane olmurdu. Muzeyin açıq qapısı ürəyimi tələsdirir, bir andaca tələskənliyim addımlarıma sirayət edir.
Qapıdan yüyrək keçirəm...
Bir qadın yaxınlaşır mənə:
-Necə kömək edə bilərəm?
Jurnalist və yazar olduğumu dedim, əlavə etdim:
-Mir Cəlal Paşayevin muzeyini ziyarət etməyə gəlmişəm.
-Xoş gəlmisiniz!-qadın bunu dedi və getdi.
Az sonra yanında başqa bir qadınla-sonradan bildim ki, Dilbər xanım da bələdçi imiş,- geri qayıtdı. Dilbər xanımdan xahiş etdim ki, mənə muzey haqqında məlumat versin.
Məmnuniyyətlə xahişimi qəbul etdi. Səsi lətafətli, danışığı səlis və aydın idi. Onun sayəsində maraqlı məlumatlar əldə etdim. Şəkillərə baxa-baxa Mir Cəlal Paşayevin həm şəxsi həyatı ilə, həm də yaradıcılığı ilə yaxından tanış oldum. Şəkillərin əksəriyyətinə, demək olar ki, dönə-dönə baxdım.
Nəzərimi ilk cəlb edən ədibin muzeyin mərkəzindəki büstü oldu. Heykəltaraş möhtəşəm əsər yaradıb!
Mir Cəlal Paşayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan, unudulmaz şəxsiyyət idi. Deyilənə görə, o, professoru olduğu indiki Bakı Dövlət Universitetinin yoxsul tələbələrinə əyin-baş alar, xəlvəti cib xərcliyi verərmiş. Çox əliaçıq insan olub Mir Cəlal müəllim. İndi Mir Cəlal müəllimin xeyirxahlıq missiyasını nəvəsi, Respublikanın birinci Vitse-prezidenti Mehriban Əliyeva yerinə yetirir: onun dəstəyi, köməyi ilə yüzlərlə ağır xəstə şəfa tapıb. “Ot kökü üstdə bitər” deyirlər. Mehriban xanım bu gün ehtiyacı olanların dayağı və ümid yeridir; tam babası kimi.
Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində anadan olub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirmişdir. 1918-ci ildə-Mir Cəlal 10 yaşında olanda atası vəfat etmiş, o, böyük qardaşının himayəsində böyümüşdür. Gəncəni özünə doğma bilirdi. Gəncəni sevirdi. Gəncəyə bağlı idi. Ev muzeyində yazıçımızın pasportunu göstərdi mənə bələdçi Dilbər xanım. Qeyd etdi ki, yazıçının vəfatından sonra ailəsi pasportu da digər şəkillərlə birgə muzeyə bağışlayıblar.
Mir Cəlalın pasportunda yazıldığına görə, o, 1908-ci ildə Gəncə şəhərində doğulub. Düşündüm: “Yəqin dövrün hansısa tələbinə uyğun olaraq belə yazılıb…” Amma nə yalan deyim, o pasportda yazıçımızın Gəncədə doğulması faktını oxumağım belə, məni sevindirdi. Mir Cəlal Gəncəni sevib, gəncəlilər də daim onun hörmətini saxlayıb. Bu gün belə, xatirəsinə ehtiram göstərilir, pedaqoq Mir Cəlalın da, ədib Mir Cəlalın da mirasının qədri bilinir.
Hər şəkildə ədibin ömrünün bir anı əbədiləşmişdi. Və mən o anın əvvəlində-sonrasında yaşanan şərəfli ömrə səyahət etdiyimi düşünür, mütəəssir olurdum. Bir şəkil çərçivəsindən boylanan gözəl qadının qarşısında dayandım. İri gözlü, gur saçlı, al yanaqlı, zərif qadının baxışlarından kübarlıq yağırdı. Mir Cəlalın həyat yoldaşı Püstə xanım idi o; xanım-xatın, əsl Azərbaycan xanımı, gözəl ana! Püstə xanımın şəklinə diqqətlə baxır, gözümü çəkəmmirdim… Bu möhtəşəm qadın Vətənə layiqli övladlar böyütdü, Azərbaycan cəmiyyətinə beş alim bəxş etdi: Arif, Hafiz, Elmira, Ədibə və Aqil. Azərbaycan elmində onların böyük rolu var.
Nəvələr nənələrin nağıl bulağından su içərək öyrənirmiş dünyanın rənglərini. Püstə xanımın gözəl, tərbiyəli, humanist nəvələri indi böyük hörmət və nüfuz sahibidirlər. Ömür yollarında yoldaşı idi Püstə xanım Mir Cəlalın. Son günədək ədibin ən yaxın dostu, ilk oxucusu, ömrünün dayağı olub. Birlikdə çəkdirdikləri şəkillərdə bir-birinə olan sevgiləri, ehtiramları görünürdü.
Mir Cəlal daim öz oxucuları ilə ünsiyyətdə idi. Onların qəlbinə təkcə yazıları sayəsində deyil, insanlığı, dərdlərinə yanmağı, həmdərdlərinə, xilas yollarına çevrilməyilə də yol tapmışdı. Vaxtilə müəllimi olduğu insanlar, oxucuları daim ədibi yad edir, tez-tez Gəncədəki ev muzeyinə baş çəkir, Fəxri Xiyabandakı (Bakı) məzarını ziyarət edirlər.
Şəkillərdə Azərbaycan Yazıçılar Birliyində çıxış edən, eləcə də, müxtəlif tribunalardan sözünü açıqca söyləyən Mir Cəlalı da görmək olur. Qələm dostlarından əksəriyyəti də ədibin şəkillərində onun yanındadır. Səməd Vurğunla olan dostluğu ədəbiyyat adamlarına əsl nümunədir. Dostcanlı, mehriban, hamının köməyinə çatmağa tələsən insan olub Mir Cəlal Paşayev.
Ev muzeyində yazıçımızın əlyazmaları, kitabları, medalları, eləcə də, bütün təltifləri sərgilənir. Kitablardan bəzilərinin adını ucadan oxudum: “Dağlar dilə gəldi”, “Şəfəqdən qalxanlar”, “Silah qardaşları”, “Seçilmiş əsərləri”. Bu vaxt nəzərimi ədibin portret-xalçası cəlb edir. Xalçanın sənət əsəri kimi dəyərinin ölçüsüzlüyü bir yana, milli qürurumuz olan yazıçımızın portretinin bu cür dəqiqliklə işlənməsi məni heyrətə saldı.
Muzeydə Mir Cəlalın gəlini, Respublikanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli ərəbşünas alim Aida xanım İmanquliyevanın da şəkli var. Onun şəklinə baxa-baxa ürəyimdən keçən bu idi: “Tanrı Aida xanımı xoş vaxtında yaradıbmış… Və Tanrı yaratdığı bu gözəllikdən özü də məmnun imiş…” Çox kübar və çox gözəl qadın idi.
Mir Cəlal Paşayevin nəvələri ilə olan şəkilləri muzeyin abu-havasına nəşə qatırdı. Bu xoşbəxt ailə şəkillərinə baxmaq belə, insanın əhval-ruhiyyəsini yüksəltməyə yetirdi. Oğlu Arif müəllimin, Hafiz müəllimin və qızlarının uşaqlıq və gənclik şəkillərini, həmçinin nəvələri Mehriban xanımın, Nərgiz xanımın uşaqlıq şəkillərini seyr etməkdən doymurdum. Hətta nəticələrinin şəkillərini də gördüm: Leyla, Arzu, Aida, Ülviyyə...
Cənab Prezident İlham Əliyevin və Ulu Öndər Heydər Əliyevin də şəkilləri var bu muzeydə.
Xoş enerjili ailə şəkillərinin arasında Mir Cəlalın qaynanası, Püstə xanımın anası Gözəl xanımın da şəkli var. Kəlağayılı, nur simalı qadının saçlarındakı bəyazlıq məsumluqla müdrikliyin vüsal dəmiydi…
Muzeyi dolandıqca hiss edirdim ki, buradakı ab-hava məni məndən alır, zaman sərhədlərini aşır. Elə bil, ədibin həmdövrü olmuş, onun evinə Tanrı qonağı kimi gəlmişdim. Əşyalarda, hətta divarlarda belə, doğmalıq vardı. Cazibəsinə qapıldığım məkanda olmağın ruhuma qatdığı məğrurluğu doya-doya yaşayırdım. Bir sözlə muzeyin ab-havası məni valeh etmişdi. Çox qürurlu idim ki, bu gün burda idim. Sonda divardan asılan nəsil şəcərəsinə baxdım, daha sonra ətrafa yenidən göz gəzdirdim.
Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyat tarixində özünəməxsus iz qoymuşdur. Müxtəlif dillərdə nəşr edilən əsərləri bu gün də maraqla oxunur. Hələ uşaqlıqdan Mir Cəlal Paşayevin əsərləri mütaliə proqramımım bir hissəsi olub.
Onun "Nazik mətləb" əsərini çox bəyənirəm. Dəfələrlə bu əsər əsasında çəkilən filmi də izləmişəm televiziyada. Filmdə tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edən, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.
"Bir gəncin manifesti" romanını da sevirəm. Dəfələrlə oxumuşam. “Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də yazıçının müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Ümumiyyətlə, Mir Cəlal müəllimin yaradıcılığı zəngindir: qələmindən çıxan hər bir yazını dəfələrlə oxumaq istəyirsən...
Bakı-Gəncə yolunda Mir Cəlal Paşayevin ev muzeyində hansı hissləri keçirəcəyimi xəyal etmişdim. Qapıdan çıxaçıxda gülümsədim: möhtəşəm təəssüratla ayrılırdım bu məkandan. Ədibin adına, yaradıcılıq zirvəsinə layiq idi ev muzeyi, onun bir Azərbaycan müəllimi, yazıçısı, atası, babası kimi əzəmətini duydum hər eksponatda, muzeyin daxilində atdığım hər addımda.
Muzeylə üzbəüz olan evə-ədibin bir zamanlar ailəsi ilə birgə yaşadığı evə də baxdım. Açıq darvazadan güllü-çiçəkli həyət görünürdü. O açıq qapıdan içəri girməyə ürək eləmədim, düzdür, amma əmin olduğum düşüncələr dilimdən töküldü: “Ədib indi orada yaşasaydı eşiyə çıxar, məni içəri dəvət edər, bir oxucusu, bir gənc yazar kimi mənimlə həmsöhbət olardı. Sadəlik Paşayevlərin ailə mirasıdır...”
Bakıya qayıdan kimi, Mir Cəlal Paşayevin məzarını da ziyarət etdim... Sinə daşının üzərinə düzdüyüm çiçəklərlə bütün həmyaşıdlarımın Mir Cəlal yaradcılığına olan ehtiramını göstərdim.
Mir Cəlal Paşayevin gözəl ev muzeyinə görə ilk növbədə ədibin ailəsinə təşəkkür düşür. Bir jurnalist, bir yazar kimi bu muzeyi çox bəyəndim. Azərbaycan ədəbiyyatının zirvələrindən olan Mir Cəlalın adının əbədiləşdirilməsi yönündə atılan addımlardan biridir Gəncədəki ev muzeyi. Növbəti səfərlərimdə də bu məkana baş çəkmək niyyətindəyəm.
Yaşadığım o təəssüratın hər jurnalistə, hər yazıçıya nəsib olması diləyilə!
Leyla Turan.